Əsas Səhifə > Dünya > “MAVİ AXIN” DURDUMU?

“MAVİ AXIN” DURDUMU?


3-10-2011, 11:58
“MAVİ AXIN” DURDUMU?

TÜRKİYƏ RUSİYA İLƏ DİL TAPA BİLİB

Türkiyənin Rusiya ilə imzaladığı və bu günlərdə imtina etdiyi qaz müqaviləsinin detalları məlum olub.

“APA-ECONOMICS”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu, Ukrayna, Rumıniya və Bolqarıstan ərazisindən keçən və “Qərb marşrutu” adlanan qaz kəməridir.

Türkiyə ilə Rusiya arasında “Qərb marşrutu” üzrə müqavilə 1986-cı ildə imzalanıb. Bu ilin dekabr ayında müqavilənin müddəti bitir. Bundan başqa, Türkiyə Rusiyadan daha bir kəmər - Qara dənizin dibindən keçən “Mavi axın” vasitəsilə birbaşa qaz alır.

Türkiyənin Rusiya ilə qaz müqaviləsinə xitam verdiyini açıqlayan enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, bu addım Türkiyə-Rusiya münasibətlərinə təsir etməyəcək: “Buna sırf iqtisadi baxımdan yanaşmaq lazımdır. Biz qiymətlərin aşağı salınmasını istədik, onlar bundan imtina etdilər. Ona görə də müqaviləni bitirmək məcburiyyətində qaldıq. Müddəti bitən bütün müqavilələri bir-bir yenidən nəzərdən keçirəcəyik. Əhəmiyyətli endirim görməsək, müqavilələrin müddətini uzatmayacağıq”.

Qeyd edək ki, bu ilin mart ayında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevlə apardığı danışıqlar nəticə verməyib. Türkiyə Rusiyadan ildə 30 mlrd. kubmetr qaz alır ki, bu da ölkənin mavi yanacağa olan tələbatının 64%-ni təşkil edir. Bunun 14 mlrd. kubmetri “Qərb marşrutu”nun, 16 mlrd. kubmetri “Mavi axın”ın payına düşür. Amma ötən il qlobal böhranın Türkiyə iqtisadiyyatına təsiri nəzərə alınaraq Rusiyanın “Qazprom” şirkəti bu ölkəyə 18,01 mlrd. kubmetr qaz nəql etməyə razılaşıb.


Geri qayıt