Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKI-SUMQAYIT YOLUNDA ÖLÜM MƏNBƏYİ...

BAKI-SUMQAYIT YOLUNDA ÖLÜM MƏNBƏYİ...


19-11-2013, 09:13
BAKI-SUMQAYIT YOLUNDA ÖLÜM MƏNBƏYİ...
Dəfələrlə qeyd olunduğu kimi ölkə iqtisadiyyatının sürətli inkişafı, öz təzahürlərini həm paytaxt Bakıda, həm də bölgələrimizdə həyata keçirilən inşaat işlərində də tapmaqdadır. İri miqyaslı tikintilər isə öz növbəsində müxtəlif ərazilərdə sıxlığın artması ilə müşyiət olunur. Həm də bu sıxlıq təkcə ərazidə yaşayan insanların çox olmasında deyil, eyni zamanda da yaşayış binalarının və müxtəlif obyektlərin biri-birilərinə həddindən artıq yaxın olmalarında təzahür edir. Bu yaxınlıq isə əlavə narahatlıqlardan başqa, bəzən hətta həyat üçün təhlükəli də ola bilər. Məsələn, yaşayış binası ilə yanacaqdoldurma stansiyasının yaxın yerləşmələri kimi.

3 il əvvəl Lənkəran rayonunda yanacaqdoldurma məntəqələrindən birində baş verən partlayış da yaxınlıqda yaşayan əhali üçün böyük təhlükə yaratdı. Yanğınla davam edən partlayış nəticəsində obyekt sahibi ilə yanaşı, dövlətə də ciddi ziyan dəydi. Yanacaqdoldurma məntəqəsinin yaşayış evlərinin yaxınlığında yerləşməsi əhalinin də ziyan çəkməsi ilə nəticələndi.

Ondan sonra 2012-ci ilin oktyabrında Yevlax şəhəri ərazisindəki maye qaz-yanacaqdoldurma məntəqəsində partlayış baş verdi. Anoloji hadisə bu il Saatlıda təkrarlandı. Saatlı sakini Oruc Həsənova məxsus “Alov 10” maye qaz-yanacaqdoldurma məntəqəsinin ərazisində təmir işləri zamanı maye qazla doldurulmuş çəndə partlayış baş verdi. Belə hadisələr hər il təkrarlansa da problem həll olmur. Halbuki əlaqədar orqanları bu məsələ ciddi düşündürməlidir.

Çünki paytaxt Bakıda da yaşayış binalarının bir neçə addımlığında yanacaqdoldurma məntəqələrinin sayı onlarladır. Baş verə biləcək bu cür hadisələrdən isə heç kəs sığortalanmayıb.

Ekspertlərin sözlərinə görə, dünyanın sivil ölkələrində bu kimi məsələlərə ciddi yanaşırlar. Sovet dövründə də yanacaqdoldurma məntəqələri nəinki yaşayış evlərinin, hətta inzibati binaların yaxınlığında inşa edilə bilməzdi. Belə tikintilərə icazə verilərkən ilk növbədə müvafiq ciddi araşdırma aparılırdı. Daha çox rast gəlinən hal yaşayış evlərinin yaxınlığında sonradan yanacaqdoldurma məntəqələrinin tikintisidir. Redaksiyamıza şikayətlə müraciət edən, Bakı-Sumqayıt şossesi üzərində, Səməd Vurğun küşəsi 48 ünvanda yaşayan Ramin Bünyadov yazır ki, onun evi ilə “TUSOİL” yanacaqdoldurma məntəqəsi arasında heç 5 metr də məsafə yoxdur. Şikayətçi deyir ki, iki azyaşlı körpəsi var və bu yanacaqdoldurma məntəqəsi ucbatından daim qorxu içində yaşayırlar. Əlaqədar orqanlara yazılan şikayətlər isə cabavabsız qalır. Əgər burada lap kiçik də olsa partlayış baş verərsə, yaşayış evləri çox yaxın olduğundan böyük insan təlafatı ola bilər. Əgər həmin yanacaqdoldurma məntəqələrində hər hansı hadisə baş versə, yüzlərlə insan təhlükə altında qalar. Mütəxəssislər bildirirlər ki, əhalinin təhlükəsizliyi baxımından bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir: "Yanacaqdoldurma məntəqələri təhlükəli ərazilərdən köçürülməlidir. Həmin iş üçün dövlət müəyyən qədər kompensasiya ödəsə də, sonradan baş verə biləcək təhlükələr baxımından bu addımın atılması vacibdir".

Əməkdar memar Feyzulla Quliyev isə məsələyə münasibət bildirərkən əsas məsələnin təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı olduğunu vurğuladı: "Sovet dövründə mövcud olan normativ aktlara görə, yanacaqdoldurma məntəqələri yaşayış məntəqələrindən xeyli kənarda yerləşməli idi. Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə isə istər paytaxtda, istərsə də regionlarda belə məntəqələr tikildi. Amma həmin məntəqələrin tikintisi zamanı zəmanət verilir ki, təhlükəsizliyə riayət olunsa, bu yanacaqdoldurma məntəqələrində heç bir hadisə ola bilməz. Düzdür, bina tikintisi aparılarkən də zəmanət verilir ki, həmin evlər 9 bal gücündə zəlzələyə davam gətirəcək. Amma sonradan müəyyən fəsadlar yaranır. Buna görə də 100 faizlik zəmanət vermək mümkün deyil. Əsas məsələ bu tip obyektlərdə təhlükəsizlik qaydalarına riayət edilməsidir. Əlaqədar orqanlar da həmin məntəqələrdə çalışan işçilərin nə dərəcədə səriştəli olmasına, təhlükəsizlik qaydalarına riayət edilməsinə ciddi önəm verməlidirlər". Təhlükəsizlik qaydaları öz yerində, amma bütün bu deyilənlərdən heç də arxayınlıq hissi yaratmayan belə bir qənaətə gəlmək olur ki, yüksək gəlirli kommersiya obyekti olan yanacaqdoldurma stansiyalarının inşasında bundan sonra da heç bir normativ və qaydaların tətbiqini gözləmək lazım deyil. Bərbəxt hadisələrə gəlincə isə, necə deyərlər, suda boğulanın xilası, ilk növbədə suda boğulanın öz səylərinə bağlıdır...

Geri qayıt