Əsas Səhifə > Gündəm, Manşet > İRAN BİZDƏN NƏ İSTƏYİR: BİR ANLAYA BİLSƏK…

İRAN BİZDƏN NƏ İSTƏYİR: BİR ANLAYA BİLSƏK…


3-12-2013, 09:56
İRAN BİZDƏN NƏ İSTƏYİR: BİR ANLAYA BİLSƏK…
İRANIN BAKIDAKI SƏFİRLİYİ NƏYİ VƏ NİYƏ TƏKZİB EDİR: BİZ BUNA NƏ EDƏK?

DİA.AZ: - Dünən İranın Azərbaycandakı səfirliyi maraqlı bir bəyanatla çıxış etdi. Elçiliyin bəyanatında Azərbaycan-İran sərhəddində baş verən silahlı insidentə toxunulurdu və bildirilirdi ki, bu ölkənin sərhəd qoşunlarının komandanı Hüseyn Zülfüqarinin adından yayılan açıqlama dezinformasiyadır.

Xatırladaq ki, Hüseyn Zülfüqarinin məlum açıqlaması İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən «arannyus» portalında yerləşdirilmişdi və hazırda da həmin material portalda saxlanılır.

Elə isə sual olunur: Nədən İran səfirliyi bu dezinformasiya adlandırdığı məlumatı yayan öz portallarını qınamır? Və həm də nədən İran rəsmiləri öz portallarına bu xəbərin yığışdırılması üçün göstəriş vermirlər?

Deməli, məsələ tamam fərqlidir və bu fərqlilik kifayət qədər hiss olunandır.

DİA.AZ olaraq İran səfirliyinin bir gün öncə verdiyi bəyanatı xatırladırıq. Qeyd edək ki, bəyanat bu başlıqla yayılmışdı: «İranın Azərbaycandakı səfirliyi “Azərbaycan Respublikasının ərazisində baş vermiş sərhəd insidenti” ilə əlaqədar açıqlama yayıb». Yəni elə başlıqdan anlaşılırdı ki, İran tərəfi Azərbaycan zabitlərindən birinin ölümü, daha ikisinin isə yaralanması ilə bitən silahlı insidentin məsuliyyətini paylaşmır və xüsusi olaraq vurğulayır ki, hadisə Azərbaycan Respublikasının ərazisində baş verib. Yəni İran-Azərbaycan sərhəddində yox…

İndi isə gələk elçiliyin bəyanatının mətninə. Səfirliyin mətbuat xidmətindən verilən məlumatda deyilirdi ki, diplomatik nümayəndəliyin mətbuat şöbəsinin rəhbəri Seyid Məhəmməd Ayətullahi dekabrın 1-də Azərbaycan sərhədçiləri ilə sərhəd pozucuları arasında baş vermiş insidentlə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən deyib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti tərəfindən yayılan xəbərdə deyildiyi kimi, son insident Azərbaycanın ərazisində baş verib və qeyd olunan tarixdə İranla sərhədində heç bir hadisə baş verməyib.

Səfirliyin mətbuat şöbəsinin rəhbəri əlavə edib ki, bu hadisə haqqında heç bir İran rəsmisi fikir bildirməyib və bəzi KİV-də İran İslam Respublikasının Sərhəd Komandanlığının rəhbəri general Hüseyn Zülfüqariyə istinadən yayılan fikirlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, dekabrın 1-də saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində (Lerik rayonunda) silahlı insident baş verib. Nəticədə 37 yaşlı mayor Maqsud Nağıyev həlak olub, 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.

Təbii ki, bununla səfirlik silahlı olayda İran sərhədçilərinin və ümumiyyətlə İranın hansısa vətəndaşının iştirakçı olmadığını bildirməkdədir. O zaman Hüseyn Zülfüqarinin açıqlaması nədən İranın antiAzərbaycan ruhlu əsas portallarından birində yerləşdirilirdi? Burada təsadüf axtarmağına dəyərmi? Tamam, Hüseyn Zülfüqarinin məlum açıqlaması onun Bakıya səfərindən sonra verilib. O zaman yenə də ortaya sual çıxır: Nədən İran mediası bu açıqlamanı təkrar olaraq dövriyyəyə buraxmağı məqbul bildi? Özü də İran-Azərbaycan sərhəddində bir Azərbaycan zabitinin öldürülməsindən və daha ikisinin yaralanmasından sonra…

Açıqlamanın mətni də kifayət qədərt şübhəlidir. Zülfüqarinin adından bildirilir ki, Azərbaycan tərəfi anlaşmaya əməl etmədi… Yəni bu o deməkdir ki, Azərbaycan tərəfi İran qarşısında sərhəddə baş verən insidentlərin mətbuata çıxarılmaması barədə öhdəlik götürüb. Yəni rəsmi Bakı buna görə zabitlərimizin gülləbaran edilməsi xəbərini yaymamalı idilər.

Lakin sonradan aydın oldu ki, İran səfirliyi bu açıqlamaya da sahiblənmir. Açıqlama isə hələ də bu ünvanda olduğu kimi qalmaqdadır…

Ortada anlaşılmaz bir ziddiyyət var… Tam olaraq İran-Azərbaycan münasibətlərində yaşanılan anlaşılmazlıqlar və ziddiyyətlər kimi…


İRAN BİZDƏN NƏ İSTƏYİR: BİR ANLAYA BİLSƏK…

Geri qayıt