Əsas Səhifə > Ölkə, Manşet > ZAKİR HƏSƏNOVA QARŞI KAMPANİYA BAŞLATACAQDILAR

ZAKİR HƏSƏNOVA QARŞI KAMPANİYA BAŞLATACAQDILAR


8-11-2013, 14:46
ZAKİR HƏSƏNOVA QARŞI KAMPANİYA BAŞLATACAQDILAR
AMMA BU TƏŞƏBBÜS BAŞ TUTMAYIB

DİA.AZ: - Müdafiə Naziri Zakir Həsənovun həyata keçirdiyi kadr islahatları ilə bağlı hökumət içində gərgin müzakirələr başlayıb. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər ötürüb qaynaq iddia edir ki, yeni nazirin apardığı islahatlar «yuxarılar» tərəfindən açıq formada dəstəklənsə də, bəzi narazılıqlar da müşahidə olunmaqdadır. Hətta görəvdən alınan rütbəli şəxslərdən biri «yuxarılara» «xod» taparaq şikayətçi də düşüb və orduda qalmaq fikrini, həmçinin yeni vəzifəyə təyin olunma arzusunu da ifadə edib.

Mənbənin söylədikləri: «Təbii ki, istənilən bir məmurun güvəndiyi dairələr olur. Odur ki, Zakir Həsənovun çıxardığı fiqurlar da öz güvəndikləri ünvanlardan dəstək istəyiblər ki, bu da nəhayətdə Zakir Həsənovun apardığı kadr islahatlarının hakimiyyət dəhlizlərində də olsa, geniş müzakirəsinə nədən olub».

Mənbəmiz isə bildirir ki, əslində Zakir Həsənovun apardığı islahatların bir növ cəmiyyət tərəfindən dəstəklənməsi buk imi narazılıqları əhəmiyyətsiz edir: «Hətta, bu gün həmin «vurulan» MN məmurlarından biri mətbuata yeni nazirdən «faktlar» ötürməyə də qalxıb. Maraqlıdır ki, müraciət olunan KİV-lər «şok faktları» yaymaqdan imtina ediblər. Bu isə əgər bir yandan Zakir Həsənova rəğbətin təzahürüdürsə, digər yandan da Səfər Əbiyevin dövründən yığılıb qalan narazılıqların nəticəsidir.

Çünki Səfər Əbiyev elə bir şərait yaratmışdı ki, Müdafiə Nazirliyi ilə mətbuat arasında böyük bir uçurum var idi. Səfər Əbiyevin dövründə Müdafiə Nazirliyi az qala mətbuatın düşməni kimi tanınırdı. Təsadüfi deyildi ki, Zakir Həsənovun bir neçə gün əvvəl vəzifəsindən aldığı nazir müavini Çingiz Məmmədovun işi-gücü məhkəmə qapılarını gəzərək mətbuatı susdurmaqdan ibarət idi. Bundan əlavə, Çingiz Məmmədov dəfələrlə tanınmış baş redaktorları şəxsən hədələməsi ilə də yadda qalmışdı.

Təbii ki, belə bir məqamda Səfər Əbiyevin çıxdaş olunmuş adamlarının yeni nazirə qarşı hər hansı «kompramat» xarakterli məlumatları mətbuatda yayma cəhdləri uğursuzluğa düçar olmalı idi».

Mənbəmiz bildirir ki, bu gün hələ də MN-də yeni nazirin hədəflədiyi simalar var ki, onlar da durumlarının gərgin olması səbəbindən, «içəridən fakt» ötürməyə təşəbbüs göstərirlər.

Geri qayıt