Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV MİLLİ ŞURANI ƏLƏ SALDI

RƏSUL QULİYEV MİLLİ ŞURANI ƏLƏ SALDI


4-12-2013, 12:31
RƏSUL QULİYEV MİLLİ ŞURANI ƏLƏ SALDI
Rəsul Quliyev Hafta.az-a açıqlamasında Milli Şuranın dünənki iclası və özünün üzvlükdən çıxarılması məsələlərinə münasibət bildirib. R.Quliyev deyib ki, bu sessiyanın iclasının materiallarına ürək ağrısız və xəcalət çəkmədən baxmaq mümkün deyil:

“Birincisi, öz üzvlərinin marağı Milli Şuraya cəmi 50 faizdir. Çünki 128 üzvün yerinə cəmi 64 adam iştirak edir.

İkincisi, keçən period və yaranmış vəziyyətlə əlaqədar heç bir analiz edilmədi və təbii ki, müzakirə də olmadı. Cəmil müəllim öz çıxışını guya bu analizə həsr etmişdi. Ancaq bu onun 9 oktyabrdan bu günə qədər heç bir əhəmiyyət kəsb etməyən dediklərinin toplumu, başqa sözlə psevdoanaliz idi.

Üçüncüsü, gələcək iş planı deyilən bir sənəd yoxdur və onun yaradılacağı da gözlənilmir. Çox ehtimal ki, 2011-2012-ci illərdə Pənah Hüseynovun İctimai Palata üçün yazdığı �?’Demokratiyaya keçid yol xəritəsi’’ plan kimi qəbul olunacaq, düşünmürəm ki, C.Həsənlinin sədrlik etdiyi komanda o sənəddən yaxşı sənəd yarada bilər.

Dördüncüsü, 64 adamın iclasının normal keçirməyi bacarmayan Cəmil müəllimin Azərbaycan müxalifətinin lideri seçilməsi indiki müxalifətin tabutuna vurulan axırıncı mismar oldu. Ən yaxşı variant Rüstəm İbrahimbəyovdan sədr qalmasını xahiş etmək və iclasları təşkil edəcək və aparacaq sədarət seçmək olardı. Təəssüf ki, Rüstəm İbrahimbəyovla əlaqədar Sülhəddin Əkbər və Eldəniz Quliyevin qaldırdığı məsələlərə baxmamaq üçün Cəmil müəllim xüsusi canfəşanlıq etdi”.

Eks-spiker üzvlükdən çıxarılmasına münasibət bildirərkən əvvəl özü çıxdığını bəyan etdiyini deyib:

“Belə bir Milli Şuradan çıxdığımı artıq bir neçə dəfə elan etmişdim. Sözsüz ki, Azərbaycan xalqının tarixində heç bir rolu olmayacaq Milli Şurada məntiqlə mən ola bilmərəm. Buna baxmayaraq eşitdim ki, hörmətli sədr Cəmil müəllim iclas qurtarandan sonra mənim məsələmi qaldırıb. Maraqlıdır, nə üçün? Çünki Milli Şura üzvlüyündən kimisə azad etmək qaydaları mövcud deyil. Ancaq adam özü istefa verəndə müzakirəsiz qeydə alınır, vəssalam. Bəlkə Cəmil müəllim bir-iki araqarışdıranların rəğbətini qazanmaq üçün bu addımı atıb, onda vay onun sədrliyinə, daima araqarışdıranlar peyda olacaq. Cəmil müəllim də rəğbət axtarmaqla məşğul olacaq. Bəlkə fikirləşib ki, qoy indidən ağzının kəsərli olduğunu hiss etsinlər, mən bilən ancaq totalitar rejimdə bu yolla �?avtoritet’ qazanmaq olar. Özü heç bir qanun qaydaya tabe olmayan adamın Azərbaycanda müstəqil məhkəmə sistemi yaratmaq istəyir deməsinə inanmaq olarmı? “Müvəffəqiyyətdən” baş gicəllənməsi (Cəmil müəllim bütün müxalifətə verilmiş cəmi 200 min səsi çox böyük uğur hesab edir. Müvəffəqiyyətdən baş gicələnməsi məqaləsini Cəmil müəllim yaxşı bilməlidir. M.C.Bağırovdan kitab yazıb) elə səviyyəyə qalxıb ki, Cəmil müəllim demokratiyanın bütün prinsiplərinin üstündən xətt çəkib”.

Rəsul Quliyev üzvlükdən çıxarılmasının saxta olduğunu deyib: “Birincisi mənim məsələmi qaldırmağın qeyri-qanunu olmasına baxmayaraq, onu səs verməyə çıxardıb. Səs vermədən sonra səsləri saymayıb. “Neçə nəfər leyhinə səs verdi” sualına “əksəriyyət” sözü ilə cavab verib. Tələb olunanda “konkret neçə nəfər? burada 64 adam iştirak edir”, buna da cavabı 40-a yaxın olub. Kiçik bir iclası bu səviyyədə pozuntu ilə aparan adam müxalifətin lideridir və ümid edirsiniz ki, bu Milli Şura totalitar rejimdən qurtarmaq üçün bir iş görəcək, ola bilər, onlara uğurlar, mən ona inanmıram. Uzağa getmək lazım deyildir, Milli Məclisdə bir neçə deputatın qiymətləri qaldırmaqla əlaqədar çıxışlarına qulaq assınlar sonrada özlərinin, bəlkə onda nəticə çıxarda bildilər”.

Geri qayıt