Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT TİKİNTİ SEKTORUNA ƏL QOYUR

HAKİMİYYƏT TİKİNTİ SEKTORUNA ƏL QOYUR


9-02-2012, 12:18
HAKİMİYYƏT TİKİNTİ SEKTORUNA ƏL QOYUR

İNŞAAT BİZNESİ İNHİSARÇILARIN ƏLİNƏ KEÇİR, EVLƏRİN QİYMƏTİ QALXACAQ

DİA.AZ: - Artıq hansısa tikinti şirkətinin vətəndaşları aldatmsı bir ənənə halını alıb. Fırıldaq yolu ilə pulları mənimsənilən vətəndaşlar isə Prezident Administrasiyası başda olmaqla, bütün aidiyyatı olan dövlət qurumlarının qarşısını yağır ediblər. «GEN» MMC-nin «qurbanları» gedir, «MUR-AY» çılar gəlir… Onlar gedir və bir başqaları gəlir. Bir sözlə, dövlətin nəzarətsiz buraxdığı bu istiqamətdə durum çox acınacaqlıdır.

Əslində problemin qaynağı da elə dövlətin özüdür. Hər halda, ölkədəki inşaat firmalarının demək olar ki, başlı-başına buraxılması, onların vətəndaşlarla təmas proseslərinin üzərində heç bir dövlət nəzarətinin olmaması yekunda mövcud biabırçı şəraitin ərsəyə gəlməsinə nədən olub. Digər yandan da, həmin fırıldaqçı şirkətlərin əksəriyyətinin arxasında oliqarx-məmurların dayanması da sözügedən situasiyada səbəbkar faktor kimi çıxış etməkdədir. Yəni özlərini əmin hiss edən şirkət sahibləri hüquqi məsuliyyətdən yaxa qurtaracaqlarını bildiklərindən bir evi hətta 15 ayrı adama satmağa da qalxırlar ki, bu kimi hallara dəfələrlə rast gəlinib.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) Nazirlər Kabinetindəki məlumatlı dairələrdən ötürülən informasiyalardan isə aydın olur ki, əslində neçə müddətdir ki, hökumətin müvafiq qurumları sözügedən problemin aradan qaldırılmsı istiqamətində iş aparırlar. Əslində bu müstəvidəki gərginliyin enində-sonunda hakimiyyətin üzərində qalması da bir faktdır. Bir yandan yüzlərlə aldadılmış şəxs üzləşdikləri problemin baiskarı kimi hakimiyyəti gördüklərindən narazı eloktorata çevrilirlər, digər yandan da onlara dəymiş ziyanın ödənilməsi də hökumətin boynunda qalır.

Məlumatlı mənbəmiz isə bildirir ki, məhz bu kimi səbəblərə görə, inşaat firmaları ilə bağlı prosedurların sərtləşirilməsinə tədarük görülür: «Əslində burada başqa bir maraq da var. Söhbət inşaat sektorunun inhisarçıların əlinə keçməsindən gedir. Amma vətəndaşlar üçün bir uduşlu məqam var ki, artıq dövlətin tam nəzarəti altına keçəcək bu sektorda fırıldaqların qarşısı alınacaq».

Mənbəmiz bildirir ki, həm tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq icazə tələblərinin sərtləşdirilməsi nəzərdə tutulur, həm də iş görmək istəyən firmalar üçün xüsusi ağırlaşdırılmış standartlar tətbiq ediləcək: «Bu zaman qiymətlərin qalxması təbiidir. Amma yenə də vətəndaşa sərf edəcək bir durum yaradılacaq. Bir var ki pulunu kimlərsə mənimsəyəcək və bunun müqabilində heç nə almayacaqsan, bir də var ki baha da olsa, ev və yaxud da obyekt sahibi ola biləcəksən».


Geri qayıt