Əsas Səhifə > Güney Press, Araşdırma > "MƏNİ VƏTƏNDAŞLIQDAN AZAD EDİN"...

"MƏNİ VƏTƏNDAŞLIQDAN AZAD EDİN"...


2-12-2013, 10:59
"MƏNİ VƏTƏNDAŞLIQDAN AZAD EDİN"...
YEVLAX SAKİNİ NƏDƏN PREZİDENTƏ BELƏ MÜRACİƏT YOLLADI?

Yevlaxın Malbinəsi kəndində qeydiyyatda olan Yeni Azərbaycan Partiyasının üzvü Muxtarov Vüqar Vahid oğlu prezident İlham Əliyevə müraciət edib. “Media forum” saytına göndərdiyi şikayət məktubunda Vüqar Muxtarov yazır ki, sabiq həyat yoldaşı və qayınatası ilə məhkəmə çəkişmələrində hüququ pozulub: “Birgə nikah dövründə qazandığımız əmlakın (2 otaqlı mənzil, 18792 manat bank əmanəti, mənzilimizdə olan 9000 manat pul vəsaiti, 6444 manat dəyərində qızıl-zinət əşyaları, elektrik, məişət, mebel avadanlıqları) qanunsuz yollarla ələ keçirilməsindən məhkəməyə şikayət etməyimə baxmayaraq 22 iyun 2012-ci ildən küçədə qalmışam.

Bir neçə dəfə dövlətimə arxalanaraq, qanunların aliliyinə güvənərək Sizdən tapdalanmış hüquqlarımın bərpa olunmasını, mənzilimdə yaşamağımın təmin edilməsini, zorakılıq edərək hüquqlarımı pozmuş və birgə nikah dövründə qazandığımız əmlakı qanunsuz yollarla ələ keçirmiş Yaşar Abdullayev Səməd oğlunun və qızı Elmira Muxtarovanın (Abdullayeva), məhkəmə hakimlərinin qeyri-qanuni hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etsəm də, heç bir tədbir görülməyib.

Azərbaycan dövləti qanunsuzluq edərək məni zorakılıqla mənzilimdən çıxarır, birgə nikah dövründə qazandığımız əmlakımdan məhrum edir. Qanunsuzluğun hökm sürdüyü vətənimdə yaşamaq artıq mümkün deyil. Mən də insanam, bu vəziyyətdə çöldə yaşayası deyiləm. Məni vətəndaşlıqdan azad edin”.

Geri qayıt