Əsas Səhifə > Dünya > UKRAYNA AVROPA OLACAQMI?

UKRAYNA AVROPA OLACAQMI?


22-11-2013, 11:03
UKRAYNA AVROPA OLACAQMI?
Avropa Birliyi Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya haqqında sazişin bağlanmasına hazırlıq prosesinin dayandırılması qərarından məyus olduğunu bildirib. Qurumun xarici işlər naziri Ketrin Eşton deyib ki, Avropa Birliyinin öz hüdudlarından kənarda təklif etdiyi sazişin imzalanması ilə Ukrayna gələcəkdə islahatlar kursunu möhkəmləndirəcəkdi və bütün dünyanın sərmayəçi və beynəlxalq maliyyə təsisatlarına özünün beynəlxalq bazarlarda necə etibarlı və ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirəcəkdi: “Saziş Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə yeni razılaşmanın əldə olunması ilə bağlı danışıqlarına təkan verəcəkdi və ölkəyə qoyulan xarici sərmayələrin həcmini artıracaqdı. Biz Ukraynanın gələcəyinin Avropa Birliyi ilə sıx münasibətdə olacağına inanırıq və Ukrayna xalqı qarşısında üzərimizə götürdüyümüz və ona rifah gətirəcək öhdəliklərə sadiq qalırıq”.

APA-nın məlumatına görə, ABŞ Dövlət Departamenti bəyanat yayaraq Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya və ticarət sazişinin imzalanmasına hazırlığının dayandırılması qərarından məyus olduğunu açıqlayıb. Vaşinqton Avropa Birliyinə Ukrayna üçün qapıları açıq saxlamağı tövsiyə edib, qurumun Kiyevə tarixi fürsət yaratdığını vurğulayıb: “ABŞ əmindir ki, Ukraynanın Avropaya inteqrasiyası ölkəni iqtisadi çiçəklənmə və demokratiyaya aparan ən yaxşı yoldur”.

Moskva isə Ukraynanın Rusiya və MDB dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək qərarını alqışlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə bəyanat verib.

Ukrayna hökuməti noyabrın 21-də Avropa Birliyi ilə assosiativ saziş imzalanmasına hazırlıq prosesini dayandırmaq qərarı verib. Hökumət Avropa Birliyi və Rusiya ilə birgə üçtərəfli komissiyanın formalaşdırılması qərarı da çıxarıb. Xarici İşlər, İqtisadi İnkişaf və Sənaye Siyasəti nazirliklərinə isə Rusiya, eləcə də Gömrük İttifaqı və MDB ölkələri ilə iqtisadi və ticari münasibətlər barədə fəal dialoqu bərpa etmək tapşırılıb.

Geri qayıt