Əsas Səhifə > Ölkə > BAYRAQ MEYDANINDA “SON DÖYÜŞ”

BAYRAQ MEYDANINDA “SON DÖYÜŞ”


30-01-2012, 10:58
BAYRAQ MEYDANINDA “SON DÖYÜŞ”

ARTIQ SAKİNLƏRİN “SONUNCU QALASI” DA MÜHASİRƏYƏ ALINIB

Bakı şəhər İcra Hakimiyyəti Bayraq Meydanına yaxın əraziləri tam təmizləmək üçün sonuncu yaşayış istehkamına hücuma hazırlaşır.

Bazar günü inşaatçılar yeganə qalan doqquz mərtəbəli binanın yanına beton qıran aqreqat gətiriblər. Onu hündür kran vasitəsilə binanın damına qaldıracaqlar.

Binada hələ 32 ailə yaşayır, onlar qanunla nəzərdə tutulan kompensasiyanı almamış binanı tərk etmək istəmirlər.

«Bir kvadrat metr üçün bizə 1500 manat təklif edirlər, amma köçmək və yeni yaşayış yerində yerbəyer olmaq üçün nəzərdə tutulan, mənzilin qiymətinin 30%-i məbləğində kompensasiya barədə danışmırlar», deyə sakinlərdən biri Turan-abildirib.

Dünən Bakı meriyasının evlərin sökülməsi üzrə komissiyasının rəhbəri Eldar Yusifov mənzil sahibləri ilə paytaxt hakimiyyəti arasında razılıq ələ etmək üçün görüşə gəlib.

«Biz təkliflərimizi çatdırdıq və vəd verdilər ki, bu gün cavab alacağıq”, deyə sakinlər bildiriblər.

Bayraq Meydanının yaxınlığında söküntü işləri ötən il Azərbaycan “Avroviziya”musiqi festivalında qalib gələndən sonra başlanılıb. Qalib ölkə 2012-ci il müsabiqəsinin keçirilməsinə hazırlaşır və 25 min nəfərlik konsert zalının tikintisi üçün Bayraq Meydanı seçilib.

Meydan zonasında evlərin uçurulması və ərazinin təmizlənməsi işləri ildırım sürəti ilə çox sayda vətəndaşların özəl mülkiyyət hüququnun pozulması ilə müşayiət edilir. Hakimiyyətin bu hərəkəti ölkədə və xaricdə vətəndaş cəmiyyətinin kəskin tənqid predmeti olub.

Dövlətin ehtiyacı adı ilə vətəndaşların mülkiyyətindən məhrum edilməsi və yeni obyektlərin tikintisi adı ilə onların zorla sökülməsi son illər Azərbaycanda normaya çevrilib.


Geri qayıt