Əsas Səhifə > Gündəm, Manşet > BU GÜN RƏSULZADƏNİN DOĞUM GÜNÜDÜR

BU GÜN RƏSULZADƏNİN DOĞUM GÜNÜDÜR


31-01-2012, 11:35
BU GÜN RƏSULZADƏNİN DOĞUM GÜNÜDÜR

İCTİMAİ PALATA BÖYÜK ÖNDƏRİN ŞƏNİNƏ NOVXANIDA ANIM AKSİYASI KEÇİRİR

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Hər il olduğu kimi, bu il də böyük öndərin doğum günü ölkənin demokratik qüvvələri, onun ideallarının davamçıları tərəfindən Novxanıdakı abidəsi önündə xüsusi mərasimlə qeyd olunacaq.

Bu gün saat 14-də İctimai Palatanın təşkilatçılığı ilə keçiriləcək mərasimdə İP üzvləri, Müsavat Partiyası, AXCP təmsilçiləri və ictimai-siyasi xadimlər iştirak edəcək.

Ömrünü Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr edən Məhəmməd Əmin Rəsulzadənin doğum və dünyasını dəyişdiyi tarixlərə hazırkı Azərbaycan hakimiyyəti laqeydlik nümayiş etdirir. Rəsulzadənin Azərbaycanda cəmi bir heykəli var. O da dünyaya gəldiyi Novxanı qəsəbəsindədir. Şəhərin mərkəzi yerlərində onun abidəsinin ucaldılması dəfələrlə tələb edilsə də, heç bir nəticəsi olmayıb. Böyük öndərin şəhərdə abidəsinin yoxluğu onun doğum günündə keçirilən mərasimlərin kütləviliyinə də mənfi təsir edir. Bir abidə ilə bu dövlətin böyük öndər qarşısında borcunu yerinə yetirməsi mümkün olmasa da, hər halda, onun adına layiq mərasimlərin keçirilməsi üçün abidəsinin ucaldılması zəruridir. Məhəmməd Əmin Rəsulzadənin abidəsinin qoyulması təşəbbüsü ilə bir neçə dəfə Milli Məclisdə çıxış edən Ümid Partiyasının sədri İqbal Ağazadə də bu fikirdədir. İ.Ağazadə bildirdi ki, Xalq Cümhuriyyətinin qurucularına bütövlükdə xatirə abidəsinin qoyulması və burda Məhəmməd Əmin Rəsulzadəyə xüsusi diqqət ayrılması zəruridir: “Təəssüflər olsun ki, hakimiyyət hələ bu zərurəti nəzərə almaq, çağırışları eşitmək istəmir. Ona görə də bu çağırışlar və tələblər Məhəmməd Əmin Rəsulzadənin heykəli şəhərdə onun adına layiq yerdə qoyulanadək davam edəcək. Biz təklif etmişdik ki, Rəsulzadənin nəşi Türkiyədən Azərbaycana gətirilsin və Bakıda bir anıt məzarı düzəldilsin, ziyarətgah yerinə çevrilsin. Rəsulzadənin Bakıda anıt qəbri olsa, oranın xalqın ziyarətgah yerinə çevriləcəyi şübhəsidir. Çünki Rəsulzadə Şərqdə ilk demokratik cümhuriyyətin banilərindən, fikir-düşüncə babalarından biridir. Əslində Şərqdə demokratik cümhuriyyət adlanan parlamentarizm adına nə varsa, onu ilk dəfə Məhəmmməd Əmin Rəsulzadə gerçəkləşdirib”.

İ.Ağazadə vurğuladı ki, Rəsulzadəyə, onun silahdaşlarına təkcə Azərbaycan deyil, demokratiyanı, parlamentarizmi düşüncə və yaşam tərzi kimi qəbul etmiş bütün ölkələr minnətdar olmalıdır, onları həmişə ehtiramla yad etməlidir: “Rəsulzadə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı deyil, o, Şərqdə parlamentarizmin, yeni dövlət düşüncəsinin yaradıcısıdır. Ona görə də Rəsulzadə yalnız Azərbaycan çərçivəsində yox, Yaxın Şərq çərçivəsində ciddi qəbul olunmalıdır”.


Geri qayıt