Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: FHN ŞEFİNİN NN-Ə QARŞI MƏXFİ PLANI

ŞOK: FHN ŞEFİNİN NN-Ə QARŞI MƏXFİ PLANI


27-01-2012, 13:40
ŞOK: FHN ŞEFİNİN NN-Ə QARŞI MƏXFİ PLANI

KƏMALƏDDİN HEYDƏROV ZİYA MƏMMƏDOVU NECƏ BİTİRMƏK İSTƏYİR?

DİA.AZ: - Hakimiyyət daxilində müxtəlif vaxtlarda ayrı-ayrı qruplaşmalar arasında bir çox hallarda mətbuat müharibəsinə qədər gəlib çıxan çəkişmələr mövcud olub. Bu, istənilən qeyri-şəffaf və avtoritar hakimiyyətlər üçün xas olan əlamətdir. Azərbaycan iqtidarı daxilində indi də bir çox oliqarxlar və klanlar arasında çəkişmələr getməkdədir. Hakimiyyət düşərgəsinə yaxın mənbələrdən redaksiyamıza daxil olan xəbərlərə görə, hazırda ən güclü mübarizə ölkənin iki ən iri oliqarxı-fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nəqliyyat naziri Ziya Məmmədov arasında gedir.

Bildirilir ki, ölkənin de-faktı ikinci adamı və hakimiyyətin prezidentdən sonra ən qüdrətli fiqurlarından hesab edilən fövqəladə hallar naziri öz komandasına Z.Məmmədovu “bitirmək” təlimatı verib. İki nazir arasında münasibətlərin yaxşı olmadığı əvvəllər də məlum idi. Ancaq “fövqəlnazir”in yaxın çevrəsinə daxil olan mənbənin dediyinə görə, K.Heydərovu bu yaxınlarda Z.Məmmədovun hansısa hərəkəti çox qəzəbləndirib. O, öz yaxın adamlarını yığaraq nəqliyyat nazirinə “yerini göstərməyin vaxtının çatdığını” deyib. Ehtimal olunur ki, “fövqəlnaziri” qəzəbləndirən nəqliyyat nazirinin ailə biznesini genişləndirərək son vaxtlar K.Heydərovun maraqlarına toxunmasıdır. Lakin ortada digər səbəblərin, o cümlədən siyasi maraqların olduğu da istisna deyil. Mənbənin təxmin etdiyinə görə, Z.Məmmədov fövqəladə hallar naziri barədə ölkə prezidentinə hansısa xoşagəlməz məlumat çatdırıb.

Onu da xatırladaq ki, son zamanlar Kəmaləddin Heydərova yaxın mətbuatda da Ziya Məmmədov çox ciddi şəkildə «vurulur». Hətta dünənə qədər ümumiqtidar maraqları naminə «ayıb» hesab olunan bəzi informasiyalar Heydərovun KİV-nin araılığı ilə yayılmırdısa, artıq belə bir QADAĞA da aradan qaldırılıb. Daha dəqiqi, az qala Ziya Məmmədovun açıqlarının işıqlandırılması barədə sözügedən mətbu maşina bir göstərişin verildiyi də hiss olunur.

Əslində Ziya Məmmədov da Kəmaləddin Heydərovla rəqabət apardığını davamlı olaraq hiss etdirməkdədir. Onun elə oğlu Anar Məmmədova Amerikada azərbaycan lobbiçiliyinin təşkili məqsədilə 2 milyon dolları ayırması da bu qəbildən olan addımlardan biri kimi dəyərləndirilməlidir. Hər halda, yerli mətbuat Anar Məmmədovla bağlı bu xəbəri «Ziya Məmmədov Kəmaləddin Heydərovun yerişini yeriyir» şəklində təqdim etdilər ki, bu təqdimatda kifayət qədər haqlılıq var idi.

Mənbənin bildirdiyinə görə, K.Heydərov nəqliyyat nazirinə qarşı bütün rıçaqlardan istifadə etmək barədə təlimat verib. Nəqliyyat nazirinə qarşı hücuma keçmək üçün onun əlində kifayət qədər faktlar olduğu bildirilir. Açıq-aydın görünür ki, fövqəladə hallar naziri Z.Məmmədova qarşı özünün nəzarətində olan KİV-lərdən, o cümlədən ictimai-siyasi fiqurlardan və nəzarətində olduğu dövlət strukturlarından istifadə etməkdədir. Taktika belədir ki, nəqliyyat nazirinin kreslosunun altı sistemli şəkildə “oyulacaq” və sonda onun vəzifədə qalması qeyri-mümkün görünəcək. Son bir neçə həftədə K.Heydərova bağlı KİV-lər, o cümlədən xəbər portalları nəqliyyat nazirini sərt tənqid edirlər. Məsələn, nəqliyyat nazirinin Bakı şəhərində sərnişin avtobuslarında gediş haqlarının artırılacağı barədə xəbərdarlığı “fövqəlnazir”in KİV-lərində heç də müxalif nəşrlərdən zəif tənqid edilmir. Həmçinin Nəqliyyat Nazirliyinin Bakıya London taksiləri gətirməsinin yaratdığı ajiotaj, eləcə də NN-nin yeni qaydalarının taksiçilərə qarşı olması da bu KİV-lərdə möhkəm “vurulur”. Bütün hallarda Nəqliyyat Nazirliyi korrupsiyalaşmış və aztəminatlı əhali arasında sosial narazılığı körükləyən struktur kimi təqdim edildiyi də görünməkdədir.

