Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "BAKI TİKİNTİ MATERİALLARI" ASC XƏSTƏLİK YAYIR

"BAKI TİKİNTİ MATERİALLARI" ASC XƏSTƏLİK YAYIR


9-12-2013, 10:58
"BAKI TİKİNTİ MATERİALLARI" ASC XƏSTƏLİK YAYIR
Bu ilin oktyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) «Bakı Tikinti Materialları» Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Ramiz Həsənovu cərimələdi. Belə ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən "Bakı Tikinti Materialları" ASC-yə məxsus kərpic istehsal edən zavodun fəaliyyəti nəticəsində atmosfer havasının çirklənməsi ilə bağlı daxil olmuş şikayət məktubu araşdırılıb.

Araşdırma zamanı kərpic zavodunun fəaliyyəti zamanı mövcud qaz-toz tutucu qurğuların istismar qaydalarının ciddi surətdə pozulması səbəbindən atmosfer havasının normadan artıq çirklənməsinə yol verildiyi, tikinti tullantılarının düzgün idarə olunmadığı müəyyən edilib. Bununla yanaşı, şikayət məktubunda zavodun ətraf ərazilərində tikinti materiallarının satılması, ərazinin qum və daş bazarına çevrilməsi kimi göstərilən məlumatlar da araşdırılıb. Araşdırma zamanı Səhmdar Cəmiyyətə məxsus ərazinin ayrı-ayrı fiziki şəxslərlə bağlanmış müqavilə əsasında tikinti materiallarının pərakəndə satışı üçün icarəyə verildiyi, qum və çınqılın geniş ərazidə səpələnmiş halda açıq havada yerləşdirildiyi, nəticədə küləkli hava şəraitində tozun göyə sovrularaq ətraf ərazilərə yayıldığı qeydə alınıb.

Qeyd olunan faktlarla bağlı ASC-nin İdarə Heyətinin sədri Ramiz Həsənovun üzərinə protokol tərtib edilib, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2500 manat məbləğində cərimə olunub. Eyni zamanda, müəssisəyə məxsus ərazinin bir hissəsinin şəhərin müxtəlif yerlərindən gətirilən istehsalat, təmir-tikinti və qismən də məişət tullantıları ilə doldurularaq qeyri-qanuni tullantılar poliqonuna çevrildiyi müəyyən edilib. Nazirlik ASC rəhbərini cərimələsə də, Ramiz Həsənov qanundan kənar əməllərini davam etdirməkdədir. Yeni Günəşli qəsəbəsində yaşayan sakinlərdən aldığımız məlumatlara görə, nazirlik cərimə tətbiq edəndən sonra kərpic zavodunun rəhbəri burda fəaliyyət göstərən daş və qum bazarını başqa əraziyə köçürüb. Bazarın yerləşdiyi hazırkı sahə isə «AB» yaşayış sahəsi 157-ci binanın bir neçə metrliyindədir. Sakinlərin əməkdaşımıza dediyinə görə, küləkli hava şəraitində, eləcə də adi günlərdə evlərində rahat otura bilmirlər. Narazı vətəndaşlar bildirir ki, daş və qum bazarında, o cümlədən yaxınlıqdakı çınlıq müəssisəsində satılan tikinti materiallarının toz-torpağı onların evinə dolur. Bununla yanaşı, bina sakinləri vərəm təhlükəsi ilə üz-üzə qaldıqlarını söyləyiblər: «Binada yaşayan bir qrup sakin adından «Gündəlik Bakı» qəzetinin redaksiyasına şikayət məktubu göndərəcəyik. Bizim şikayətimizi heç kim araşdırmır. Ümidimiz sizə qalıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri bazarın qanunsuz fəaliyyət göstərdiyini bildirir, amma buranın bağlanması üçün müvafiq tədbirlər həyata keçirilmir.

Binada iki yüzdən çox ailə yaşayır. Bazarın bütün tozu bizim ciyərlərimizə gedir. Kimsə burda pul qazanacaq deyə biz ölməliyik?». Məlumatı araşdırmaq üçün «Bakı Tikinti Materialları» ASC-nin sədri Ramiz Həsənovla əlaqə saxladıq. Ramiz müəllim bildirdi ki, rəhbərlik etdiyi kərpic zavodu 1952-ci ildən fəaliyyət göstərir: «Zavod fəaliyyətə başlayanda heç o bina yox idi. Yaxşısı budur siz şikayət edən sakinlərin məktubunu da götürüb bura gələsiniz və məsələni yerində araşdıraq». Bu fikirləri deyəndən sonra cəmiyyət sədri dəstəyi üstünə qoydu. Biz Ramiz Həsənova demək istəyirik ki, əməkdaşlarımız yaxın günlərdə qeyd olunan əraziyə baş çəkib geniş reportaj hazırlayacaqlar.

Şikayət edən sakinlərin məktubunu da ona göstərəcəyik. Bəziləri kimi başqa məqsədlər güdmürük. Hər hansı vətəndaş üzləşdiyi problemlə bağlı redaksiyamıza müraciət edirsə, bunu araşdırmaq borcumuzdur. ASC sədrinə bir sualımız olacaq. O, nəyin əsasında dövlətin balansında olan zavodun ərazisini sahibkarlara icarəyə verib? Hazırlayacağımz reportajda buna da toxunub yerli bələdiyyə işçilərinin Ramiz Həsənovla işbirliyindən yazacağıq. Sonda aidiyyəti dövlət orqanlarından xahiş edirik ki, ASC sədrinin özbaşına əməllərinin qarşısını alsınlar.

Geri qayıt