Əsas Səhifə > Cəmiyyət > DİN XADİMLƏRİ EKSTREMİZMƏ QARŞI
DİN XADİMLƏRİ EKSTREMİZMƏ QARŞI29-09-2011, 13:40 |
BAKIDA BİRGƏ BƏYANAT QƏBUL EDİLDİ Azərbaycan və Rusiya Federasiyası din xadimləri və ilahiyyatçıları Birgə Bəyanat qəbul ediblər. "Biz, görüş iştirakçıları - Azərbaycan Respublikası və Rusiya Federasiyasının din xadimləri və ilahiyyatçıları - dinlər və konfessiyalar arasında qarşılıqlı ehtiramın qorunub saxlanması naminə tərəfdaşlığın dərinləşməsinə, terrorizm və ekstremizmin yayılmasının qarşısının alınmasına hazır olduğumuzu ifadə edərək birgə bəyanatla çıxış edirik. Biz siyasi, iqtisadi, sosial, dinlərarası, millətlərarası və digər problemlərin həll vasitəsi kimi terrorizm və zor işlədilməsini qətiyyətlə pisləyir və onun qəbuledilməz olduğunu bəyan edir, MDB-nin bütün əhalisini və dindarları terrorizmi, onun bütün təzahürlərini pisləməyə və bütün dinlərin sülhpərvər ehkamlarına birmənalı şəkildə əməl etməyə çağırırıq", - Trend-in məlumatına görə, cümə axşamı Bakıda Azərbaycan və Rusiya Federasiyasının din xadimləri və ilahiyyatçılarının Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş və Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məsələlərinə dair görüşdə qəbul olunan Birgə Bəyanatda qeyd olunub. Görüşdə Azərbaycan və Rusiyanın din xadimləri, ənənəvi konfessiya rəhbərləri, ziyalılar və tanınmış ictimai xadimləri iştirak ediblər. Görüşdə müasir dönəmdə dinlərarası və konfessiyalararası qarşılıqlı münasibətlərə dair məsələlər, müstəqillik dövründə din və dövlət arasında əlaqələrin inkişafı, habelə din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələrinin birgə səyləri ilə ekstremizm və terrorizm ideologiyasının yayılmasının qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilib. Bəyanatda qeyd olunub ki, görüş iştirakçıları, zor, terrorizm və ekstremizmin heç bir təzahürünü qəbul etmir və bu səbəbdən Qafqazda, eləcə də MDB-nin digər regionlarında müharibələrin və terror aktlarının qarşısının alınması üçün hakimiyyəti və cəmiyyəti səylərini əsirgəməməyə çağırır. "Bizim arzuladığımız gələcəkdə anaların və uşaqların qanlı göz yaşları, Dağıstanda, Çeçenistanda, Kabardo-Balkarda, İnquşetiyada və digər məkanlarda terror aktları və günahsız qurbanlar olmamalıdır. Biz bölgədə separatizm və terrorizmin yayılma ocağı olan Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişəli vəziyyətlər beynəlxalq hüququn müvafiq norma və sənədləri, ümumi qəbul edilmiş ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. Biz dünya ictimaiyyətinə müraciət edərək terrorçu və ekstremist qruplaşmalara heç bir mənəvi, maliyyə, hərbi-texniki yardım və dəstək göstərilməməyə çağırırıq. Azərbaycan Respublikası və Rusiya Federasiyasının din xadimlərinin və ictimaiyyət nümayəndələrinin xalqlarımızın maraqlarına xidmət etmək yönümündə çoxəsrlik əməkdaşlıq tarixi vardır. Bizim ümumi rəyimizə görə ənənəvi dinlərin dirçəlişi vətəndaş cəmiyyətinin mənəvi-əxlaqi dayaqlarının möhkəmlənməsinə xidmət edəcək, dindarların hüquqlarının gerçəkləşməsi imkanlarını genişləndirəcək, xalqlarımız qarşısında duran bir çox vacib məsələlərin həllinə yardımçı olacaq", - Bəyantda deyilir. Görüş iştirakçıları bu xeyirxah məramlarla aşağıdakı praktik addımları atmağa hazır olduqlarını bəyan edirlər: 1. Yaxın və uzaq xaric ölkələrinin din xadimləri və ilahiyyatçılarının iştirakı ilə ekstremizm ideologiyasının, xüsusilə gənclərin arasında yayılmasının qarşısının alınması ilə bağlı təcrübə mübadiləsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlər keçirilmək təcrübəsini davam etdirmək; 2. Gələcək beynəlxalq miqyaslı görüşlərin gedişində Moskva Dövlət Linqvistika Universitetinin Strateji Planlaşdırma və Təhlükəsizlik Problemləri üzrə Elmi-təhsil Mərkəzinin bazasında yeni qurum - terrorizm ideologiyasının, xüsusilə gənclər arasında yayılmasının qarşısının alınması məqsədilə vətəndaş cəmiyyəti təsisatlarının və dini konfessiyaların səylərinin konsolidasiyası üzrə Beynəlxalq Şura yaradılması imkanını nəzərdən keçirmək; 3. MDB-nin dövlət və dini tədris müəssisələrində dini ehkamların terrorizmə bəraət qazandırmaq üçün istifadəsinin yolverilməzliyi barədə və MDB dövlətlərində ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məqsədilə mühazirə və seminarlar kursunun daxil edilməsini məqsədəuyğun hesab etmək; 4. Hər il Rusiyanın bölgələrində və MDB dövlətlərində müxtəlif konfessiyaların təmsilçisi olan din xadimlərinin iştirakı, gənclər təşkilatlarının cəlb olunması ilə terrorizmin profilaktikası və terrorizm ideologiyasının yayılmasının qarşısının alınmasına dair tədris, metodik ədəbiyyat və fotosənəd sərgiləri təşkil etmək; 5. Müxtəlif konfessiyalardan olan din xadimlərinə Moskva Dövlət Linqvistika Universitetinin Dini Təhsil üzrə Ali Təhsil müəssisələri arası Şurası nəzdində MDB çərçivəsində dinlərin qarşılıqlı əlaqələri probleminə dair Beynəlxalq Tədqiqat Konsorsiumu yaratmağı təklif etmək. "İnanırıq ki, beynəlxalq əməkdaşlığın inkişafı, müxtəlif konfessiyalardan olan din xadimlərinin və elmi ictimaiyyətin ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması yönündə fəal mövqeyi MDB məkanında təhlükəsizliyin təminatına və terrorizmin səviyyəsinin endirilməsinə xidmət edəcək", - bəyənatda deyilir. Geri qayıt |