Əsas Səhifə > Ölkə, Manşet > QƏRİB MƏMMƏDOVUN ADAMI KÜRDƏMİRDƏ MEYDAN SULAYIR

QƏRİB MƏMMƏDOVUN ADAMI KÜRDƏMİRDƏ MEYDAN SULAYIR


7-11-2013, 13:41
QƏRİB MƏMMƏDOVUN ADAMI KÜRDƏMİRDƏ MEYDAN SULAYIR
ONA İSƏ GÜLDƏN AĞIR SÖZ DEYİLMİR

DİA.AZ: - Keçən günlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsində baş verən özbaşınalıqlarla bağlı bir vətəndaş şikayətini diqqətinizə təqdim etmişdik. Amma nədənsə aidiyyatı qurumlardan bu faktlara hər hansı reaksiya verilmədi. Anlaşılanı o oldu ki, RƏHBƏRLİYİN deməyə sözü yoxdur, ya da elə şikayət olunan adam RƏHBƏRLİYİN himayəsi altındadır...

DİA.AZ-a bu barədə gələn məlumatlarda bildirilir ki, sözü gedən şöbənin rəisi Gülbala Əsədovun yarıtmaz fəaliyyətinə dair çeşidli faktlar ən müxtəlif instansiyalara təqdim olunsa da, əlaqədar təşkilatlar bu məmurun “toxunulmazlıq” statusunu hələ dəalmaq niyyətində deyillər. Təqdim olunan faktların əsasında isə ilk növbədə G.Əsədovun kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyaları durur. Bu xüsusda mənbələr bildirirlər ki, rayonun bir çox kəndlərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb.

Məlumatlarda isə bu zəmində torpaq şöbəsi müdirinin yeni-yeni maxinasiyalara əl atdığına dair iddialar irəli sürülür. Qeyd olunur ki, Gülbala Əsədov ən müxtəlif əsassız bəhanələr gətirməklə, əvvəlki vaxtlarda verilmiş sənədləri etibarsız elan edir. Mahiyyətcə isə, məqsəd yalnız torpaq sahiblərindən yenidən rüşvət qoparmaqdır. Təbii ki vətəndaşlar buna etiraz edərək bildirirlər ki, müvafiq dövlət rüsumunu da, hətta tələb olunan rüşvəti də artıq ödəyiblər. Amma Gülbala müəllimi bu məqam az maraqlandırır. Əks halda isə şöbə müdiri vətəndaşları aldıqları torpaqlara olan mülkiyyət hüquqlarından belə məhrum edəcəyi ilə hədələyir.

Digər tərəfdən isə məlumatlara görə məhz 2007-2008-ci illərdə rayonda torpaq sahələrinin satışı daha çox intensivliyi ilə fərqlənib. Maraqlıdır ki, bu intensivlik 2007-ci il dekabrın 12-də Ölkə Prezidentinin sərəncamı ilə torpaq satışının dayandırılmasından sonrakı dövrə təsadüf edib. Maxinasiyaların diqqət cəlb etməməsi üçün isə Gülbala Əsədovun xeyir-duası ilə “hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilir. Məsələn, faktiki olaraq 2008-ci ilin mayında alınan torpaq sahələri 2006-cı ilin oktyabr ayına sənədləşdirilib. Belə faktlar saysız-hesabsızdır.

Məlumatlarda narazılıqların yaranmasına daha bir səbəb kimi də Torpaq Şöbəsindən vətəndaşlara məxsus ərazilərə dair kənar şəxslərə qeyri-qanuni sənədlərin təqdim olunması göstərilir. Belə ki, Gülbala müəllim və onun rəhbərliyi altında işləyən bəzi mütəxəssislər vəzifə səlahiyyətlərini aşaraq müxtəlif şirkət və fermer birliklərinin daimi istifadəsində olan torpaqlara rəy verir. Bununla da həmin torpaqların sahiblərinin razılığı olmadan digər sakinlərə və ya gəlmə iş adamlarına icarəyə verilməsinə şərait yaradırlar. Bəzi mənbələr isə artıq bu zəmində rayonda müəyyən insidentlərin də yaşandığını iddia edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq...

Geri qayıt