Əsas Səhifə > Ölkə > AZƏRBAYCANDA ANOLOQU OLMAYAN TALAN

AZƏRBAYCANDA ANOLOQU OLMAYAN TALAN


7-02-2012, 15:45
AZƏRBAYCANDA ANOLOQU OLMAYAN TALAN

ƏHALİNİN MÜLKİYYƏT HÜQUQUNUN TAPDANMASI ADİ HALA ÇEVRİLİB

Azərbaycanda vətəndaşların mülkiyyət, əsasən daşınmaz əmlak hüquqlarının pozulmasının MDB və Yaxın Şərqdə analoqu yoxdur. Tanınmış vəkil Fuad Ağayev belə hesab edir.

“Hətta Heydər Əliyevin dövründə belə Azərbaycanda bu cür hüquq pozuntuları olmayıb”, - F.Ağayev çərşənbə axşamı mülkiyyət hüquqlarının müdafiəsinə həsr olunmuş II vətəndaş forumunda bildirib.

Forumu bir neçə QHT təşkil edib: “Azad iqtisadiyyata yardım”, “İnsan haqları klubu”, “Mülkiyyət komitəsi”, “Maddə 13”, “İnsan hüquqları üzrə hüquqşünaslar üçün məsafəli tədris proqramı”. Tədbir Amerikanın NED (Demokratiyanın Dəstəklənməsi Fondu) və Norveç İnsan Hüquqları Fondunun dəstəyi ilə keçirilib.

Ağayevin sözlərinə görə, dövlət ehtiyacları üçün daşınmaz əmlakın götürülməsi bəhanəsi ilə mülkiyyətin kobud, qanunsuz şəkildə yenidən bölünməsi və torpaqların inzibati metodlarla zəbt edilməsi baş verir.

Hüquqşünas açıqlama verib ki, dövlət ehtiyacları üçün torpaq yalnız Nazirlər Kabinetinin qərarı əsasında və ədalətli kompensasiya ödənilməsi ilə götürülə bilər. Dövlət ehtiyacları dedikdə yolların və kommunikasiyanın inşası, sərhəd zonalarında dövlət sərhədinin etibarlı qorunmasının təminatı, müdafiə əhəmiyyətli obyektlərin, dağ-mədən sənayesi obyektlərinin inşası başa düşülür.

Lakin praktikada bu tələblərə əməl olunmur. “2010-cu il noyabrın 19-da Şəmsi Bədəlbəyli və Füzuli küçələrində onlarla ailənin məcburi köçürülməsi üçün polis əməliyyatı həyata keçirilib. Sakinləri zorla polis şöbələrinə aparıblar. Bu müddətdə onların əmlakını küçəyə atıblar, evləri texnika ilə söküblər”, - Ağayev qeyd edib.

O, bunu “qeyri-insani davranış” adlandırıb.

“Qış bulvarı” adı altında sözügedən küçələrdən 5 minə yaxın adam köçürülüb. Əslində həmin yerdə ticarət mərkəzinin inşası üçün özül qazılıb.

Şəhər hakimiyyəti evlərin sökülməsini Bakının baş planının həyata keçirilməsi ilə əsaslandırır. Halbuki, 1987-ci ildə qəbul edilmiş bu sənədin müddəti 2005-ci ildə bitib. Söküntünün dayandırılması barədə məhkəmə qərarlarının olmasına baxmayaraq, söküntü işləri aparılır. Buna misal olaraq Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsini göstərmək olar.

Ağayevin fikrincə, adamların köçürülməsinin əsl səbəbi bir qrup oliqarxın Bakının mərkəzində torpaq mülkiyyətini ələ keçirməsidir. Burada bir sot torpağın qiyməti 200-700 min manatdır.

Ağayev sosial-iqtisadi repressiyalar və onların qurbanlarına kompensasiyaların verilməsi haqqında qanun layihəsinin hazırlanmasını təklif edib. “Aydın məsələdir ki, indiki parlament onu qəbul etməyəcək, lakin bu, nə vaxtsa baş verəcək”, - o vurğulayıb.

Digər vəkil Şəfa Camalzadə deyib ki, Azərbaycanda ikinci dəfədir ki, vətəndaşların mülkiyyət hüquqları kütləvi şəkildə pozulur – 20-ci əsrin əvvəllərində və 21-ci əsrdə. Əgər ötən yüzillikdə varlıların mülkiyyəti əllərindən alınırdısa, indi yoxsulların mülkiyyəti alınır”, - o qeyd edib.

Bütün məhkəmə proseslərində Bakı meriyası şəhərin baş planına əsaslanır, lakin vəkillərin vəsatət qaldırmasına baxmayaraq, bu sənəd məhkəməyə təqdim olunmur.

Bakı Apellyasiya Məhkəməsi baş planın təqdim olunmasını meriyanın üzərinə qoyub və cavab alıb ki, bu sənəd meriyada yoxdur (?!), Memarlıq üzrə Dövlət Komitəsində və Nazirlər Kabinetində saxlanılır. Lakin Dövlət Komitəsi baş planının onda olduğunu inkar edib, Nazirlər Kabineti isə ümumiyyətlə cavab verməyib.

Paytaxt meriyası abadlıq məqsədilə evlərin sökülməsi barədə qərarlar çıxarmaqla öz səlahiyyətini aşır.

Şəhərin mərkəzində köçürülən sakinlərə cüzi miqdarda kompensasiya verilir. Məsələn, Nəsimi rayonundakı mənzillərdən birinin sahibinə 1 kv. metrə görə 825 manat, cəmi 21 825 manat verilib. Şəhərin həmin hissəsində 4 beşmərtəbəli evin sakinləri Keşlə qəsəbəsində yaşayış şəraiti pis olan evlərə köçürülüb.

Dövlət Bayrağı Meydanı ərazisindəki 4 doqquzmərtəbəli binanın sakinləri (əsasən zabit ailələri) zorla köçürülüb. Hazırda Aqil Quliyev, 5 ünvanında digər doqquzmərtəbəli binanın sökülməsi həyata keçirilir, halbuki, orada hələ də sakinlər qalır.

Bakı meri Hacıbala Abutalıbov Bayraq Meydanının yanından 2 km. uzunluğunda avtomobil yolunun tikintisi barədə göstəriş verib və buni “tarixi İpək Yolunun bərpası” ilə izah edib.

Camalzadə qeyd edib ki, məhkəmə qaydasında mülkiyyət hüquqlarını müdafiə etmək getdikcə mümkün olmur. Məhkəmələr kompensasiyanın məbləğini 1 kv. metrə görə 1500 manatdan çox artırmayıblar. Odur ki, problem ictimai-siyasi xarakter alır və onun həlli üçün ictimaiyyətin müdaxiləsi lazımdır.

“Azad iqtisadiyyata yardım” QHT-nin eksperti Ülviyyə Əsədzadə Azərbaycanda mülkiyyət hüquqlarının vəziyyətinə dair hesabatı təqdim edib. Araşdırmada qanunvericilik təhlil edilir, hüquq pozuntuları ümumiləşdirilir, bütün faktlar əksini tapır. Hesabatla www.freeeconomy.az saytında tanış olmaq olar.

Forumun yekunlarına əsasən vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsinə yerli və beynəlxalq ictimaiyyətin fəal cəlb olunması qərara alınıb.


Geri qayıt