Əsas Səhifə > Cəmiyyət > FƏRHAD VƏ RAFİQ ƏLİYEVLƏ BAĞLI MƏHKƏMƏ QƏRARI VAR

FƏRHAD VƏ RAFİQ ƏLİYEVLƏ BAĞLI MƏHKƏMƏ QƏRARI VAR


30-01-2012, 16:41
FƏRHAD VƏ RAFİQ ƏLİYEVLƏ BAĞLI MƏHKƏMƏ QƏRARI VAR

ŞTRASSER SİYASİ MƏHBUS SORUNUNU ÇÖZƏ BİLƏCƏKMİ?

Ötən həftə AŞPA-nın qış sessiyası çərçivəsində assambleyanın hüquq məsələləri və insan hüquqları üzrə Komitəsində siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin fəaliyyəti məsələsi müzakirə olunub. İclasda iştirak edən hüquq müdafiəçisi Eynulla Fətullayevin Turana verdiyi məlumata görə, Ştrasser siyasi məhbus hesab olunan 70 nəfərin siyahısını Azərbaycan hökumətinə göndərdiyini və mandatı çərçivəsində bu məsələni yerində araşdırmaq istədiyini, lakin rəsmi Bakının onun səfərinə mane olduğunu bildirib.

Fətullayev bəzi KİV-lərin o və digər ekspertlərin məruzəçinin fəaliyyətini tənqidə məruz qoyması haqqında yaydığı məlumatları təkzib edib.

“Ştrasserin fəaliyyətinin qiymətləndirilməsi ümumiyyətlə mənim funksiyalarıma daxil deyildi”, deyə Fətullayev bildirib. Bununla belə, o, “siyasi məhbus” mövzusunda hər cür spekulyasiyaları istisna etmək və siyasi məhbusların azad edilməsi məsələsinin həllini sürətləndirmək üçün Avropa Şurasının “siyasi məhbus” anlayışının konkret meyarlarını işləyib hazırlamasının tərəfdarı olduğunu bildirib.

AŞPA Komitəsi rəhbərinin Fətullayevin Azərbaycanda kimləri siyasi məhbus hesab etməsi haqqında sualına cavabda hüquq müdafiəçisi bildirib ki, bu, ilk növbədə Amnesty İnternationalın “vicdan məhbusu” kimi tanıdığı 17 nəfərdir (2011-ci ilin yazında etiraz aksiyaları ilə əlaqədar həbs olunanlar. Onlardan biri – Cabbar Savalan ötən ilin sonlarında əfv olunub).

Daha sonra Fətullayev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, biznesmen Rafiq Əliyevin, habelə keçmiş səhiyyə naziri Əli İnsanovun adını çəkib.

Əliyev qardaşları barəsində Strasburq Məhkəməsinin onların həbsinin siyasi məqsədlərə söykəndiyinə dair qərarı var, İnsanovun işi üzrə isə yaxın günlərdə ittihamların mahiyyəti üzrə qərar elan olunacaq.

Fətullayev həmçinin Avropa Şurasının ekspertləri tərəfindən siyasi məhbus kimi tanınmış keçmiş OMON əməkdaşları Elçin Əmiraslanovu və daha iki OMON-çunu da qeyd edib.

Fətullayev həmçinin İslam Partiyası fəallarının və “hicab məhbuslarının” (10-dan çox insan) həbsində də siyasi motivlər olduğunu hesab edir. Lakin beynəlxalq hüquq müdafiə təşkilatlarının təcrübəsinə əsasən, yalnız barəsində hökm qanuni qüvvəyə minən şəxslər siyasi məhbus kimi qəbul edilə bilər.

Fətullayevin fikrincə, Ştrasser Azərbaycana gəlməsə də, onun məruzəçi qismində fəaliyyətinin müsbət nəticələri var. Ştrasserin bundan sonraki taleyinə gəlincə, martın 12-də AŞPA Komitəsinin növbəti iclasında onun Azərbaycana səfəri məsələsi üzrə müzakirələri davam etdirmək qərara alınıb.

Fətullayevin sözlərinə görə, Ştrasser onu yenə Azərbaycana buraxmasalar belə, yerli hüquq müdafiəçilərinin məlumatları əsasında məruzə hazırlayacağını deyib. Fətullayev həmçinin bildirib ki, Komitənin iclasında aparıcı jurnalist və hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlar Qrupunun üzvləri də iştirak ediblər. O, Almaniya və Macarıstanlı deputatların Azərbaycana qarşı ən sərt mövqe nümayiş etdirdiklərini qeyd edib. Macarıstanlı deputatlar hətta Azərbaycanın AŞ-da üzvlüyünü dayandırmaq zərurətini qeyd ediblər.

AŞPA komitəsinin digər iştirakçısı, Demokratiyanın İnkişafı və İnsan Hüquqlarını Müdafiə Fondunun rəhbəri Murad Sadəddinov Ştrasser işləri yoluna qoya bilmədiyi üçün onun fəaliyyətini tənqidə məruz qoyduğunu bildirib.

“Bizim təşkilatımız 10 ildir ki, Avropa Şurası ilə əməkdaşlıq edir. Siyasi məhbuslar üzrə bundan əvvəlki məruzəçilər Jorj Klerfayt, Malkolm Brüslə işləmişik. Məruzəçilər və hakimiyyət arasında yaxşı işgüzar mühit yaratmağa müvəffəq olmuşuq. Nəticədə hakimiyyət siyasi məhbusların mövcudluğunu etiraf etməsə də, bir çox insanları humanitar səbəblərlə azad ediblər”, deyə Sadəddinov bildirib.

Onun sözlərinə görə, Ştrasser vətəndaş cəmiyyəti ilə əməkdaşlıqdan imtina edib. “İki ildən çox ona məktublar yazdıq, o isə cavab vermədi”, deyə Sadəddinov bildirib.

Hakimiyyətin Ştrasserə viza verməkdən imtina etməsinə gəlincə, Sadəddinov bildirib ki, o təyin edildiyi zaman siyasi məhbus problemi təkcə Azərbaycanda deyil, Ermənistanda, Gürcüstanda da kəskin idi. Lakin yalnız Azərbaycan üzrə məruzəçi təyin edildi. Onun fikrincə, AŞ özü Azərbaycan hakimiyyətinə məruzəçinin işini ləngitmək üçün əsas verməməli idi.

Siyasi məhbusların sayına gəlincə, Saddədinov deyib ki, onda olan məlumatlara görə onların sayı 30 nəfərdən az deyil.


Geri qayıt