Əsas Səhifə > Ölkə, Manşet > ZAKİR HƏSƏNOV SAVAŞ KOMANDASI FORMALAŞDIRIR

ZAKİR HƏSƏNOV SAVAŞ KOMANDASI FORMALAŞDIRIR


4-12-2013, 16:57
ZAKİR HƏSƏNOV SAVAŞ KOMANDASI FORMALAŞDIRIR
MN-DƏ DAHA İKİ ZABİTƏ VƏZİFƏ VERİLƏCƏK

DİA.AZ: - Müdafiə nazirliyində həyata keçirilən kadr islahatları ilə bağlı ciddi müzakirələr aparılıb. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən məlumat verilib. Daxil olan xəbərə görə, yeni nazir Zakir Həsənovun yürütdüyü kadr siyasəti nəinki tam şəkildə olaraq rəğbət qazanıb, hətta bundan sonra da prosesin inkişaf etdirilməsi üçün «yuxarılar»dan dəstək də alınıb.

Məlumatı verən mənbənin söylədikləri: «Bu gün MN-dəki kadr islahatları hakimiyyətin üst düzəyində müzakirə olunub. Daha bir neçə mühüm postda da islahatın aparılacağı planlaşdırılır. Bu yöndə Zakir Həsənova tam dəstək veriləcək».

Məlumatı verən qaynaq iddia edir ki, bu gün MN sıralarından kənarda qalan daha iki yüksəkçinli zabitimizin nazirliyə dəvət edilməsi gözlənilir: «Onlardan biri hazırda Rusiya ordusunda xidmət göstərir. Digəri isə Azərbaycanın xarici ölkələrdən birindəki səfirliyində hərbi attaşe kimi çalışır. Hər iki zabit kifayət qədər peşəkardır, «kabinet zabitləri» deyillər».

Mənbəmiz bildirir ki, son aparılan kadr islahatları, həmçinin nəzərdə tutulan dəyişikliklər elə bir qənaət formalaşdırır ki, Zakir Həsənov «MÜHARİBƏ KOMANDASI» formalaşdırmaqdadır: «Hər halda, bu günə qədər hansısa ambisiyalar səbəbindən nazirlikdən və ümumiyyətlə, ordu quruculuğu prosesindən kənarda qalan peşəkarların, özü də döyüş görmüş peşəkarların MN-də yüksək vəzifələrə gətirilməsi səbəbsiz ola bilməz. Zakir Həsənov MN-ə qədər də poqon sahibi idi. Və onun imkanı var idi ki, sırf olaraq şəxsi münasibətdə olduğu şəxsləri rəhbər vəzifələrə gətirsin. Yəni əgər o, işləməyə komanda qurursa, normalda belə etməli idi. Lakin bu gün Zakir Həsənov özünə yox, dövlətə ordu qurduğunu tam olaraq nümayiş etdirir ki, bu da «MÜHARİBƏ BAŞLAYACAQ» xəbərlərini yetərincə əsaslı göründürməkdədir».

Geri qayıt