Əsas Səhifə > Ölkə, Manşet > CƏLİLABAD SAKİNİ RAMİL USUBOVDAN KÖMƏK İSTƏDİ

CƏLİLABAD SAKİNİ RAMİL USUBOVDAN KÖMƏK İSTƏDİ


22-11-2013, 13:42
CƏLİLABAD SAKİNİ RAMİL USUBOVDAN KÖMƏK İSTƏDİ
BAŞI QALDA OLAN ATAYA GÜN YOXDUR

DİA.AZ: - Bu günlərdə azyaşlı qızının qaçırılmasından şikayətlənən Cəlilabad rayon Alar kənd sakini Nağıyev Rahil Nağı oğlunun başından qal əskik olmur. İndi də DİA.AZ-a müraciət edən vətəndaş bildirir ki, bu dəfə övladı naməlum şəraitdə oğurlanaraq, polis işçiləri tərəfindən döyülüb.

Vətəndaş yazır: «Mən Cəlilabad rayon Alar kənd sakini Nağıyev Rahil Nağı oğlu 13-cü polis bölməsinin əməkdaşlarından şikayətçiyəm. Bildirim ki, oğlum Kənan Nağıyev astma xəstəsidir və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya etdiyim müraciətdən sonra 6 saylı uşaq klinikasında dövlət hesabına müalicə olunur. Bu ilin 19 noyabr tarixində oğlumu xəstəxanının yaxınlığından oğurlayaraq ağ rəngli, 99CC011 nömrəli «Niva» markalı maşina mindirib, 13-cü polis bölməsinə aparıblar.

Bölmədə oğlumu 2 saat ərzində döyüblər. Və oğlum səbəbini soruşduqda astmadan zar-zor nəfəs alan övladıma «sən narkomansan, evinizə xəbər elə pul gətirsinlər, səni buraxaq» deyiblər. Sonradan oğlumun halının pisləşdiyini görüb, onu eyni «Niva» maşını ilə metronun 20 Yanvar stansiyasının yaxınlığına gətirib, orada onu atıb, gediblər».

Vətəndaş bildirir ki, hazırda oğlunun durumu ağırdır: «İmkan olmadığından, oğlum hazırda Cəlilabad rayon xəstəxanasındadır. Dövlətimizdən, daxili işlər naziri hörmətli Ramil Usubovdan bu qeyri-insani hərəkəti törədən polis işçilərinin cəzalandırılmasını xahiş edirəm».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt