Əsas Səhifə > Şou-biznes > “ELƏLƏRİ VAR, BUNU MƏNİM ÖZÜMƏ ETİRAF EDİRLƏR”

“ELƏLƏRİ VAR, BUNU MƏNİM ÖZÜMƏ ETİRAF EDİRLƏR”


1-02-2012, 13:03
“ELƏLƏRİ VAR, BUNU MƏNİM ÖZÜMƏ ETİRAF EDİRLƏR”

“ÖZÜMÜ HƏR BİR ŞƏKİLDƏ DƏRS DEMƏYƏ HAZIR GÖRÜRƏM”

Əməkdar artist Sevda Ələkbərzadənin ifası haqqında hər bir dinləyici eyni düşünmür. Bəziləri onun dəst-xəttinin mükəmməliyindən, bəziləri isə ifasının anlaşılmazlığından danışırlar. Amma onun ifasını anlayanların çox olduğunu deyə bilərik. Müğənni ilə söhbətimiz zamanı öyrəndik ki, onun dəst-xəttini mənimsəyən ifaçılar çoxdur. O, Milli.Az-a bunları danışıb:

"Bu göstərici məni sevindirir. Hətta boğazlarımla yanaşı, mahnılarıma edilən aranjmanlardan da bəhrələnənlər var. İfama gəlincə, həqiqətən də, mənim üslubumu yamsılayaraq oxuyan sənətçilər çoxdur. Elələri var, bunu mənim özümə etiraf edirlər, elələri də var ki, heç nə demirlər, amma oxuyanda öz üslubumu açıq şəkildə hiss edirəm. Mənim onlara tövsiyəm odur ki, kimi isə yamsılamaqları normal sayıla bilər, amma bunun da bir zamanı var. Sənətçi püxtələşdikcə özü kimi oxumalıdır. Əgər kimsə məni və ya kimisə yamsılasa, özəlliyi olmayacaq, oxuyan kütlə arasından seçilməyəcək".

Onu yamsılayanların arasında tanınmışların olduğunu deyən sənətçi ad çəkməyi onların öz ixtiyarına buraxdı. Bu, həm də sənətçini sevindirir ki, yeni nəslə örnək ola bilir. Amma S.Ələkbərzadə bunu məktəb səviyyəsinə gətirməyi hələ düşünmür. Bunun üçün ona mane olan səbəblər var.

"Əslində, məktəb yaratmaq fikrim olub və bunu vacib hesab etmişəm. Amma yaradıcılığımla bağlı olan digər işlərim buna mane oldu. Məktəb yaratdım, uşaqlar toplandı və hətta bir dərs keçdim. Bu ərəfədə İtaliyada iki aylıq kursum başladı və məcburi şəkildə dərsləri dayandırdım. Geri dönəndə artıq dərs demək fikrindən vaz keçmişdim. Çünki bu kimi səfərlər uşaqlarla görüşməyimə çox mane olacaqdı. Mənimsə məqsədim onlara vaxtlı-vaxtında dərs keçib, bildiklərimi aşılamaq idi. Alınmadı. Amma bu, xitam verdiyim ideyam olmayacaq. Nə zaman hiss etsəm ki, özümü hər bir şəkildə dərs deməyə hazır görürəm, onda məktəbi yenidən yaradacam. Öyrənmək istəyən çoxdur və bilirəm ki, uşaq toplamaq çətin olmayacaq", - deyə sənətçi bildirdi.


Geri qayıt