Əsas Səhifə > Cəmiyyət > ERMƏNİ ORDUSUNUN AYIBLARI

ERMƏNİ ORDUSUNUN AYIBLARI


31-01-2012, 18:57
ERMƏNİ ORDUSUNUN AYIBLARI

ERMƏNİSTAN ORDUSUNDA SOSİAL BƏRABƏRSİZLİK HÖKM SÜRÜR

Ermənistan ordusu sıralarında faciəvi hadisələr əksərən erməni cəmiyyətinin özündə qeyri-sağlam münasibətlərin, mövcud sosial bərabərsizliyin nəticəsidir.

Bu fikri Qarabağda erməni silahlı qüvvələrinin keçmiş komandanı (1991-92-ci illər), general Arkadi Ter-Tadevosyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, orduda qeyri-sağlam mühit, hərbi qulluqçular arasında qeyri-nizamnamə qarşılıqlı münasibətlər silahlı qüvvələrin son 20 ildəki nailiyyətlərinin üstündən xətt çəkən ciddi problemdir.

“Əsgərlərin qeyri-nizamnamə münasibətləri nəticəsində həlak olması hallarının guya bütün ölkələrin ordularına xas olması barədə bəhanələr tamamilə yersizdir. Faciəvi hadisələrin sayının azalması haqqında hər-hansı statistik məlumatların arxasında “gizlənməyi” də yanlış hesab edirəm. Statistika problemi həll etmir”, deyə Ter-Tadevosyan qeyd edib.

O hesab edir ki, gələcək əsgəri hərbi xidmətə erkən yaşlardan hazırlamaq lazımdır – onda vətənpərvərlik hissi aşılanmalı, missiyasının əhəmiyyəti təlqin edilməlidir. Bundan başqa, mövcud qanunvericilik təkmilləşdirilməli, onun fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır.

2011-ci ildə Ermənistan ordusunda hərbi qulluqçuların həlak olması ilə nəticələnən 36 hadisə qeydə alınıb, bu, ötən illə müqayisədə 24 hadisə azdır. Sözügedən 36 hadisədən 30-u hərbi qulluqçular arasında qeyri-nizamnamə münasibətlərinin nəticəsidir. Rəsmi statistikaya görə, 2011-ci il ərzində silahlı qüvvələr sıralarında cinayət səviyyəsi 10% azalıb.

Ermənistanın müxalif mətbuatının məlumatına görə, Qarabağda orduya çağırışla bağlı mürəkkəb vəziyyət yaranıb. Belə ki, payız çağırışı zamanı yerli hakimiyyət çağırışçıların ələ keçirilməsi üçün yerli təhlükəsizlik xidmətini cəlb etmək məcburiyyətində qalıb. Separatçıların lideri Bako Saakyanla görüşdə isə çağırışçılardan biri komandanın həyat yoldaşı Hammerdə gəzən orduda xidmət etmək istəmədiyini bildirib.


Geri qayıt