Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ REKTORDAN RƏSUL QULİYEVƏ DƏSTƏK

KEÇMİŞ REKTORDAN RƏSUL QULİYEVƏ DƏSTƏK


7-02-2012, 15:01
KEÇMİŞ REKTORDAN RƏSUL QULİYEVƏ DƏSTƏK

ELŞAD ABDULLAYEV ADAMLARINI RƏSUL QULİYEV ÜÇÜN SƏFƏRBƏR EDİR

ABU-nun keçmiş rektoru hakimiyyətdən qisas almaq üçün hərəkətə keçib

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Fransada mühacirətdə yaşayan keçmiş rektoru, bir müddət əvvəl elmi titulları belə əlindən alınan Elşad Abdullayev intiqam fikrinə düşüb. İqtidarın qəzəbinə gələn və ünvanına ittihamlardan sonra başını götürüb ölkədən gedən, Fransada sığınacaq tapdıqdan sonra hakimiyyət haqqında tənqidlərə başlayan Abdullayev Rəsul Quliyevə dəstək vermək qərarına gəlib.

Xatırladaq ki, Açıq Cəmiyyət Partiyasının lideri, bu yaxınlarda Müqavimət Hərəkatı yaratdığınıelan edən eks-spiker Rəsul Quliyev 2013 -cü il prezident seçkisi öncəsində yenidən aktivləşib. R.Quliyev seçkilərdə iştirak edəcəyini elan edib, onun iddialarına görə, gələn il seçkilərdə qalib gəlmək niyyətindədir.

Elşad Abdullayev də Rəsul Quliyevin fəallaşmasından sonra ona "stavka" etmək yolu tutub.İndiki hakimiyyət dövründə Azərbaycana dönməsinin və karyerasını bərpa etməyin mümkünsüzlüyünü anlayan ABU-nun sabiq rektoru ümidlərini eks-spikerin iqtidar başına gəlməsinə bağlayıb. O, bununla birdən-birə iki niyyətini gerçəkləşdirmək istəyir. Birinci - Rəsul Quliyevin hakimiyyətə gəlişini təmin etməkdə yardımçı olmaqla iqtidarda onu "ofsayd"a salan qüvvələrdən qisas almaq, ikinci - ölkəyə qayıdışını və buradakı əvvəlki karyerasını, gəlir imkanlarını bərpa etmək.

Bildirilir ki, ABU rektoru olarkən Abdullayevin yanında çalışan şəxslərdən biri hazırda artıq sabiq rektorun istəyi və göstərişi ilə onun adamlarını bir araya gətirməklə məşğuldur. Həmin şəxslər Bakının Binəqədi rayonu ərazisində - Rəsulzadə qəsəbəsində (keçmiş Vorovski) yerləşən bir mülkdə toplaşır və təşkilatlanırlar. Onlar qarşıdakı dövrdə Rəsul Quliyevin Azərbaycandakı gizli, amma önəmli dayaqlarından biri rolunu üzərlərinə götürmək niyyətindədirlər. Və dediyimiz kimi, bu, birbaşa ABU-nun keçmiş rəhbərinin istək və iradəsini ifadə edir.

Elşad Abdullayevin özü isə Quliyevin Müqavimət Hərəkatının Fransa bürosunu yaratmaq, digər Avropa ölkələrindəki dayaqlarının formalaşmasında iştirak etmək niyyətindədir. Sabiq rektorun Avropa ölkəsində mühacirətdə olması da Qərbdə "sürgün"də olan eks-spikerlə təmas imkanlarını artırıb.

Hesab edilir ki, Elşad Abdullayevin bu cür davranışı ona qarşı hakimiyyətin onsuz da xeyli güclü olan qəzəbini daha da alovlandıracaq. Hətta mümkündür ki, Abdullayevə yaxın və biznesi olan şəxslər qarşıdakı müddətdə hədəf seçilsin, sabiq rektorun burada onsuz da əhəmiyyətli şəkildə çökdürülmüş gəlir nöqtələri də tamamilə qapadılsın.

Unikal


Geri qayıt