Əsas Səhifə > Sosial, Manşet > İSMƏT ABBASOVUN BİZNESİ ÇÖKÜR

İSMƏT ABBASOVUN BİZNESİ ÇÖKÜR


9-02-2012, 11:41
İSMƏT ABBASOVUN BİZNESİ ÇÖKÜR

BƏZİ DİASPORA TƏŞKİLATLARI ARTIQ NAZİRDƏN ÜZ DÖNDƏRMƏYƏ BAŞLAYIBLAR

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanda bəzi məmurların öz bizneslərini və pullarını xaricə köçürməklə bağlı mətbuatda dəfələrlə yazılmışdı. O da bildirilmişdi ki, həmin şəxslərin əsas biznes mərkəzləri Türkiyə və Avropanın inkişaf etmiş ölkələridir. Onların bu addımlarının yalnız bir səbəbləri var. Həmin şəxslər öz sərvətlərini və bizneslərini xarici ölkələrə köçürməklə bir növ hakimiyyətin gözündən yayınmaq istəyirlər.

Həmçinin, həmin məmurlar bu işdə xaricdə yaşayan Azərbaycan nümayəndəliklərinin köməyindən də istifadə edirlər. Məhz onların yardımı sayəsində bizneslərini quran məmurların bir qismi həmin şəxslərlə daha yaxından münasibət qururlar. Etdikləri yardım müqabilində biznesmen məmurlar həmin lobbi nümayəndələrinə hakimiyyətdən dəstək verirlər.

Bu biznesmenlər arasında nazirlər üstünlük təşkil edir. Onların əsas biznes sahəsi turizm hesab olunur və sərmayələrini də bu sahəyə yatırırlar. Türkiyənin Aralıq dənizi sahillərində yerləşən istirahət mərkəzlərinin əksəriyyətində azərbaycanlı məmurlara məxsus biznes şəbəkələri mövcuddur. Həmin biznes şəbəkələrinin əksəriyyətini otellər təşkil edir. Aldığımız məlumata görə, həmin məmurlar öz bizneslərini də ölkə rəhbərliyindən mümkün qədər gizli tutmağa çalışırlar. Belə nazirlərdən biri də kənd təsərrüfatı naziri İsmət Abbasovdur.

Bu gün Kənd Təsərrüfatı Nazirliyi və onun rəhbəri İsmət Abbasovun başının üzərində qara buludlar əsir desək, yəqin ki, yanılmarıq. Artıq kənd təsərrüfatı sektorunda baş verən neqativ hallar mətbuatda geniş şəkildə işıqlandırılmaqla nazirin də işi çətinə düşüb. Eyni zamanda, nazirin bir çox işlərinin üstünün açılması da onun əleyhinə işləməyə başlayıb. Həmin işlərdən biri də Abbasovun xaricdəki biznes şəbəkəsi ilə bağlıdır.

Deyilənlərə görə, nazirin xaricdə böyük biznes şəbəkəsi mövcuddur. Azərbaycanın kənd təsərrüfatını bərbad günə salan İsmət Abbasovun hansı pullarla özünə xaricdə biznes şəbəkəsi qurması məlum deyil. Həmçinin bildirilir ki, nazirin qardaş ölkədə kifayət qədər biznes ortaqları var və ona bu işdə həmin insanlar yardım göstərirlər.

Digər tərəfdən, İsmət Abbasovun xarici ölkələrdə, əsasən MDB məkanında bir neçə şərab zavodları da fəaliyyət göstərir. Hətta bu işdə ona öz yaxın qohumları kömək edirlər. Çünki İsmət Abbasov özünün xaricdəki biznesini başqasına etibat etməkdən çəkinir.

Məhz bu şərab biznesi hakimiyyət daxilində ona qarşı güclü müqavimət formalaşdırıb. Həmçinin Abbasovun başının Bakıdakı şərab zavodlarından birini ələ keçirmək üstündə ağrıdığı haqda məlumatlar var. Həmin məlumatlarda deyilir ki, İsmət Abbasov həmin vaxt yüksək çinli və güclü bir nazirlə üz-üzə gəlməli olub. Əlindəki imkanları yetərli qədər dəyərləndirə bilməyən KTN başçısı da məhz buraxdığı səhvlər üzündən qarşısındakı rəqibinin gücünü hesablaya bilməyib. Nəticədə onun istəyi özünə qarşı çevrilməyə başlayıb ki, hazırda da o, bunun ağrısını çəkməkdədir.

Onu da qeyd edək ki, bir müddət əvvəl İsmət Abbasovun vəzifəsindən gedəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Hətta bildirilirdi ki, onun həbs olunmaq ehtimalı da var. Ola bilsin ki, nazir öz sərvətini qorumaqdan ötrü xarici ölkələrə üz tutmağa çalışır.

Bir sözlə, nazir İsmət Abbasovun xaricdəki biznesi təhlükə altındadır. Mümkün qədər bunu gizli saxlamağa çalışsa da, görünür, ona bu işdə yardımçı olanlar arasında narazılar mövcuddur.


Geri qayıt