Digər xəbərlərə görə, nəqliyyat nazirinin oğlu Anar Məmmədovun ölkəyə gətirmək istədiyi yüz minlərlə dollarlıq dəbdəbəli avtomobil də gömrükdən geri qaytarılıb. Son vaxtlar gömrük sisteminə nəzarətin Bəylər Əyyubova keçdiyi barədə məlumatlar olsa da, K.Heydərovun bu sistemdə güclü rıçaqları hələ də qalır. Z.Məmmədov isə bundan əvvəl Heydərovun iki yaxın qohumunu, o cümlədən yeznəsini Nəqliyyat Nazirliyi sistemindən uzaqlaşdırıb, yaxud vəzifəsini aşağı salıb. Z.Məmmədov ölkə iqtisadiyyatının və biznesin az qala bütün sahələrində mövcud olan “fövqəlnazir”in onun nəzarəti altındakı sahəyə girməsinə hər vəchlə mane olmağa çalışıb.

Redaksiyamıza çatan bilgilərə görə, K.Heydərov prezidentin yanında keçrilən son qapalı müşavirələrdən birində ölkənin nəqliyyat sistemini kəskin tənqid edib, ölkə başçısına bu sistemdəki qüsurlar, infrastruktur layihələrinin necə keyfiyyətsiz həyata keçirildiyi, bir çox hallarda potensial təhlükə mənbəyi olması barədə faktlar çatdırıb. Lakin ölkə başçısının yanında xüsusi etimada malik olan Z.Məmmədov da boş dayanmayıb. O da prezidentə fövqəladə hallar nazirindən əlində olan faktları çatdırıb, “fövqəlnazir”in onun işinə əngəllər yaratmaq cəhdlərindən şikayətlənib və deyib ki, bəzi hallarda mətbuatda ona qarşı faktları FHN-dən ötürürlər. Hakimiyyət içərisindəki çəkişən qruplar arasında balans yarada bilən ölkə rəhbəri isə təbii ki, tərəflərin heç birini cəsarətləndirə biləcək reaksiya verməyib.

Ancaq K.Heydərovun imkanlarına bələd olan təhlilçilər deyirlər ki, əgər Z.Məmmədov onunla açıq qarşıdurmaya girməyə cəsarət edibsə, axırı yaxşı qurtarmayacaq. Çünki indiyə qədər kim Heydərovun qarşısına keçibsə sıradan çıxıb. Bu təhlilçilərə görə, Heydərovun Z.Məmmədovla yeni olmayan çəkişməsinin səbəblərindən biri də baş nazir postu ətrafında gedən intriqalardır. K.Heydərov özünü bu posta ən uyğun namizəd kimi görür, hesab edir ki, formal fiqur olan indiki baş nazir dəyişsə onun yerini tutmağa ən münasib namizəddir. Bu baxımdan o, bütün potensial rəqiblərini sıradan çıxarmağa çalışır. Ancaq Z.Məmmədov fürsət düşən kimi özünü ölkə başçısına ən yaxın adam kimi təqdim edir.

Lakin Kəmaləddin Heydərovun Ziya Məmmədova sürprizləri də var. Bu barədə redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər mənbələrdən çox ilginc faktlar ötürülüb.

Məlumdur ki, son günlər NN-nin yeni qaydalarına taksi sürücüləri sərt formada etirazlar edirlər. Doğrudur, nəqliyyat nazirliyi taksiçilərin qarşısından müəyyən qədər geri çəkilməli oldu. Amma problem hələ də bitməyib və taksi sürücülərinin yeni aksiyalarının təşkil olunacağı bildirilir.

Bunları xatırladan məlumatlı qaynaq iddia edir ki, Kəmalədin Heydərov Ziya Məmmədova qarşı yeni üsyan dalğası hazırlatdırır: «Bu iş üçün hətta ayrı-ayrı adamlar təlimatlandırılıblar. FHN şefi külli miqdarda vəsait də ayırıb. Yeni etiraz aksiyalarına tədarük görülür».

Ənbəmiz bu yolla Kəmalədin Heydərovun öz rəqibini zəif düşürməyə nail olacağını bildirməklə yanaşı onu da vurğuladı ki, artıq taksiçilər arasında da onbaşı-yüzbaşı sistemi ilə dəstələr yaradılıb: «Dəstələr əsasən, rayonlar üzərə formalaşdırılıb. Məsələn, Yasamal rayonunda taksi fəaliyyəti ilə məşğul olan İbrahim adlı sürücü digər sürücüləri təşkilatlandıra bilməsi üçün təlimatlandırılıb və ona kifayət qədər maliyyə vəsaiti də verilib».

Təbii ki, bütün bunların Ziya Məmmədovun istefasına hesablandığı hər kəsə aydındır. Lakin aydın olmayanı odur ki, hələlik idarə olunduğu iddia edilən bu aksiyalar sonradan siyasiləşə bilər və bu da Kəmalədin Heydərov qarışıq bütün hakim komanda üçün ən təhlükəlisidir…


Geri qayıt