Əsas Səhifə > Partiya > "RÜSTƏM İBRAHİMBƏYOVA CƏMİ 36 NƏFƏR SƏS VERDİ"

"RÜSTƏM İBRAHİMBƏYOVA CƏMİ 36 NƏFƏR SƏS VERDİ"


4-12-2013, 12:17
"RÜSTƏM İBRAHİMBƏYOVA CƏMİ 36 NƏFƏR SƏS VERDİ"
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Lent.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Milli Şuranın dünən keçirilən sessiyasında çıxarılan qərarlar və ümumiyyətlə bu qurumda baş verən son hadisələr Müsavat Partiyasını nə dərəcədə qane edir?

- Biz Milli Şura yaranmış dövrdə də, ondan sonrakı dönəmdə də, xüsusilə 9 oktyabr prezident seçkilərindən sonra masa arxasında bir sıra məsələlərin müzakirəsinin vacibliyini, Milli Şuraya daxil olan təşkilatların fəaliyyəti ilə bağlı məqamların və real siyasi qüvvələrin bir araya gələrək işləməsi zərurətini irəli sürmüşdük. Eyni zamanda, biz hesab edirik ki, bir-birinə uyğunlaşan, siyasi əqidələri yaxın olan, Azərbaycanın gələcəyini eyni görən, dövlətin gələcək quruluşuna eyni münasibət bəsləyən siyasi qüvvələrin birliyi daha ciddi səmərə verə bilər. Elə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyası zamanı da dediklərimiz təsdiq olundu. Əslində faktiki olaraq, seçki kampaniyasında yuxarıda sadaladığım kateqoriyaya daxil olan siyasi qüvvələr fəallıq göstərmişdi. Kampaniyanın uğur qazanmasının səbəbi də əslində məhz bu məqam idi.

Milli Şuranın özündə də onun fəaliyyətinə maneçilik törədən qüvvələr bu gün də qalmaqdadır. Vəziyyət o həddə çatıb ki, uzun müddət Milli Şuranın fəaliyyətini tənqid, təftiş, təhrif edən, açıqlamaları ilə Cəmil Həsənlinin seçki kampaniyasına zərər vuran, Milli Şuranın əsasını təşkil edən siyasi qüvvələrə qarşı ardıcıl təbliğat aparan Rəsul Quliyevin özünün belə, müvafiq proseduralara uyğun olaraq kənarlaşdırılması mümkün olmadı. Bunun səbəbi isə Milli Şuranın yaranması ilə bağlı bizim konsepsiyalarımızın bəzi siyasi qüvvələr tərəfindən qəbul olunmamağı idi.

- Milli Şuranın dünənki sessiyasında Müsavat başqanı İsa Qəmbər dedi ki, başqa ölkə vətəndaşının quruma sədr olması Müsavat üçün məqbul deyil. Bu açıqlamanı Müsavatın Milli Şuradan çıxacağı kimi qiymətləndirmək mümkündür?

- Başqa ölkə qarşısında öhdəliyi olan, Azərbaycan vətəndaşı olmayan, Azərbaycanda dostu olmayan, Rusiyadan müəyyən asılılıqları olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür. Ona görə də biz bu məsələləri Müsavat Partiyasında dəyərləndirərək, müvafiq qərarlar qəbul edəcəyik.

- Müvafiq qərarlar dediyiniz məqamı Müsavatın Milli Şuradakı fəaliyyətinə xitam verəcəyi kimi şərh etmək olar?

- Mənə elə gəlir ki, hələlik bu cür uzağa gedən nəticələr çıxartmaq lazım deyil.

- Ancaq Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsi ilə razılaşıb, bu qərarı dəstəkləmişdi.

- Hesab edirəm ki, bu, haqlı irad deyil. Çünki biz Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina edərək, Azərbaycana gələcəyini, burada siyasi proseslərin başında duracağı ilə bağlı vədlərini nəzərə alaraq onun Milli Şuranın sədri olmasına və qurumun prezidentliyə namizədi kimi müəyyənləşdirilməsinə razılıq vermişdik və bu məsələdə Müsavat Partiyasının qərarı yekdil olmuşdu. Biz Rüstəm İbrahimbəyova bir şəxsiyyət, ziyalı, Azərbaycanı dünyada tanıdan biri kimi yanaşmaqda davam edirik. Hesab edirik ki, o, son dövrlər Azərbaycan müxalifətinə dəstək verməklə ölkədə gedən demokratiya uğrunda mübarizəyə töhfələr verib. Ancaq hazırda həm Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, həm Azərbaycan-Rusiya münasibətləri, həm də özünün şəxsi fəaliyyət çərçivələri ilə əlaqədar Milli Şuranın nə sədri, nə də fəxri sədri olmaq imkanları yoxdur. Mən hesab edirəm ki, Rüstəm İbrahimbəyov kifayət qədər təcrübəli bir adam kimi bu məqamları nəzərə alacaq.

- Bu mövqeyiniz həm Rüstəm İbrahimbəyov, həm də Milli Şuradakı digər siyasi qüvvələr tərəfindən dəstək görməsə, Müsavat Partiyası hansı addımları atacaq?

- Bu fikirlərimiz Milli Şuranı təmsil edən digər siyasi qüvvələr tərəfindən qəbul edilməyəcəksə, təbii ki, bu da onların qərarlarıdır. Hər bir siyasi qüvvə və ya qurum öz seçimlərini etməkdə müstəqildir. Ancaq eyni zamanda, Müsavat Partiyası da öz seçimini edəcək.

- Rüstəm İbrahimbəyovun sədrlik getməsi ilə bağlı Müsavat Partiyasının təklifi Milli Şuranın sessiyasında dəstək görmədi. Bunun səbəbi nədir sizcə?

- Milli Şurada bu məsələdə bizimlə eyni mövqedə olan həm ayrı-ayrı şəxslər, həm də qurumlar mövcuddur. Elə dünən Rüstəm İbrahimbəyovun Milli Şuraya fəxri sədr seçilməsi ilə bağlı keçirilən səsvermənin nəticəsi də bunu təsdiqləyir. Milli Şuranın təxminən 120 üzvü var, ancaq Rüstəm İbrahimbəyovun quruma fəxri sədr seçilməsinə cəmi 36 nəfər səs verdi (Sessiyada 60 MŞ üzvü iştirak edib – müəllif). Bu da Milli Şurada əksəriyyətin Müsavata qarşı olması fikrinin yanlış olduğunu göstərir. İkincisi də, Müsavat Partiyası süni surətdə yaradılmış, kimlərinsə yanlış iradəsi hesabına Milli Şuraya gətirilmiş insanların səsverməsində azlıqda qala bilər, ancaq Müsavat Partiyası öz mövqeyində haqlıdır və Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələr partiyanın bu mövqeyini dəstəkləyir.

Geri qayıt