Əsas Səhifə > Siyasət, Manşet > RƏSMİ BAKIDAN İRANA QARŞI SÜRPRİZ TƏDBİRLƏR

RƏSMİ BAKIDAN İRANA QARŞI SÜRPRİZ TƏDBİRLƏR


6-12-2013, 12:39
RƏSMİ BAKIDAN İRANA QARŞI SÜRPRİZ TƏDBİRLƏR
FARS-MOLLA REJİMİNİN AZƏRBAYCANDAKI İQTİSADİ QOLLARI BUDANIR

DİA.AZ: - «İran-Azərbaycan münasibətlərində hər hansı baxımdan yaxınlaşma artıq imkansız kimi görünür. Son prezident seçkiləri ərəfəsində isə münasibətlər daha da gərilib. Artıq həm Bakıda və həm də Tehranda anlayırlar ki, qonşuluqlarını sürdürmək zorundadırlar. Amma bu qonşuluqdan kiminsə faydalanması imkansızdır». Bu məlumatı DİA.AZ-a çatdıran diplomatik mənbə iddia edir ki, bu gün İranın Azərbaycandakı səfirliyi də daxil onun diplomatik uzantılarının hamısı demək olar ki, Azərbaycan əleyhinə kəşfiyyat yuvası kimi fəaliyyət göstərir.

Mənbənin söylədikləri: «Əslində Azərbaycanın xüsusi xidmət orqanlarında hər zaman iranlı diplomatların əslində xüsusi missiya ilə Azərbaycana göndərilməsilə bağlı informasiyalar olub. Və bu sarıdan ciddi nəzarət mövcuddur. Amma vəziyyət elə bir həddədir ki, hətta ifşa olunan iran agentinin belə Azərbaycanda uzun müddətə həbsdə tutulması imkansızdır».

Mənbəmiz son olayları da xatırladaraq əlavə edir ki, zaman-zaman Azərbaycanda özünün xəfiyyə şəbəkəsini formalaşdıran rəsmi Tehran hətta mərhum prezident Heydər Əliyevin zamanında Azərbaycan dövlətindən ilginc bir xahişdə də bulunmuşdu: «Məlumdur ki, İranın Azərbaycandakı səfirliyinin əsas binası metronun «İçərişəhər» stansiyasının yaxınlığındadır. Yəni düz Bakının mərkəzində. Amma nədənsə İran tərəfinə mərkəzdə qərarlaşmaq sərf etmədiyindən onlar dəfələrlə, xüsusən də mərhum prezident Heydər Əliyev iqtidarı zamanı səfirliklərinin köçürülməsi, bunun üçün Bakı ətrafında yeni səfirliyə torpaq sahəsinin ayrılması üçün müraciətlər ediblər. Amma rəsmi Bakı hər dəfəsində İranın bu xahişlərini qulaqardına vurub.

Əslində İran kimi ölkələrin gözdən-könüldən iraq ünvanlara maraq göstərməsi səbəbsiz deyil. Doğrudur, səfirlik binası hətta mərkəzdə olsa belə, vəziyyəti ciddi şəkildə dəyişmir. Amma rəsmi Tehranın arzuladığı forma Azərbaycan üçün daha da problemli məqam olduğundan bu xahişlərə rədd cavabı verilib»,

Mənbəmiz xatırladır ki, İranla Azərbaycan arasında bu günə kimi təxminən eyni məzmunlu 3 dəfə müqavilə imzalanıb: «Bu müqavilələrdən ikisi mərhum prezident Heydər Əliyevin dönəmində, biri isə prezident İlham Əliyevin dönəmində imzalanıb. Razılaşmada qeyd olunub ki, hər iki ölkə nəinki bir-birinin əleyhinə kəşfiyyat fəaliyyəti aparmır, həm də ərazisini 3-cü bir ölkəyə verərək, kəşfiyyat işlərini həyata keçirməsinə şərait yaratmır. Yəni müqavilə diqtə edir ki, İran öz ərazisindən Azərbaycan əleyhinə, Azərbaycan da öz ərazisindən İran əleyhinə kəşfiyyat üçün istifadəni qadağan etməlidir.

Amma bu müqavilə işlək vəziyyətdə deyil. Elə eyni məzmunlu müqavilənin 3 dəfə imzalanmasından da bunu anlamaq olar. Və hər dəfəsində də şərtləşmə məhz rəsmi Tehran tərəfindən pozulub. İrana aid ayrı-ayrı xəfiyyə şəbəkələri Azərbaycanda iki dəfə ifşa olunub. Doğrudur, sonra da bu cür hadisələr baş verib, amma əsas səs-küylü hadisələr məhz mərhum prezident Heydər Əliyevin zamanlarında baş verib. Azərbaycan MTN İranın Gəncədə və Bakıda böyük şəbəkələrini ifşa edib».

Hazırda iki ölkə münasibətlərindəki durumun acınacaqlı həddə çatdığını bildirən mənbəmiz iddia edir ki, İranın Azərbaycan ərazisində gücünün azaldılması məqsədilə ciddi addımlar atıla bilər: «Təbii ki, bu istiqamətdə atılacaq addımlardan biri də Tehranın Bakıdakı iqtisadi qollarının budanmasıdır. Bu barədə həm yerli və həm də xarici mətbuatda çox yazılıb və qeyd olunub ki, İran Azərbaycanda iqtisadi dayaqlara malikdir».

Mənbəmiz iddia edir ki, gələn ildən etibarən İranın Azərbaycandakı şəbəkə torlarına qarşı görüləcək tədbirlər sırasında məhz iqtisadi qollarının budanması prioritet mövqedə dayanacaq.

Geri qayıt