Əsas Səhifə > Siyasət, Manşet > MAY AYINDA AĞDAM VƏ FÜZULİYƏ NƏZARƏT EDƏCƏYİK

MAY AYINDA AĞDAM VƏ FÜZULİYƏ NƏZARƏT EDƏCƏYİK


6-12-2013, 09:38
MAY AYINDA AĞDAM VƏ FÜZULİYƏ NƏZARƏT EDƏCƏYİK
HƏLƏLİK BÜTÜN NƏZƏRLƏR UKRAYNADA CƏRƏYAN EDƏN OLAYLARA KÖKLƏNİB

DİA.AZ: - Bu gün Ukraynada cərəyan edən olayları təkcə Rusiya və Avropadan deyil, həm də demək olar ki, keçmiş SSRİ məkanına aid bütün ölkələrdən diqqətlə izləyirlər. Sanki hər kəsin taleyi Ukraynada həll olunurmuş kimi bir ovqat var. Elə buna görə də ukraynalıların ciddi müqavimətinə baxmayaraq rəsmi Kiyev manipulyasiyalar və müxtəlif manevrlər hesabına yerində qalmaqdadır. Bu işdə isə Kremlin müstəsna iştirakı diqqətdən yayınmır. Moskva Yanukoviç hakimiyyətini bir savaş meydanında çaprışırmış kimi müdafiə etdiyindən Avropanın Kiyevdə məğlubiyyəti indidən görünməkdədir.

Bəlkə də bu proqnozlar vermək erkəndir. Amma faktiki olaraq indiki açıdan görünəni budur. Rusiyanın Ukraynada stavka etdiyi qüvvələr yalnız bir halda məğlubiyyətə uğraya bilərlər. Bu da Yanukoviçin şəxsi psixoloji dözümlülüyü, təzyiqlər qarşısında davamiyyəti ilə bağlıdır. Yəni Yanukoviç sona qədər hövsələ edəcəksə, proseslərdən Rusiya qalib çıxacaq.

Doğrudur, hətta bu halda belə Kiyev-Avropa təmasları gömülməyəcək və ortaq bir variant düşünülüb, tapılacaq. Amma nəticə istənilən halda Avropanın deyil, Rusiyanın ürəyincə olacaq ki, bu gün baş verənlər və cərəyan edən olaylara verilən reaksiyalar, saxlanan münasibətlər belə deməyə əsas verir ki, artıq Rusiya Kiyevdə öz maraqlarını tam olaraq təmin etmiş durumdadır. Hələlik kimi görünsə belə…

Belə bir situasiyada Azərbaycanın da öz gedişlərinə yenidən baxacağı şübhəsizdir. Əslində artıq rəsmi Bakı ilə Kreml arasında müəyyən istiləşmənin yarandığını söyləmişdik. Və bu barədə DİA.AZ-a daxil olan məlumatlarda da vurğulanırdı ki, Kreml məhz Bakını yola gətirə bilməsi, Avrasiya Birliyinin rüşeymi kimi qəbul edilən Gömrük İttifaqında iştirakını təmin edə bilməsi üçün İrəvana ciddi təzyiqlərdə bulunacaq. Və faktiki olaraq həmin təzyiqlər sezilməkdədir.

Bu gün elə ona görə də İrəvanda qarışıqlıq var. İnsanları müxtəlif bəhayənəllə meydanlara sürükləyirlər. Bu işdə İrəvanın da üstündə dayanan - «erməni dərin dövləti» kimi qəbul edilən millətçi-diaspora-lobbi çevrələrinin iştirak payı yüksəkdir. Onlar Putinin İrəvan qarşısında qoyduğu şərtlərin həyata keçməməsi üçün hətta Sərkisyanın başını erməni xalqının ayaqları altına atmağa belə hazırdırlar. Bu isə Rusiyanın işini daha da çətinləşdirmiş olacaq.

Və artıq bunun Kremldə nəzərə alındığı da anlaşılır. Bu barədə Rusiya KİV-lərinin yazdıqlarından belə anlaşılır ki, rəsmi Moskva Cənubi Qafqazla bağlı siyasətində əsas açar dövlətin məhz Azərbaycan olduğunun tam fərqindədir. Elə buna görə də istənilən halda yumşaq şəkildə yola gələn Ermənistanın bəzi maraqlarını hətta qurban da vermək lazım gələcək ki, artıq Kreml buna qol qoyub. Çünki Kreml əmindir ki, Azərbaycana nəzarəti bərpa edərsə, o zaman Gürcüstan da oynaya-oynaya Rusiyanın yanında yer alacaq.

Elə buna görə də hazırda Ukraynada cərəyan edən olayları Azərbaycandan da qat-qat artıq həyəcanla Ermənistanda oturanlar müşahidə edirlər və onlar görüntüləri ilə Yanukoviçin yanında olsalar da, ürəkləri ilə Avropa tərəfdarlarının yanındadırlar. Çünki yaxşı başa düşürlər ki, Rusiyanın Ukraynadakı məğlubiyyəti Kremlin Cənubi Qafqaz siyasətinin ertələnməsinə nədən olacaq. Və bununla da ermənilər əlavə vaxt əldə edəcəklər. Rusiya Cənubi Qafqazdan daha çox ağırlığı Ukraynaya salacaq.

Bu arada bildirək ki, Türkiyə mətbuatında da bu məsələlər ciddi şəkildə müzakirə olunur. Türkiyə mediasında bir məsələ də vurğulanır ki, Kreml Avrasiya İttifaqında Türkiyəni də gördüyündən Ankara-İrəvan yaxınlaşması da qaçılmaz olacaq. Və bu gün Ermənistanla Türkiyənin münasibətlərində yaradılan süni istiləşmə də məhz bu niyyətin təzahürüdür.

Təbii ki, Azərbaycanda bu hadisə heç də xoş qarşılanmır. Çünki rəsmi Bakı hələ də qəti seçimini etməyib. Çünki nə Qarabağda vəziyyət dəyişməyib, nə də Rusiya Azərbaycanın mənafelərinə uyğun hansısa gedişi etməyib. Yalnız ortada söz-söhbətlər var ki, bunun da fonunda rəsmi Bakının mövqelərindən bir metr də geri çəkilməyəcəyi şübhəsizdir. Redaksiyamıza bu barədə danışan hökumət içindəki bilgili mənbə iddia edir ki, vəziyyət Kremlin planlaşdırdığı istiqamət üzərə gedərsə, gələn ilin mart ayından etibarən Qarabağda vəziyyət dəyişə bilər: «Hətta may ayında Azərbaycan Ağdam və Fizulinin mərkəzinə nəzarət imkanı da əldə edə bilər».

Geri qayıt