Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOVUN ƏN YAXIN ADAMINA BÖYÜK TƏHLÜKƏ

İSMƏT ABBASOVUN ƏN YAXIN ADAMINA BÖYÜK TƏHLÜKƏ


5-12-2013, 11:35
İSMƏT ABBASOVUN ƏN YAXIN ADAMINA BÖYÜK TƏHLÜKƏ
ƏLİ BAYRAMOVUN FƏALİYYƏTİ ARAŞDIRILIR: HƏTTA HƏBSLƏR DƏ OLACAQ

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Hesablama Palatası yeni rəhbər müəyyənləşməsinin ardından bir sıra dövlət qurumlarında yoxlamalara başlayacaq. Artıq bu məlumatımız təsdiqlənib. Və aydın olur ki, Hesablama Palatasında Kollegiya iclası keçirilib.

Verilən məlumata görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondundan Xızı rayon İcra Hakimiyyətinə, dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Ağstafa və Astara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna dair auditin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq təsdiqlənib.

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan dövlət büdcəsi vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, habelə “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölmələri (Şəki regional logistik bazası və Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair audit proqramları da təsdiq olunub.

Hər halda, bu məlumatlardan aydın olanı odur ki, konkret olaraq HP-nin hədəfində bir neçə dövlət qurumu var. Onu da bildirək ki, Palatanın hesabatları olduqca peşəkar əsasda hazırlanır. Lakin bu hesabatlarla bağlı hər zaman konkret addım atılmır. Məsələn, bir neçə müddət öncə HP Dillər Universiteti ilə bağlı səs-küylü bir hesabatını açıqladı. Lakin sonradan bu məsələnin üstü ört-basdır edilmiş təəssüratı yarandı.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalarda qeyd olunur ki, bu dəfə belə olmayacaq. Konkret olaraq “Aqrolizinq” ASC ilə bağlı məsələdə. Qeyd edək ki, «Aqrolizinq» ASC-nin rəhbəri Əli Bayramovdur. Dünən isə onun fəaliyyəti və əlindəki sərvətlərlə bağlı çox ilginc faktları diqqətinizə təqdim etmişdik. Həmin materiallardan da aydın olurdu ki, Əli Bayramov illər ərzində dövlətin KTN sisteminə qayğısını inhisara alıb və bu QAYĞI hesabına özünə böyük bir imperiya da qurub.

Bütün bunlar isə keçmiş nazir, hazırda isə baş nazirin müavini postunu tutan İsmət Abbasovun nəzarəti altında həyata keçirilib. İndi isə İsmət Abbasov Əli Bayramovu müdafiə edəcək qüdrətdə deyil. Bunu da məlumatlı mənbə redaksiyamıza bildirib. Xəbərə görə, HP-nin “Aqrolizinq” ASC ilə bağlı təftiş qərarı da məhz bununla əlaqədardır. Mənbə iddia edir ki, hətta Əli Bayramovun da olmasa, ASC-dən bir neçə fiqurun həbsi belə mümkündür.

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt