Əsas Səhifə > Cəmiyyət > “EŞİT MƏNİ, CƏNAB PREZİDENT”...

“EŞİT MƏNİ, CƏNAB PREZİDENT”...


31-01-2012, 15:02
“EŞİT MƏNİ, CƏNAB PREZİDENT”...

“KÜR QAÇQINI” PREZİDENTƏ DƏRDİNİ ŞEİRLƏ YAZDI

Havaların kəskin pisləşməsi hər yerdə olduğu kimi 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları bölgəsində yaşayan insanlara da əlavə problemlər gətirib. Evi qəzalı olan və ya ümumiyyətlə evi olmayan insanlar üçün bu problemlər iki qat çətinliklər yaradır. Son bir neçə gündə Aran bölgəsindən aidiyyatı dövlət qurumlarına, eləcə də dövlət başçısına ünvanlanan məktubların sayı artıb. Vətəndaşların bir qismi həmin məktubların surətini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına təqdim edərək müraciətlərinin ünvanlara çatdırılmasına və onların problemlərinin həllinə yardım göstərilməsini xahiş edirlər.

Saatlı rayonunun Novruzlu kənd sakini Mirabad Rzayev də şikayətçi insanlardan biridir. Onu digər şikayətçilərdən fərqləndirən xüsusiyyət odur ki, özünün dediyi kimi “dərdi onu şair edib” və prezidentə öz dərdini şeirlə ifadə edib. 2010- cu ilin yazında Kür Araz daşqınlarının təsirinə məruz qalan 52 yaşlı “Kür qaçqını” öz məktubunda qeyd edir ki, 3 uşaq atasıyam, 2 oğlum ləyaqətlə hərbi xidmətini başa vurub, qızım da ailəlidir; “Mən öz övladlarımın keçirdiyi həyat tərzinə baxanda bir daha əmin oluram ki, Hollivuldda Tarzan filmində çəkilmiş meymun qədər də bizim hərbidən gələn balalarımıza qiymət verilmir. Çünki Saatlı rayonunun Novruzlu kəndində elə bir İcra nümayəndəsi peyda olub ki, bizi bütün dövlət qayğılarından məhrum edib və bizim kimi sadə insanları dövlətlə üz- üzə qoyub. Çünki sel daşqınlarından sonra Yeni Novruzlu qəsəbəsi salınarkən təsərrüfat sayına görə ev paylanmasına baxmayaraq mənim 2 övladımın heç birinə ev verilmədi. Halbu ki, mənim oğlum evlər paylanmamışdan öncə ailə həyatı qurmuş və ayrı təsərrüfat idi. Təəssüf ki, bunlar nəzərə alınmadı və bizə qarşı ədalətsizlik, ayrı seçkilik edildi. Çünki yerli icra nümayəndəsinin mənimlə münaqişəsi olduğuna görə mənə olan qisasını oğlumdan alır. Hazırda öz ailəmlə uçuq, qəzalı olan evimdə yaşayıram ki, bu evin də hər an uçmaq təhlükəsi var. Haqqımı tələb etdiyimə görə məni milli təhlükəsizlik orqanları ilə hədələyirlər. Xahiş edirəm məni qəbul edin və dinləyin”.

Şikayətçi Mirabad Rzayev daha sonra öz fikirlərini şeirlə ifadə edir. Prezidentə ünvanladığı şeirin bir parçasında deyilir;

Eşit məni cənab prezident;
Ola bilmirəm istəyimə nail,
Dərd, kədər məni edib şair.
Elə qanun tətbiq olunur ölkədə,
Belə getsə kasıb öləcək bəlkə də...
Müstəqil ölkə yarandı bizdə
İş tapılmır, millət qalıbdır düzdə.
Kasıb canına edə bilmir müalicə
İmkanlılar kefə gedir xaricə...


Geri qayıt