Əsas Səhifə > Partiya > RÜSTƏM İBRAHİMBƏYOVDAN MÜSAVATI ƏSƏBLƏŞDİRƏCƏK SÖZLƏR
RÜSTƏM İBRAHİMBƏYOVDAN MÜSAVATI ƏSƏBLƏŞDİRƏCƏK SÖZLƏR5-12-2013, 13:21 |
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun APA-nın Moskva müxbirinə müsahibəsi - Sizin Milli Şura sədrliyindən istefanızla bağlı müraciətinizə baxıldı. Daha sonra sizi qurumun fəxri sədri seçdilər. Amma bu məsələ Milli Şurada birmənalı qarşılanmadı. Konkret olaraq Müsavat başqanı İsa Qəmbər Sizin quruma fəxri sədr seçilməyinizə qarşı çıxdı... - Mənim bu fikrə münasibətim yoxdur, ola da bilməz. Bu onların öz fikirləridir. Mən belə şeylərə fikir vermirəm. - İsa Qəmbər deyib ki, Siz fəxri sədr olacağınız halda, Müsavat Milli Şuradan gedəcək... - Bu, onun öz fikridir, öz işləridir. Getmək istəyirlər, getsinlər. Mən buna qarışmıram. Bu onların qərarlarıdır. Biz Milli Şuranı yaradanda heç kəsi məcbur etməmişdik ki, bizə qoşulsunlar. 20 il müddətində birinci dəfə demokratik qüvvələri bir araya gətirmişik. Bu, böyük tarixi hadisə idi. Milli Şura öz tarixi vəzifəsini yerinə yetirib. Kimsə çıxmaq istəyir, kimsə qalmaq istəyir, bütün bunlar təbii şeylərdir. Müsavat Partiyasının Milli Şuradan ayrılması qurumun fəaliyyətinə heç bir təsir etməyəcək. - Ümumiyyətlə, fəxri sədr seçilmək nə deməkdir? Bu vəzifənin səlahiyyət dairəsi nədən ibarətdir? - Bu təklifi mən verməmişəm. Bu onların öz təşəbbüsü olub. Milli Şuraya və onun üzvlərinə böyük hörmətlə yanaşıram. Belə qərara gəliblərsə, mən onu məmnuniyyətlə qəbul edirəm. - Müsavat Partiyasının Milli Şurada qalması üçün fəxri sədrlikdən imtina edə bilərsinizmi? - Nəyə görə imtina etməliyəm ki?! Mənim üçün böyük fəxrdir ki, bu quruma fəxri sədr seçilmişəm. - Sizcə, Müsavatla Sizin probleminizin kökündə nə dayanır? - Mənim Müsavat Partiyası ilə heç bir problemim yoxdur. Müsavat Milli Şurada təmsil olunan partiyalardan biridir. Və bu partiyanın öz mövqeyi, öz siyasəti ola bilər. Mən siyasətlə belə dərindən məşğul olmuram və belə şeylərə heç fikir vermirəm. Öz işləridir, özləri bilərlər. Nə fikirləri var bilmirəm, heç məni maraqlandırmır da. Mən öz işlərimi görürəm. Mənim vicdanım göstərən istiqamətlə yaşayıram. - Dünən Arif Hacılı Lent.az-a müsahibəsində bildirib ki, başqa ölkə qarşısında öhdəliyi olan, Azərbaycan vətəndaşı olmayan, Azərbaycanda dostu olmayan, Rusiyadan müəyyən asılılıqları olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür. Bunu necə şərh edərdiniz? - Bu, Arif Hacılının öz fikirdir, mövqeyidir. Hər bir insanın öz mövqeyi var. Onun dediklərinin hamısı mənə gülməli gəlir. Amma belə şeylərə nə etiraz edə bilərəm, nə də təsdiq edə bilərəm. - Sizin öz tərəfdarlarınızla birlikdə yeni təşkilat yaratmağınız barədə də məlumat yayılıb. Bunu necə şərh edərdiniz? - Bəli, bu yayılan yalan informasiya barədə məlumatım var. Bu şayiədir, kimsə bu yalan məlumatları qəsdən dövriyyəyə buraxır. Mənim yeni təşkilat yaratmaq fikrim yoxdur. Milli Şura və Ziyalılar Forumundakı fəaliyyətim mənə kifayətdir. Ümidvaram ki, Ziyalılar Forumunun da fəaliyyəti davam edəcək. Fəaliyyətimi bundan sonra da bu təşkilatlarda davam edəcəyəm. Mənə çox qəribə gəldi bu şayiələrin yayılması. Yazıblar ki, Rüstəm İbrahimbəyovun tərəfdarları... Bilirsiniz, mənim tərəfdarlarım əsasən Cəmil Həsənli, Eldəniz Quliyev, Eldar Namazovdur. Eldar Namazov açıq-aydın deyib ki, “El” Hərəkatı ilə çalışmaq istəyir. Ona görə də Milli Şuradakı vəzifəsində çalışmaq imkanlarının olmadığını açıqlayıb. Milli Şuraya sədr seçiləndən sonra orda İcra Aparatının mənası da itir. Təzə aparat yaradılmalıdır. Mən Bakıda olmadığım üçün o vaxt İcra Aparatı yaradıldı ki, gündəlik məsələləri həll etsin. Fikrimcə, hazırda Milli Şurada belə bir orqanın olması vacib deyil. Ona görə də Eldar Namazov istefa verib. Mənə elə gəlir ki, Eldar Namazov Milli Şurada qalacaq, “El” Hərəkatı da Milli Şuranın üzvü kimi qalacaq. Bu şayiələri kimin yaydığını və hansı məqsədlə yaydığını mən bilirəm. Milli Şura demokratik bir təşkilatdır. Hər bir təşkilatın üzvlərinin öz fikirləri ola bilər. Bizim təşkilatın da üzvlərinin öz fikirləri var. Amma mən səslənən bəzi fikirlərə ciddi yanaşmıram. Geri qayıt |