Əsas Səhifə > Siyasət, Manşet > ABBAS ABBASOVUN BAKIDAKI BİZNESİ HƏDƏFƏ ALINIR

ABBAS ABBASOVUN BAKIDAKI BİZNESİ HƏDƏFƏ ALINIR


20-11-2013, 11:39
ABBAS ABBASOVUN BAKIDAKI BİZNESİ HƏDƏFƏ ALINIR
ONUN ANTİAZƏRBAYCAN FƏALİYYƏTİNƏ BAKIDAN BELƏ CAVAB VERİLƏCƏK

DİA.AZ: - Prezident seçkilərinə qədər Azərbaycan dövləti əleyhinə fəaliyyəti aşkar surətdə hiss olunan və seçkilər ərəfəsində rəsmi Bakı ilə münasibətlərini qaydasına salmağa çalışan və belə bir görüntünü yaradan, ardından isə Kremlin antiAzərbaycan planlarında adı yenidən hallandırılan baş nazirin keçmiş müavini, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «Azərros»un ağsaqqallar şurasının rəhbəri Abbas Abbasovla bağlı redaksiyamıza maraqlı bir informasiya daxil olub.

Məlumatlı mənbələrin DİA.AZ-a ötürdüyü informasiyalardan belə bəlli olur ki, əslində Abbas Abbasov özünün seçki ərəfəsi fəaliyyəti ilə yalnız gözə kül üfürməklə məşğul olub: «Onun Bakıya qarşı münasibətləri nə zaman yumşaldı? Putinin Azərbaycana səfərinin ardından. Və sonradan münasibətlər yenidən gərildi və yenə də Abbas Abbasovun üzü çöndü. Hətta onunla bağlı ilginc faktlar Azərbaycanın rəsmi mediasına qədər yol tapdı. Aydın olurdu ki, Abbas Abbasov İstanbulda hakimiyyət əleyhinə olan bir görüşə də qatılıb. Bu isə Abbas Abbasovla YAP iqtidarının münasibətlərindəki problemin tam şəkildə ortaya çıxması idi.

Ümumiyyətlə, Abbas Abbasov bu gün müstəqil birisi deyil ki, sərbəst şəkildə hakimiyyətlə münasibətlərilə bağlı qərar verə bilsin. Yəni Kreml nəyi deyirsə, onu da edir. Əgər belə olmasaydı, Abbas Abbasov Kremlin Azərbaycana qarşı layihələrindən biri kimi dəyərləndirilən «Milyarderlər İttifaqı»nda bu səviyyədə təmsil olunmazdı.

Başqa bir yandan, Abbas Abbasov Rusiyanın Azərbaycan vətəndaşlarına qarşı planı ilə bağlı da az qala susqunluq nümayiş etdirməsilə də Kremlin əlində oyuncaq olduğunu ortaya qoymaqdadır. Orxan Zeynalovun məsələsində hərəkətsiz qalmalı deyildi ən azından. Çünki RATİ adlı bir təşkilatın başında dayanan bir isimdir və bu təşkilat da guya ki, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməklə məşğuldur. Hətta cinayət törətsələr belə. Amma Abbas Abbasov daha çox qızışdırıcı və araqatan mövqeyilə diqqətə gəldi ki, bu da onun missiyasının tamam fərqli olmasından xəbər verməkdədir».

Mənbəmiz iddia edir ki, artıq Abbas Abbasov «şifrəsini tam çözən» Azərbaycan hakimiyyəti onunla bağlı bir sıra addımları atmaq niyyətindədir: «Təbii ki, bu zaman onun deputat oğlunun aqibəti də bəlliləşmiş olur. Yəni Aydın Abbasov ən yaxşı halda mandatını itirməklə prosesdən çıxacaq. Başqa tədbirlər də var».

Mənbəmiz iddia edir ki, Bakıda və Gəncədə Abbas Abbasova aid çox ciddi biznes şəbəkələri var: «İllərdir, Abbas Abbasovun adamları Rusiyadan Gəncə və Bakı istiqamətində biznes xəttinə malikdirlər. Bu xətt o qədər təminatlı olub ki, gömrük rüsumlarından da yayındırılıb. İndi isə nəinki belə güzəşt olmayacaq, əksinə, bu xəttin bağlanması üçün hərəkətə keçilib və hətta yaxın günlərdə Abbas Abbasovlə əlaqəli bir neçə iş adamının müxtəlif ittihamlarla həbsi də gözlənilir».

Mənbəmiz bunlara paralel olaraq baş nazirin keçmiş müavininin obyektlərinin də hədəfdə olduğunu bildirdi.

Geri qayıt