Əsas Səhifə > Gündəm, Manşet > ZABİTLƏR ZAKİR HƏSƏNOVA ŞİKAYƏT EDƏCƏK

ZABİTLƏR ZAKİR HƏSƏNOVA ŞİKAYƏT EDƏCƏK


26-11-2013, 09:24
ZABİTLƏR ZAKİR HƏSƏNOVA ŞİKAYƏT EDƏCƏK
BƏZİ İŞBAZLAR MƏNZİLLƏ TƏMİNAT NÖVBƏSİNDƏ NƏDƏN DƏYİŞİKLİK EDİR?

DİA.AZ: - Zakir Həsənovun müdafiə naziri postuna təyin olunmasının ardından xeyli dəyişikliklər oldu ki, cəmiyyət tərəfindən məlum proses müsbət reaksiya ilə müşaiyət olundu. Çünki belə bir təəssürat var idi ki, yeni nazirin bütün addımları sırf olaraq Azərbaycan ordusunun güclənməsinə hesablanıb. Və hələ də bu qənaət mövcuddur.

Amma DİA.AZ-a daxil olan son informasiyalardan belə anlaşılır ki, yaranmış situasiyadan öz maraqları naminə istifadə edənlər də var. Bu barədə redaksiyamızı məlumatlandıran mötəbər mənbə iddia edir ki, hələ Səfər Əbiyevin zamanından ev növbəsində olan milli ordunun zabitlərinin mənzil probleminin həlli daha da çətinləşmiş vəziyyətə salınıb. Buna səbəbsə bəzi işbazların hərəkətdə olmasıdır.

Hərbi qaynaqlardan ötürülən informasiyaya görə, keçmiş nazirin dönəmlərində olduqca şəffaf şəkildə həyata keçirilən bu proses indi kifayət qədər qəlizləşdirilmiş haldadır: «İllərdir ev növbəsində olan hərbi qulluqçulara bəd xəbər var. Çünki kimlərsə - nazirliyin rəhbərliyində təmsil olunan bəzi fiqurlar (hansı ki onları Zakir Həsənov təyin edib -red.) ev növbəsi sıralamasını dəyişdirmək qərarını veriblər».

Mənbəmiz iddia edir ki, bu qərar onunla əsaslandırılır ki, guya Səfər Əbiyevin dövründə zabitlərin mənzil probleminin həlli sıralaması qanunsuz olaraq tutulub: «Halbuki bu vaxta qədər evlə təminat növbəsi ilə bağlı hər hansı etirazlar müşahidə olunmamışdı. Bu da yeni dəyişiiklik təşəbbüslərinin əslində korrupsiya maraqlarına xidmət etməsindən xəbər verir. Hər halda, yeni dəyişiklik ciddi şəkildə etirazlara nədən olacaq».

Mənbəmiz onu da bildirir ki, artıq bəzi zabitlər baş verənlərdən dolayı Zakir Həsənova şikayətlərini çatdırmağı düşünürlər.

Mövzu diqqətimizdədir. Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt