Əsas Səhifə > Hadisə > AZƏRBAYCANLI MÜCAHİDİN ÖLÜMÜ ARAŞDIRILIR

AZƏRBAYCANLI MÜCAHİDİN ÖLÜMÜ ARAŞDIRILIR


6-02-2012, 11:09
AZƏRBAYCANLI MÜCAHİDİN ÖLÜMÜ ARAŞDIRILIR

PAKİSTANDAKI SƏFİRLİYİMİZ HƏRƏKƏTƏ KEÇİB

Azərbaycanın Pakistandakı səfirliyi yerli kütləvi informasiya vasitələrinin “Əl-Qaida” üzvü olan Azərbaycan vətəndaşının öldürülməsi barədə xəbərini araşdırır.

Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyinin ikinci katibi Çingiz Qəribli məlumat verib.

Onun sözlərinə görə, Pakistan tərəfi bununla bağlı səfirliyə rəsmi müraciət etməyib, lakin səfirlik məsələni araşdırmaq üçün müvafiq addımlar atır.

Xatırladaq ki, Pakistan kütləvi informasiya vasitələrində gedən məlumatlara görə, ordu birləşmələri Peşəvər vilayətində “Əl-Qaida” üzvlərinə qarşı əməliyyat keçiriblər. Əməliyyat zamanı 6 terrorçu, o cümlədən Azərbaycan vətəndaşı Zaur Aslanov öldürülüb. Aslanovun terror təşkilatının səhra komandirlərindən olduğu bildirilir. Onun üzərində Azərbaycan vətəndaşlığını təsdiqləyən şəxsiyyət vəsiqəsi tapılıb.

Çingiz Qəribli həmçinin qeyd edib ki, səfirlik ötən il dekabrın 23-də Azərbaycan vətəndaşı, 23 yaşlı Xaqani İmamverdiyevin ölümü ilə bağlı infirmasiyanı da araşdırmaqda davam edir: “İmamverdiyevin valideynləri bizə müraciət ediblər və biz öz kanallarımızla bu istiqamətdə iş aparırıq. Pakistan tərəfi hələlik Xaqani İmamverdiyevin ölümünü rəsmi şəkildə təsdiqləməyib”.


Geri qayıt