Əsas Səhifə > Ölkə, Manşet > FARS-MOLLA REJİMİ MƏTBUATIMIZI HƏDƏFƏ ALDI
FARS-MOLLA REJİMİ MƏTBUATIMIZI HƏDƏFƏ ALDI10-12-2013, 13:38 |
ONLAR DEYİR Kİ, MÜNASİBƏTLƏRİMİZ GÜL İMİŞ… DİA.AZ: - Bir neçə gün əvvəl İran-Azərbaycan sərhəddində baş verən insident həm də İranın xüsusi xidmət orqanları üçün əlavə bir fürsət də yaratmış oldu. Xatırladaq ki, insident zamanı Azərbaycanın dövlət sərhəd xidmətinin bir zabiti həlak olmuş, daha iki zabiti isə yaralanmışdı. Və ən maraqlısı isə o idi ki, İran tərəfi insidentə iştirakının olmadığını israr etməklə yanaşı, öz mediasında çaşdırıcı xəbərlər də yaymağa başladı. Söhbət İranın sərhəd qoşunlarının komandanı general Hüseyn Zülfüqarinin köhnədən verilən açıqlamasının təkrarən yayınlanmasından gedir. DİA.AZ bildirir ki, Hüseyn Zülfüqarinin məlum köhnə açıqlaması məhz hadisə baş verən gün «arannyus» portalında yer aldı. Və bu fakta söykənən DİA.AZ, həmçinin digər Azərbaycan mətbu orqanları da Zülfüqarinin məlum açıqlamasını «yeni məlumat» kimi təqdim olunduğunu görüb, rəsmi Tehranın mövqeyi kimi təkrar yayınladı. Amma maraqlı orasıdır ki, İranın Azərbaycandakı səfirliyi Hüseyn Zülfüqarinin belə bir açıqlamasının olmadığını bəyan etdi. Və bunda Azərbaycan mətbuatı sanki günahkar kimi təqdim olundu. Əsl günahkarın isə İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olduğu şübhə doğurmayan və illərdir antiAzərbaycan mövqeyi ilə diqqətə gələn «arannyus» portalının olması faktı isə nədənsə səfirliyin olaya verdiyi reaksiyada unuduldu. Biz isə buna rəğmən bir daha təkrarladıq və səfirliyə baş verənləri xatırlatdıq. Lakin yenə də möhtərəm diqqətə layiq görülmədik. Əvəzində həmin «arannyus» portalı bizi qeyri-peşəkarlıqda ittiham edərək köhnədən verilən açıqlamaya istinad etməyimizi iddia etdi. Daha özləri etiraf etmədilər ki, DİA.AZ məhz onlara istinadən bu məlumatı yayıb və güman edib ki, əgər əslində bir neçə əvvəl verilmiş bu xəbəri «arannyus» portalı təkrar dövriyyəyə buraxırsa, deməli, yenidir. Çünki həmin gün İran tərəfi sərhədlə bağlı ümumiyyətlə, susduğundan rəsmi Tehranın mətbuatda mövqeyinin ifadəsinə zərurət var idi… Bildirək ki, «arannyus» portalı DİA.AZ-ı bu məsələdə qeyri-peşəkar adlandırmağa qalxıb və iddia edir ki, guya bizlər İran-Azərbaycan münasibətlərini pisləşdiririk. Hər halda, «arannyus»un bu iddialarını oxuyanda gülməmək olmur. Ona görə ki, birincisi, «İran-Azərbaycan münasibətləri» deyilən anlayışı son iki ildə məhz «arannyus» portalı kimilər elə bir bərbad hala salıb ki, kiminsə təkrarən bu münasibətlərə «xələl gətirməsi» zərurəti mövcud deyil. Hər halda, iki gündən bir Azərbaycan dövlətini və Azərbaycan dövlətinin nüfuzlu simalarını aşağılayan sizlərsiniz. Bundan əlavə, hanı o dediyiniz, iddia etdiyiniz GÖZƏL MÜNASİBƏTLƏR?! Məgər rəsmi Tehran münasibətmi qoyub? Sizin parlamentinizdə Azərbaycan dövlətinin əleyhinə az qala hər gün kəlmə kəsilir. Əslində Azərbaycan torpaqlarının parçalanması ilə nəticələnən köhnənin sazişlərinə dönüşlə imitasiyalar edərək üstümüzə gələnlər də sizlərsiniz. Və ən əsası, bu gün Azərbaycanın - MÜSƏLMAN VƏ HƏM DƏ ŞİƏ AZƏRBAYCANIN torpaqlarını vəhşiliklər hesabına, minlərlə müsəlmanın qanını axıdaraq işğal etmiş düşmən Ermənistanın yanında dayanan, yanı nədir, arxasında dayanıb, üzərimizə yerimələri üçün ürək-dirək verənlər də sizlərsiniz. Odur ki, əziyyət çəkib, «DİA.AZ İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİ KORLAYIR» kimi absurd iddialara düşməyin… Olan şeydən danışın… Geri qayıt |