Əsas Səhifə > Partiya, Manşet > HAKİMİYYƏTDƏN MÜXALİFƏTƏ SÜRPRİZLƏR

HAKİMİYYƏTDƏN MÜXALİFƏTƏ SÜRPRİZLƏR


30-01-2012, 12:01
HAKİMİYYƏTDƏN MÜXALİFƏTƏ SÜRPRİZLƏR

YAP İQTİDARI RƏQİBLƏRƏİNƏ SONUNCU ZƏRBƏNİ VURMAĞA HAZIRLAŞIR

DİA.AZ: - Artıq bir neçə ildir ki, YAP iqtidarı öz müxalifətini formalaşdırma yönündə ciddi çabalar sərf etməkdədir ki, bu vaxta qədər sözügedən istiqamətə külli miqdarda pullar da xərclənib. Təbii ki, burada əsas hədəf aydındır: GERÇƏK MÜXALİFƏTİN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ. Lakin burada bir məqam var ki, böyük pulların xərclənməsinə baxmayaraq, hələ də hakimiyyət əsas alternativlərini öz təbirləri ilə ifadə etsək, tarixin arxivinə yola sala bilməyiblər.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) hakimiyyət içindəki etibarlı qaynaqlardan sızan informasiyada da vurğulanır ki, hələ də bu problem iqtidar düşərgəsi üçün prioritetliyini qoruyub saxlamaqdadır.

Bu barədə danışan mənbəmizin sözləri: «Son parlament seçkilərində də hakimiyyət Milli Məclisi özünün arzularına uyğun şəkildə formalaşdırdı. Əslində, bu, həm də Azərbaycanın demokratikləşdirilməsi yolunda maraqlı olduğunu nümayiş etdirən yerli və kənar qüvvələrin hamısına ünvanlanan bir ismarıc idi. Bununla rəsmi Bakı bəyan etdi ki, onun müxalifəti kimdir və o, kimləri siyasətdə görmək istəmir. Hər halda, bir-iki deputat yerinin özü belə istənilən bir siyasi təşkilatın varlığının davam etdirilməsi üçün yetərli faktor hesab olunur. B hesabla da YAP hakimiyyəti arzuolunmaz müxaliflərinə həmin bir-iki mandatı da rəva görmədi».

Mənbəmiz bildirir ki, belə bir niyyətin təbii ki, davamı olmalıdır: «Bu gün məlumdur ki, müxalifət üçün əsas problemlərdən biri, daha dəqiqi, birincisi maliyyə məsələsidir. Mərhum prezident Heydər Əliyevin zamanlarında müxalifət təşkilatlarına hətta ayrı-ayrı məmurların dolayı yollarla maliyyə yardımı etməsi də mümkün idisə, İlham Əliyev hakimiyyət sükanını ələ keçirdikdən sonra rəqiblərini maliyyə müstəvisində çox ciddi mərhumiyyətlərə düçar etdi. Hətta müxalifət təşkilatlarının dolayı maliyyələşmə yollarından biri kimi qəbul edilən 3-cü sektorla bağlı da ciddi islahatlar həyata keçirildi».

Belə bir siyasi atmosferdə onlarla müxalifyönlü xırda təşkilatın «boğulduğunu» - sıradan çıdığını xatırladan mənbəmiz bildirir ki, əsas zərbə partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı yekun hüquqi bazanın yaradılmasından sonra vurulacaq: «Təbii ki, bundan sonra həmin siyahıda adı olmayan, həmin hüquqi bazaya uymayan təşkilatlar ya fəaliyyət göstərə bilməyəcəklər, ya da sıxıntılar üzündən fəaliyyətlərini durdurmalı olacaqlar».

Lakin bu da son deyil. Mənbəmiz bildirir ki, buna qədərsə rəsmi Bakı gerçək müxalifət qüvvələrinə qarşı yeni planlarının da icrasında maraqlıdır. Mənbəmizin verdiyi məlumata görə, parlamentin yaz sessiyasının elə ilk iclaslarındaca siyasi partiyalar haqqında qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulub: «Məlumdur ki, Venesiya Komissiyası ilə də bu yöndə danışıqlar gedir. Təbii ki, VN Azərbaycan haimiyyətindən daha çox demokratikləşmə tələb edir. Amma rəsmi Bakının niyyəti tamam başqadır və ələ düşən fürsətdən opponentlərinə daha bir zərbənin vurulması üçün istifadə etməyi qəsd edib».

Mənbəmiz bildirir ki, yeni dəyişikliklər zamanı hər bir siyasi təşkilatın təkrarən qeydiyyatdan keçməsi tələb olunacaq: «Əsas maneə də burada yaradılır. Hər bir partiyadan 2000 üzvünün iması istəniləcək. Daha sonra imzaların təqdimatının ardından ekspertiza yoxlamaları həyata keçiriləcək. Təxminən iki ay davam edəcək bu proses müddəti hakimiyyət üçün yetərlidir. Müxalifət partiyalarına imzasını vermiş 2000 üzvün ən azından 10 faizinin imzasından imtinası yetərli olacaq ki, təqdim edilən sənədlər saxta elan edilsin və bununla bağlı hətta inzibati cəzalar da tətbiq edilsin. Bax, bu yöndə iş gedir».

Mənbəmizə görə, hətta bu hüquqi bazanın fonunda siyasilərə qarşı cinayət işi də açıla bilər: «Çünki yeni uyğulamalar zamanı ədliyyə nazirliyinə saxta tərtib edilmiş partiya sənədlərinin təqdimatının özü belə cinayət əməli hesab olunacaq. Bir növ dövlətin aldadılması kimi təqdim ediləcək».

Geri qayıt