Əsas Səhifə > Cəmiyyət, Manşet > İRANIN AZƏRBAYCANDA İNQİLAB PLANI

İRANIN AZƏRBAYCANDA İNQİLAB PLANI


6-02-2012, 11:57
İRANIN AZƏRBAYCANDA İNQİLAB PLANI

MOLLA REJİMİ “ƏRƏB BAHARINI” NƏDƏN ÖZÜNÜNÜNKÜLƏŞDİRİR?

DİA.AZ: - Tunis, Misir və Liviyada rejimlər ard-arda yıxıldıqda İran rəsmiləri və din xadimləri “ərəb baharını” belə qələmə verməyə çalışdılar ki, bu proses vaxtilə Xomeyninin elan etdiyi “İslam inqilabının ixracı” konsepsiyasının həyata vəsiqə qazanmasıdır. Başqa sözlə guya “ərəb baharı” Qərbin bölgədəki maraqlarının əleyinədir. Tehran bu arqumentində əsas kimi Tunis, Misir və Liviyada yıxılan avtoritar rejimlərin Qərb ölkələri ilə əməkdaşlığına istinad edir.

Əlbəttə, inqilabın baş verdiyi ölkələrdə islami qüvvələrin hakimiyyətə gəlişi, “Müsəlman qardaşları” kimi siyasi cərəyanların seçkilərdə qazandığı qəbələr Tehranın irəli sürdüyü tezisin hardasa gümdəmdə qalmasına əsas edir. Hətta Misirdə Hüsnü Mübarək rejimi yıxıldıqdan sonra 30 ildə ilk dəfə İran hərbi gəmisinə Süveyş kanalından keçməyə icazə verildi. Ancaq bütün bunlar o demək deyil ki, hadisələr İranın istədiyi şəkildə cərəyan edir və ya adı çəkilən ölkələrdə hakimiyyətə gələn yeni qüvvələr Tehranın bölgə siyasətinə dəstək verəcəklər. Məsələ burasındadır ki, Tunis və Misirdə seçkilərdə qələbə qazanan əsas islami qüvvələr ölkələrinin inkişaflarına nümunə kimi İranı deyil, Türkiyəni görmək istəyirlər. Tunis və Misir seçkilərində qələbə qazanan partilararın adları da Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasının adına uyğundur. Digər tərəfdən bölgədəki mövcud “Müsəlman qardaşları” qruplarının heç zaman İrana rəğbətləri olmayıb. Adi bir fakt. Süni məzhəbinə bağlı olan “Müsəlman qardaşları” Tehranın Suriyada Bəşir Əsəd rejimini və bu ölkədəki sünilərin qətliamı dəstəkləməsinə seyrçi qala bilməz. Tehran Əsəd ailəsini sadəcə bu rejimin ələvi olmasına görə dəstəkləyir. Tehran hazırda İraqa yönəlik də eyni siyasəti həyata keçirir. İran İraqın baş naziri Əl Malikini şiə olmasına görə dəstək verir, onun süni məzhəbdən olan rəqiblərinə isə düşmən gözü ilə baxır. Ona görə də Tehranın məzhəb dəstəyi üzərində qurulan siyasəti “ərəb baharını” əhatə edən ölkələrdə rəğbət qazana bilməz. Bu baxımdan, Tehranın “”ərəb baharı”nı əhatə edən ölkələrə fərqli yanaşmasını gizlətməsi çətindir. Tehran Tunis, Misir və Liviyada dəyişiklikləri və avtoritar rejimlərin yıxılmasını dəstəkləyərkən, Suriyada tam tərsinə avtoritar rejimin arxasında dayanaraq ikili standart nümayiş etdirir.

Buna baxmayaraq, Tehran “ərəb baharını” İranın layihəsi kimi qələmə verməkdən əl çəkmək istəmir. Yanvarın son günlərində Tehranda keçirilmiş “Gənclik və islami oyanış” adlı beynəlxalq konfrans da bundan xəbər verir. İranın dini lideri Əli Xamneyinin administrasiyasının təşkilatçılığı ilə keçirilən konfransa onlarla islam ölkəsindən nümayəndə qatılıb. Qonaqların xüsusi seçildiyi diqqətdən yayınmayıb. Onlar daha çox İranın bölgədə oynadığı müsbət roldan danışıblar. Halbuki, bölgədə baş verən siyasi dəyişikliklərdə Tehranın elə bir rolu yoxdur. Beynəlxalq aləmə ünvanlanan çıxışların əsas qayəsini bu tezislər təşkil edib: “Ərəb baharı” İran İslam İnqilabından qidalanıb, ondan ilham alıb”, “İranda yeni inqilab gözləməyin”; “İranın Türkiyə, Azərbaycan, Pakistan, Yəmən və başqa dövlətlərdə gənclər arasında güclü dayaqları var” və s.

Beləliklə, Tehran inqilabi dalğanın sərhədində dayandırılması məqsədilə preventiv addımlara üstünlük verir. Təsadüfi deyil ki, adı çəkilən konfransda İslami Oyanış Hərəkatının yaradılması qərar verilib. Tehran təşkilata həm rəhbərlik, həm də sponsorluq edəcək. Ayrıca, konfransda gənc müsəlmanların ünsiyyəti üçün virtual sosial şəbəkənin və saytın yaradılması, beynəlxalq proseslərin araşdırılması üzrə Strateji Mərkəzin təsis edilməsi və peyk telekanalının yayına buraxılması kimi qərarlar da verilib.

Əgər İrandan yayınlanan “Səhər” televiziya kanalı bütün günü Azərbaycan əleyhinə təbliğat aparırsa, daha geniş auditoriyaya hesablanan yeni peyk kanalının nə qədər dövləti hədəf seçəcəyi üzərində baş sındırmağa dəyməz. İnternet saytın və sosial şəbəkənin necə işləyəcəyi, kimləri hədəf seçəcəyi, hansı dövləti təbliğ edəcəyi də indidən bəllidir.

ABŞ və Avropa Birliyi İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirib. İranda inflyasiya artır, milli pul vahidi dəyərdən düşür, sosial müavinatlar azaldılır. Bir sözlə ölkə iqtisadiyyatı uçuruma yuvarlanır. Belə gərgin vəziyyətdə Tehranın bahalı konfranslar keçirməsi, xaricdəki proseslərə təsir etmək məqsədilə maliyyə ayırması İrandakı rejimin islah olunmayacağından, siyasi islahatlara yaşıl işıq yandırmayacağından xəbər verir. Lakin bununla o qışın əvəzinə qaçılmaz qələn yazı dayandıra bilməz.

Geri qayıt