Əsas Səhifə > Cəmiyyət > MİNGƏÇEVİRLİ MANYAK GÜNAHINI ETİRAF ETDİ

MİNGƏÇEVİRLİ MANYAK GÜNAHINI ETİRAF ETDİ


8-02-2012, 19:03
MİNGƏÇEVİRLİ MANYAK GÜNAHINI ETİRAF ETDİ

HÜSEYN DADAŞOV OĞURLADIĞI QIZILLARI QAYTARIB

2012-ci il fevralın 7-də Mingəçevir şəhərində, yaşadıqları mənzildə 12 yaşlı Pərvin Beydullayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb, bacısı - 14 yaşlı Pərvanə isə bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən çərşənbə günü Trend-ə verilən məlumata görə, şəhər prokurorluğu və şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən birgə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş şəhər sakini, 1989-cu il təvəllüdlü Hüseyn Dadaşov tutularaq istintaqa cəlb olunub.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Dadaşov həmin gün saat 14:00 radələrində əvvəldən tanıdığı Beydullayevlərin mənzilinə daxil olub, Pərvin və Pərvanənin əllərini bağlayaraq evdə olan 7 manat 40 qəpik pulu və qızıl-zinət əşyalarını götürüb. Bundan sonra o, mənzilin hamam otağında bıçaqla Pərvinin boğaz nahiyəsini kəsərək öldürüb, Pərvanəyə isə bıçaqla bir neçə zərbə endirərək onların öldüyünü yəqin etdikdən sonra mənzili tərk edib.

İstintaq zamanı Dadaşov törətdiyi cinayət əməlini etiraf etməklə mənzildən götürdüyü qızıl-zinət əşyalarını həmin binanın girişindəki gizlətdiyi yeri göstərib və əşyalar hal şahidlərinin iştirakı ilə götürülüb.

Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Geri qayıt