Əsas Səhifə > Sosial, Manşet > «GİLAN HOLDİNQ»DƏ “SƏFƏRBƏRLİK” AJİOTAJI

«GİLAN HOLDİNQ»DƏ “SƏFƏRBƏRLİK” AJİOTAJI


1-02-2012, 11:04
«GİLAN HOLDİNQ»DƏ “SƏFƏRBƏRLİK” AJİOTAJI

FHN ŞEFİNİN OBYEKTLƏRİNDƏ İŞÇİLƏRİN HƏRBİ BİLETLƏRİ NİYƏ YIĞILIR?

DİA.AZ: - Bəzi yerlərdə işləyən insanların hərbi bileti yığılır. Bu hal daha çox föbqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu şübhə doğurmayan biznes strukturlarında, zavodlarda və fabriklərdə baş verir. Bu yerlərdə işləyən fəhlələrdən hərbi biletlərini kadrlar şöbəsinə verməyi tələb edirlər.

Məlumat üçün deyək ki, təkcə Qaradağ rayonu ərazisində fövqəl nazirə məxsus «Gilan Holdinq»-in bir neçə zavodu var. Əldə etdiyimiz məlumata görə, hərbi biletlər sonuncu dəfə məhz bu holdinqə məxsus olan kərpic zavodunun fəhlələrindən yığılıb. Bu haqda məlumatı ötürən mənbə deyib ki, onlar hərbi biletin yığılmasının səbəbini soruşduqda bunu onlara izah etməyiblər. Mənbə söyləyib ki, onlardan hərbi bileti yığıb «Gilan Holdinq»-in baş ofisinə aparıblar və maraqlıdır ki, indiyə qədər sənədlərini onlara qaytarmayıblar. Mənbə əlavə edib ki, əslində bu hal yalnız fövqəl nazirə məxsus olan holdinqlə bağlı deyil. Hərbi bileti yığılan insanlar qeyd edirlər ki, bu hal qarşıda gözlənilən müharibə ilə bağlıdır.

Söhbətləşdiyimiz hərbi ekspertlər isə deyir ki, rayon hərbi komissarlıqlarının və Müdafiə Nazirliyindən kənar kimlərinsə hərbi bilet yığması qeyri-qanuni əməl hesab olunur. Hərbi biletlər yalnız səfərbərlik məqsədilə yığıla bilər ki, bu prosedur da rəsmi şəkildə yerinə yetirilməlidir. Bəzi ehtimala görə, hərbi biletləri yığanlar və bunu qarşıda gözlənilən müharibə ilə əlaqələndirməyə çalışanlar insanlara psixoloji təzyiqlər edirlər. Bu halda cəmiyyətdə qorxu əhval-ruhiyyəsi yaradılır. Bəziləri isə bunu hansısa prapiska və ya pul silmək üçün ortaya atılan variant ola biləcəyini qeyd edirlər. Müşahidə olunan odur ki, bütün hallarda məqsəd birdir, insanlar arasındakı qorxu mühitini saxlamaq və imkan varsa bundan yararlanıb pul silmək. Yaxın zamanlarda hərbi biletlərin toplanmasının əsl səbəbləri şübhəsiz ki, məlum olacaq və bu zaman əsl həqiqət də üzə çıxacaq.

Geri qayıt