Əsas Səhifə > Siyasət, Manşet > FİZULİ ƏLƏKBƏROVUN TƏQİBİ İLƏ BAĞLI «DUR» QƏRARI GƏLDİ

FİZULİ ƏLƏKBƏROVUN TƏQİBİ İLƏ BAĞLI «DUR» QƏRARI GƏLDİ


10-12-2013, 09:56
FİZULİ ƏLƏKBƏROVUN TƏQİBİ İLƏ BAĞLI «DUR» QƏRARI GƏLDİ
SƏLİM MÜSLÜMOV KEÇMİŞ NAZİRİ HƏBS ETDİRMƏK İSTƏYİRDİ, AMMA OLMADI

DİA.AZ: - Bir neçə gün əvvəl hətta həbs oluna biləcəyi haqda xəbərlər yayılan əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş Fizuli Ələkbərovla bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Bilgili qaynaqlardan əldə etdiyimiz informasiyaya görə, özünün Bakıdakı biznesini belə məhdudlaşdırmaq zorunda qalan Fizuli Ələkbərovla bağlı situasiya dəyişkənliyi baş verib.

Mənbənin DİA.AZ-a söylədikləri: «Əslində Fizuli Ələkbərov hakimiyyət üçün heç də hansısa formada mənfilik gətirən bir fiqur olmayıb. Və onun hakim düşərgədən çıxdaş edilməsi də sırf olaraq İsmayıllıda baş verən hadisələrin fonunda baş verdi. Təbii ki, həmin olaylara görə Fizuli Ələkbərov da bilavasitə məsuliyyət daşıyırdı, amma birbaşa olaraq keçmiş nazirin bu prosesdə hansısa formada maraqlı tərəf kimi çıxış edə biləcəyi də istisna olmaqla yanaşı, həm də bu olaylar normalda onun bu şəkildə sərt cəzaya layiq görülməsini də o qədər də vacib etmirdi.

Amma vəziyyət heç də hesablanan kimi olmadı. Və rəqibləri ələ düşən fürsəti dəyərləndirərək Fizuli Ələkbərovun yola salınmasına nail oldular. Və buna paralel olaraq zamanında mərhum prezident Heydər Əliyevin «stavka» etdiyi Ələkbərov qardaşları birdəfəlik olaraq hakim komandadan qovuldular. Hətta Fizuli Ələkbərovun qardaşı, İsmayıllıda icra başçısı olmuş, Mingəçevirin sabiq deputatı olan Nizami Ələkbərovun yenidən hansısa vəzifəyə irəli çəkilməsi belə əngəlləndi».

Mənbəmiz iddia edir ki, halbuki əvvəlindən belə bir ideya mövcud idi və seçkilərə qədər qardaşına «bəraət almağa» çalışan Fizuli Ələkbərov bununla öz mövqelərini də qorumağa çalışırdı: «Amma bu, alınmadı. Məsələ ictimailəşdi. Məqsədli şəkildə mətbuata ötürüldü və Fizuli Ələkbərov nəinki qardaşını vəzifəyə gətirə bilmədi, hətta öz mövqelərini belə qorumağa müvəffəq olmadı».

Son günlər indiki nazir Səlim Müslümovun Fizuli Ələkbərova qarşı kompramatlar toplaması faktına da diqqət aıran mənbəmiz bildirir ki, əslində burada Fizuli Ələkbərovun açıq şəkildə təqibi də hiss olunur: «Təbii ki, belə bir situasiya da ümumiqtidar maraqları baxımından əlverişli hesab oluna bilməz. Çünki əgər hansısa nazirin vəzifəsindən alındıqdan sonra təqibi siyasəti həyata keçirilirsə, bu hal digər məmurların özlərində də ümumi baxımdan təhlükəli ovqat yarada bilər. Və yarana biləcək inamsızlıq təəssüratları nəhaətdə hakimiyyətin öz işini çətinləşdirəcək».

Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən Səlim Müslümova təqibləri durdurması barədə göstəriş verilib: «Yəni proses mütləq dayandırılmalıdır. Əks halda fərqli bir effektlə hakimiyyət üz-üzə qalıb, narahat vəziyyətə düşə bilər».

Geri qayıt