Əsas Səhifə > Siyasət, Manşet > “ODLAR YURDU”NDA KÖZLƏR ATƏŞLƏNİR

“ODLAR YURDU”NDA KÖZLƏR ATƏŞLƏNİR


1-02-2012, 11:08
“ODLAR YURDU”NDA KÖZLƏR ATƏŞLƏNİR

ƏHMƏD VƏLİYEV HƏM KÜRSÜSÜNÜ, HƏM DƏ MANDATINI İTİRƏ BİLƏR

DİA.AZ: - Bir il öncə başlayan korrupsiyaya qarşı mübarizə kampaniyası səngidikcə ölkədə bir çox kiçik, orta və iri ranqlı məmurlar aldıqları yüksək əmək haqqı ilə kifayətlənmir, daha çox gəlir əldə etmək məqsədilə müxtəlif neqativ yollara baş vurmaqdan çəkinmirlər. Əfsuslar olsun ki, son illər vəziyyət bir qədər də mürəkkəbləşib. Belə ki, əgər əvvəllər məmurlar rüşvət almaqla gəlirlərini artırırdılarsa, artıq indi onlar əyri yollarla qazandıqları pulları iqtisadiyyatın gəlirli sahələrinə yatırmağa başlayıblar.

Bəziləri isə bu və digər şirkətə, əsasən özlərinə yaxın olan şəxslərin müəssisələrinə himayədarlıq edirlər. Təbii ki, bu da bazar iqtisadiyyatı şəraitində həm azad rəqabətə mane olur, həm də addımbaşı sadə vətəndaşların hüquqlarının tapdanması ilə nəticələnir. Nə qədər qəribə olsa da, artıq ölkədə korrupsionerlər bu tip üsullardan istifadə etməyə başlayıblar. «Odlar Yurdu» Universitetinin rektoru, 107 saylı Qazax Seçki Dairəsindən deputat seçilmiş Əhməd Vəliyevin əməlləri də bu sıraya aiddir.

Nəzərinizə çatdıraq ki, «Odlar Yurdu» Universitetinin Nizamnaməsi 1993-cü il aprelin 30-da Sabunçu rayon İcra Hakimiyyətində dövlət qeydiyyatına alınıb. Həmin nizamnamə əsasında universitet 1995-ci ildə vergi uçotuna durub, «Muğanbank» Kommersiya Bankında hesab açdırıb. 2006-cı ildə Dövlət Statistika Komitəsindən şəhadətnamə alıb. Universitetin qeydiyyata alınması barədə iki dəfə müsbət rəy verilib. Onları 1993-cü ildə Təhsil Nazirliyi və 1995-ci ildə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası verib. 1996-cı ilin iyulunda Nazirlər Kabineti adıçəkilən universiteti qeydiyyata alıb və lisenziya verib. Vergilər Nazirliyi isə «Odlar Yurdu» Universitetinin 1993-cü ildə qeydiyyatdan keçdiyini bildirir.

Bir neçə aydır ki, təhsil naziri Misir Mərdanov özəl universitetləri hədəfə alıb. Azərbaycan təhsil sisteminin inkişafını arxa planda qoyan bu universitetlərdə sözün həqiqi mənasında təhsildən əsər-əlamət qalmayıb. Testdənkənar qəbul imtahanlarında rüşvət halları artıq bəzi özəl universitetlərdə adi normaya çevrilib. Bu səbəbdən də öncə Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı. Söz yox ki, hələ bir müddət öncədən bu addım atılmalı idi.

Dünən məsələ ilə bağlı etirablı mənbənin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən daha bir özəl ali təhsil müəssisəsi bağlanmaq təhlükəsilə üzləşib. 20 ildən artıqdır ki, fəaliyyət göstərən «Odlar Yurdu» Universiteti bu il problemlə qarşılaşıb. Mənbənin dediyinə görə, Təhsil Nazirliyinin ali təhsil müəssisələrində tədrisin keyfiyyətilə bağlı apardığı monitorinq zamanı «Odlar Yurdu» Universitetində ciddi nöqsanlar aşkarlanıb. Araşdırmalar nəticəsində bəlli olub ki, adıçəkilən müəssisədə tədrisin keyfiyyəti lazımi səviyyədə deyil. Bundan başqa, mənbənin məlumatında sözügedən universitetdə qanunsuz tələbə qəbulu faktının mövcud olduğu da bildirilir. Qeyd olunur ki, ali təhsil ocağının rəhbəri Əhməd Vəliyev Təhsil Nazirliyinin monitorinq qrupunun rəsmilərilə danışıqlar aparmağa cəhdlər etsə də, istəyinə nail ola bilməyib. Nəticədə qrup «Odlar Yurdu» Universitetində apardığı yoxlamaların nəticələrini təhsil naziri Misir Mərdanova təqdim edib. Və universitetin fəaliyyətinin dayandırılması barədə kifayət qədər faktların olduğu bildirilib. Buna görə də ehtmal olunur ki, yaxın vaxtlarda universitetin fəaliyyəti dayandırılacaq.

Mənbə iddia edir ki, Əhməd Vəliyev problemi yoluna qoymaq məqsədilə təhsil naziri Misir Mərdanovla şəxsən görüşmək istəsə də, cəhdləri boşa çıxıb. Nazirin «bir çox vəzifəli adamlar özünə, ailəsinə, qohum-qardaşına lazım olanda qapıdan əl çəkmir, təhsilin ziyanına olan hər cür müdaxiləyə cəhd edirlər. Ancaq təhsilin xeyrinə olan məsələlərdə, müzakirələrdə iştirak etmirlər və deyirlər ki, təhsilin problemi var» kimi açıqlamasının kökündə də elə bu məsələ dayandığı iddia olunur.

Beləliklə, yaxın günlərdə daha bir universitetin bağlanması gözlənilir. Mənbənin sözlərinə görə, Əhməd Vəliyev yol verdiyi ciddi qanun pozuntularına görə, deputat mandatından da məhrum oluna bilər. Artıq onun məsələsi aidiyyəti üzrə dövlət orqanları tərəfindən araşdırılır. Və bu zaman məlum olub ki, rektor-deputatın universitetdən əlavə sement zavodları, klinikaları, bankları və çoxlu sayda ticarət obyektləri var. Böyük ehtimalla, o, bütün bunları rəhbərlik etdiyi ali təhsil ocağından yığılan pulun hesabına əldə edib...


Geri qayıt