Əsas Səhifə > Hadisə > HACI MƏMMƏDOVDAN XƏBƏR VAR

HACI MƏMMƏDOVDAN XƏBƏR VAR


29-09-2011, 16:27
HACI MƏMMƏDOVDAN XƏBƏR VAR

ÖMÜRLÜK MƏHBUS NİYƏ CƏZASINI MTN-də ÇƏKİR?

Ömürlük həbsdə olan sabiq polis polkovniki Hacı Məmmədovun MTN-in təcridxanasında qalmaq istəməməsi və ömürlük məhbusların saxlandığı Qobustan həbsxanasına köçürülməyi arzulaması haqda mətbuatda yayılan, rəsmən təsdiqlənməyən məlumatları şərh edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov “Media forum” saytına açıqlamasında deyib ki, Hacı Məmmədov Qobustanda öldürülə biləcəyindən qorxur.

Elçin Behbudov xatırladıb ki, sonuncu dəfə Hacı Məmmədovla 6 ay əvvəl görüşüb: “Başqa yerə köçürülməsini istəyib-istəmədiyini soruşanda “Bura mənim üçün ən təhlükəsiz yerdir” cavabını verdi. Dedi ki, Qobustana, ya başqa yerə köçürülsə, bu onun sonu demək olacaq. Dedi, çeçenlərin əli çox uzundur, çeçenlər orda məni öldürə bilərlər, ona görə də MTN-də saxlanmağım daha yaxşıdır”.

Elçin Behbudovun bildirdiyinə görə, Hacı Məmmədovun Qobustana köçürülmək istədiyi barədə məlumat yayıldıqdan sonra MTN-in istintaq təcridxanasının rəhbəri ilə əlaqə saxlayıb, amma o bunu təsdiqləməyib.

Elçin Behbudov oktyabrda MTN-in istintaq təcridxanasına getməyi, monitorinq keçirməyi planlaşdırdığını da açıqlayıb: “Çalışacam ki, Hacı Məmmədovla da görüşüm”.

Hüquq müdafiəçisi Hacı Məmmədovla 6 ay əvvəlki görüşündən sonra da görüşməyə cəhd etdiyini söyləyib: “Ancaq mənə bildirdilər ki, Hacı Məmmədov heç kimlə görüşmək istəmir, deyir ki, yaddan çıxmaq istəyir. Amma o qədər cinayətdən sonra yaddan çıxmaq qeyri-mümkündür”.

Hüquq müdafiəsiçi qeyd edib ki, indiyədək Hacı Məmmədov MTN-dən köçürülməsi ilə bağlı nazirliyə, yaxud da İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə ərizə ilə müraciət etməyib.

Hacı Məmmədovun 6 ildir MTN təcridxanasında saxlanmasının qanuni olub-olmamasına gəlincə, komitə sədri bunları deyib: “MTN rəhbərliyi ilə görüşdə mən bu məsələyə toxunmuşam. Mənə dedilər ki, o burada qalmaq istəyir. Onu da qeyd etdilər ki, onun əməlləri ilə bağlı istintaq hələ bitməyib. Biz hələ bilmirik istintaq tam yekunlaşıb, ya yox. Mən düşünürəm ki, istintaq hələ bitməyib”.

Vəkil Adil İsmayılov “Media forum” saytına açıqlamasında deyib ki, Hacı Məmmədovun MTN-in təcridxanasında saxlanması tam qanunsuzdur: “O, MTN-də saxlana bilməz. Hacı Məmmədovu orada saxlayanlar buna cavab verməlidirlər ki, niyə belə edirlər. Məndə olan məlumata görə, hazırda Hacı Məmmədovla bağlı heç bir istintaq hərəkəti aparılmır”.

Adil İsmayılov bildirib ki, məhbusun harada və necə cəza çəkməsi Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir: “Cəzanın harada çəkilməsi qanunda konkret müəyyən olunub. Cəzaların İcrası Məcəlləsinə əsasən, yalnız ilk dəfə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum olunmuş şəxslər onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında saxlanıla bilərlər”.

Sabiq polis polkovniki Hacı Məmmədov 2005-ci ildə tutularaq silsilə qətllərə və adam oğurluqlarına görə ömürlük həbs cəzasına məhkum edilib. Onun dəstəsinin üzvləri, həmçinin öldürdüyü adamlar arasında çeçenlər də olub. Qanunla Hacı Məmmədov cəzasını Qobustan həbsxanasında çəkməli olsa da, indiyədək istintaqını aparmış MTN-in təcridxanasında saxlanır.

Sentyabrın 27-də “Media forum” saytına danışan MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib ki, Hacı Məmmədov MTN-in təcridxanasından həbsxanaya köçürülmək üçün ərizə ilə müraciət etməyib.

Arif Babayev vurğulayıb ki, Hacı Məmmədovun səhhətinin pis olması, ona təzyiq göstərilməsi və MTN-in təcridxanasında qalmaq istəməməsi haqda yayılan məlumatlar şayiədir, bu iddiaların heç bir əsası yoxdur.


Geri qayıt