Əsas Səhifə > Cəmiyyət > "MÜDAFİƏ NAZİRLİYİNDƏ KADRLARLA BAĞLI ZİDDİYYƏT VAR"

"MÜDAFİƏ NAZİRLİYİNDƏ KADRLARLA BAĞLI ZİDDİYYƏT VAR"


22-11-2013, 12:52
"MÜDAFİƏ NAZİRLİYİNDƏ KADRLARLA BAĞLI ZİDDİYYƏT VAR"
“Müdafiə nazirinin indiyə kimi təyin etdiyi kadrlar arasında uğurluları da var, uğursuzları da”. Bu fikri Hafta.az-a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov. Onun sözlərinə görə, nazirin bundan sonra da kadr islahatlarına davam edəcəyi gözlənilir:

“Nazirin dünən Moskvada verdiyi açıqlamalar əsasında demək olar ki, onun bundan sonra da kadrların yerdəyişməsi aparacağı gözlənilir. Ancaq məni narahat edən budur ki, ötən bir ay ərzində kifayət qədər təcrübəli və savadlı kadrlar vəzifəsindən uzaqlaşdırılıb”.

Üzeyir Cəfərovun fikirlərinə görə, nazirlikdə bəzi kadr islahatları şəxsi münasibətlərə bağlanır:

“Peşəkar kadrlara münasibət hələ də Müdafiə Nazirliyində ziddiyyət var. Ziddiyyət də bundan ibarətdir ki, bəzi kadrlarla haqq-hesab çəkilir. Misal üçün müdafiə nazirinin Mənzil İstismar İdarəsinin rəisi palkovnik-leytenant Hafiz Əliyev baş qərargah rəisi ilə gərgin münasibətdə olduğuna görə onun xidməti yeri birdən-birə Bakıdan Naxçıvana dəyişdirildi”.
Ehtiyatda olan hərbi jurnalist islahatlardan narazılığını əsaslandırdı:
“Təcrübəli, döyüş keçmiş generalları vəzifədən uzaqlaşdırmaq, ehtiyata buraxmaq məncə düzgün deyil. Çünki onsuz da hər bir generala dövlət kifayət qədər vəsait sərf edir. Bu insanların bilik və bacarıqlarından da yararlanmaq lazımdır. Kadr islahatı belə aparılmamalıdır. Əgər kadr çıxarılırsa, onun yerinə daha peşəkarı və təcrübəlisi gətirilməlidir. Necə başa düşmək olar ki, Müdafiə Nazirliyinin ən mühüm idarələrinin rəhbərliyinə tam təsadüfi bir şəxs olan, hansısa bankın mühafizə xidmətinin rəhbəri gətirilir”.

Üzeyir Cəfərov yeni kadrların döyüş anında səriştəli davranacaqlarına inanmır:
“Müharibə şəraitində olan ölkənin əsas güc strukturunda belə boşluğa yol vermək olmaz. Sabah səfərbərlik komandası olarsa, belə bir həssas məqamda tam təsadüfi bir adamın, vəziyyəti real dəyərləndirməyən, nəzarət etməyən bir hərbçinin Müdafiə Nazirliyi kimi güc strukturuna gətirilməsi və onun döyüş anında necə əmrlər verəcəyi, hansı səriştəyə sahib olması böyük suallar doğurur. Bir sözlə, mən baş verən kadr islahatları ilə tam razı deyiləm. Kadr siyasətində yerdəyişmələr lazımdır, mən demirəm ki, lazım deyil. Ancaq bu şəkildə də olmaz. Yəni Müdafiə Nazirliyi o dərəcədə bərbad bir durumda olub ki, Zakir Həsənov təcili olaraq bir ay ərzində kadr islahatında addımlar atır hələ də bu addımları başa çatdırmayıb”.
Qeyd edək ki, bu gün müdafiə naziri, general-palkovnik Zakir Həsənovun vəzifədə olmasının bir ayı tamam olur.

Geri qayıt