Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 3-CÜ SEKTORUN 1-Cİ PROBLEMİ

3-CÜ SEKTORUN 1-Cİ PROBLEMİ


30-01-2012, 11:43
3-CÜ SEKTORUN 1-Cİ PROBLEMİ

QHT-LƏR MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİ TƏBLİĞ EDƏ BİLİRLƏRMİ?

Qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən və yüksək milli mənəvi dəyərlərə malik vətəndaşın yetişdirilməsini tələb edir. İnsan fərd kimi doğulub tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə və cəmiyyətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafını iddiasında olmaq əbəsdir.

Mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf inkişaf etdirilməsi bu vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-in üzrərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür.

Son illərdə QHT-lər tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliğilə əlaqədar olaraq bir sıra layihələr və tədbirlər həyata keçirib. Eyni zamanda, bir sıra QHT-lər kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərə zidd hallara qarşı mübarizədə və tərbiyəvi əhəmiyyəti yüksək olan məsələlərə həmişə həssaslıq və ictimai fəallıq göstərmişlər. Həmçinin onlar daimi olaraq bu sahədə mövcud olan qusurları ictimai əhəmiyyətini nəzərə alıb bu problemləri önə çıxarmaq cəhdində bulunublar. Kimliyindən və fəaliyyət sahəsindən asılı olmayaraq, bu gün bütün QHT-lər məhz milli-mənəvi dəyərləri qorumalı və onu daim təbliğ etməlidirlər.

Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər milli qəhrəman, şəhid ailələri, mədəniyyət və milli adət-ənənələrimizi təbliğ edən qurumlardır və işini də məhz bu istiqamətdə qurur. Bütövlükdə bu qrup QHT-lərin fəaliyyətində vətəndaşaları milli-mənəvi dəyərlər sisteminin qorunmasında gördüyü işi də yüksək qiymətləndirmək olar. Bununla bərabər QHT-lər mədəniyyət abidələrimizin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirməli və gələcək fəaliyyətində bunları da nəzərə almlıdırlar.

Bunlardan əlavə QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında, milli qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla bağlı layihələrin icrası və onların təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir .

Bir məsələni də qeyd etmək lazımdır ki, QHT-lər barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada da milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlərin də öz əksini tapıb.

QHT-lər qarşısında duran digər bir məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır. Ekspertlərə görə də çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur.

Qeyd etməkliyik ki, bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihlər icra etməkdədirlər.

Ümumiyyətlə ictimai təşkilatlar milli-mənəvi dəyərlərlə məşğul olmaq, onu təbliğ etmək imkanında olan praktiki qrumlardandır. Və onlar bu istiqamətdəki fəaliyyətlərində mövcud imkanlardan maksimum şəkildə həmişə yaralanmalıdırlar. Sonda onu da demək yerinə düşərdi ki, hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Elməddin Hacılı
Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin Sədri


Geri qayıt