Əsas Səhifə > Ölkə > ZİYA MƏMMƏDOV ƏLİNİ CİBİNƏ SALSIN

ZİYA MƏMMƏDOV ƏLİNİ CİBİNƏ SALSIN


27-01-2012, 17:10
ZİYA MƏMMƏDOV ƏLİNİ CİBİNƏ SALSIN

8 AY TAKSİ SÜRÜCÜLƏRİNƏ TƏZMİNAT ÖDƏSİN

İqtisadçı ekspert Vüqar Bayramov bu ay Bakıda taksi xidmətlərinə qoyulan məhdudiyyətlərlə əlaqədar təkliflərlə çıxış edib. O bildirib ki, keçid dövrü yaşayan ölkələrdə belə islahatlar zamanı iş yerlərini itirən şəxslərə müəyyən müddətə kompensasiya ödənilir: “Bu, bir sıra ölkələrdə 3 aydan 9 aya qədər müddəti əhatə edir. Taksi sürücülərinin əksəriyyətinin ixtisaslı kadr olmadığını nəzərə alsaq, onların yeni işlə təminatı vaxt tələb edir. O səbəbdən ABŞ-da olduğu kimi onlara 8 ay müddətinə kompensasiya ödənilməklə yanaşı ixtisasa sahib olmaları üçün pulsuz təlimlər keçilməlidir. Sürücülərlə aparılan sorğular onların aylıq gəlirlərinin 300 manat olduğunu görsətirir. 8 ayda hər bir taksi sürücüsünə 300 manat ödənilə bilər”.

Təklifə münasibətini açıqlayan Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə “Media forum” saytına bildirib ki, qanunsuz taksi fəaliyyəti göstərən sürücülərə heç bir kompensasiya verilə bilməz: “Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur ki, qanunsuz fəaliyyət göstərəsən, büdcəyə vergi verməyəsən, sonra da kompensasiya tələb edəsən. Əgər hansısa taksi sürücüsü qanuni şəkildə fəaliyyət göstərib, vergi ödəyibsə, sonradan onu məcburi şəkildə işdən çıxarıblarsa, o, kompensasiya istəyə bilər”.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Media forum”a deyib ki, köhnə avtomobilini taksi kimi işlədən şəxslərin iqtisadi cəhətdən imkanı zəif olan adamlar olduğu aydındır: “Onların təzə maşın almağa gücü çatmır. Amma elə etmək lazımdır ki, bu insanlar başqa işlə məşğul olsunlar, onda onların köhnə maşınları taksi kimi işlətməsinə ehtiyac qalmaz. Köhnə avtomobillərdən taksi kimi istifadə olunmasa daha yaxşıdır. Bu həm şəhərimizin gözəlliyi, həm də insanların təhlükəsizliyi baxımından yaxşıdır. Avtomobilin köhnəliyi onun qəza yaratma riskini də artırır”.

Problemləri adamları ziyana salmadan həll etməyin tərəfdarı olduğunu söyləyən komitə sədri onu da qeyd edib ki, iqtisadçı ekspertin kompensasiya istiqamətində təklifi ilə tanış olmadığından bu barədə dəqiq fikir söyləyə bilməyəcək: “Amma bütün hallarda mən onun tərəfdarıyam ki, insanların sosial həyatı yaxşı olsun, əhali əziyyət çəkməsin”.


Geri qayıt