Əsas Səhifə > Gündəm, Manşet > KREMLLƏ BAKI ARASINDA MƏXFİ QARABAĞ DANIŞIĞI

KREMLLƏ BAKI ARASINDA MƏXFİ QARABAĞ DANIŞIĞI


7-11-2013, 09:45
KREMLLƏ BAKI ARASINDA MƏXFİ QARABAĞ DANIŞIĞI
RUSLAR BİZİMKİLƏRİ MASAYA GƏTİRƏ BİLİB: BUNDAN SONRA NƏLƏR OLACAQ?

DİA.AZ: - Prezident seçkilərinə qədər və sonrakı müddət ərzində Rusiya ilə münasibətlərini çözməyə çalışan rəsmi Bakının artıq ən çətin mərhələni geridə qoyduğu anlaşılandır. Söhbət gərginliyin rəsmi dillərlə ifadəsindən gedir. Xatırlayırsınızsa, seçkilərə qədər vəziyyət o həddə idi ki, hətta Kremlə ai dayrı-ayrı şəxslər Azərbaycanı açıq şəkildə təhdiddən belə çəkinmirdilər. Və bu da münasibətlərdəki gərginliyin təcəssümü idi.

«Milyarderlər İttifaqı»na aparan yol…

Əslində, Rusiyanın Bakıya əsəbi mövqedə dayanmasını sübutlayan əsas məqamlardan biri Moskvada Azərbaycan diasporasının parçalanması faktı idi. Rusiya Azərbaycan diasporasının sanki «qaymaqlarını» ayıraraq onlara yeni təşkilat yaratdı. Rusiya Azərbaycan Təşkilatları İttifaqı kimi tanınan bu quruma cəmiyyətdə məhz tərkibi baxımından «Milyarderlər İttifaqı» da deyildi.

Maraqlı olanı isə bu ittifaqa rəhbərliyin hazırki Azərbaycan iqtidarına kifayət qədər yaxın fiqur hesab olunan və zamanında bu hakim komandada təmsil olunmuş Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasova həvalə edilməsi idi. Bununla Rusiya çox mətləblərə işarə etmək istədi.

Bu prosesə paralel olaraq isə Rusiya Azərbaycanda siyasi müxalifətlə də təmasa keçdi. Nəticədə Milli Şura adlı bir ittifaq yarandı. İllər ərzində birləşə bilməyən Azərbaycanın siyasi qüvvələri sanki köhnə SSRİ vərdişinə xas olaraq Kremlin bir barmaq işarəsi ilə bir araya gəldi. Bu proje isə tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun başçılığı altında həyata keçirildi.

İbrahimbəyov isə üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bildi. Öhdəliyinin bitmə nöqtəsində isə özünün bir kəlməsi ilə məsələnin nə yerdə olduğunu hər kəsə duyurmuş olsa da, «silahdaşları» onu anlamadılar və yaxud da anlamamazlıqdan gəldilər. Söhbət siyasətin «razqar» vaxtında Rüstəm İbrahimbəyovun jurnalistlərdən «montajdayam, daha vacib işlə məşğulam» deyərək qaçmasından gedir. Yəni bununla tanınmış kinorejissor onunla bərabər Milli Şurada külüng vuranlara izahladı ki, daha vacib işlərlə məşğul olmaq lazımdır.

Amma müxalifətin geriyə yolu yox idi və Milli Şura ideyası sonra da davam etdirildi. Elə bu məntiqi əsas tutanlar «bəs deyirdiniz, Milli Şura Rusiyaya işləyir» deyərək hücuma keçməkdən başqa əlavə heç bir divident əldə etmədilər. Çünki Rusiyadan qopan Milli Şura əslində artıq həqiqətən də Rusiyaya işləmirdi, amma bu o demək deyildi ki, Milli Şuranın sifarişi Kremldən verilməyib.

Əsas təhlükəli nöqtə - Milli Şuranın da sponsoru kimi təqdim olunan «Milyarderlər İttifaqı» da məhz həmin dönəmdə hücumlarını səngitdi. Artıq rəsmi Bakı ilə höcətləşmələr də geridə qalmışdı. Bir-birinin ardından «mən İlham Əliyevi dəstəkləyirəm» deyən milyarderlərimiz bununla Kremlin Bakı ilə dil tapdığını da nümayiş etdirdi.

Putin Bakıya boş yerə gəlməzdi…

Beləcə, Milli Şura və «Milyarderlər İttifaqı» əl-ələ verərək rəsmi Bakını Putinin ayağına apardılar. Doğrudur, Bakıya gələn Putin oldu, amma ayağa gedən Azərbaycan dövləti. Bax, bu gün Milli Şurada sinəsini cıranlar məhz hansı əhəmiyyətdə bir xəyanətə imza atdıqlarının fərqinə varmalıdırlar. Çünki söhbət burada Azərbaycanın dövlət maraqlarının xərclənməsindən gedir ki, buna da məhz qeyd etdiyimiz cütlüyün Rusiyanın əlində bir alət olaraq istifadəsinin ardından şərait yarandı.

Rəsmi Bakı ruslara güzəşt etmək zorunda qaldı. Ruslar isə bunun davamını istədilər. Putin də Bakıya bunun üçün gəlmişdi. Bakı isə «seçkiləri gözləyin» dedi… Amma vədinə əməl etmədi. Əməl olunması da imkansız idi. Çünki Azərbaycan bir dövlət olaraq regionda illərdir ki, balanslaşdırılmış siyasət yürüdür və birdən-birə imtina qeyri-mümkündür, həpm də ümumiyyətlə, bu yoldan imtina Azərbaycana əlavə problemlər yarada bilər.

Amma Putin Bakıya əlidolu gəldiyi kimi, Bakıdan da əliboş getmək istəmədi. Prezident seçkilərinin ardından Rusiyada bir antiAzərbaycan ovqatı yaradıldı. Süni şəkildə. Köhnə «KQB» metodu ilə. Bunu hamı gözəl başa düşdü. Orxan Zeynalov da bir qurbanlıq idi. Əslində ona dəyən təpiklər Azərbaycan dövlətinə vurulan təpiklər idi. Bax, məhz cılız siyasi ambisiyaları naminə dövləti təhlükə altına atanlar bunun fərqinə varmalı idilər…

Süni şəkildə yaradılan antiAzərbaycan ovqatının arxasında Azərbaycanın Putinin Avrasiya layihəsinə cəlb edilməsi siyasəti dayanır. Bu bir faktdır. Gömrük ittifaqı və digər bu kimi yan qurumlar da əslində Putinin ən böyük amalı olan və Dəli Pyotra sədaqətinin təzahürü kimi qəbul edilən «Böyük Rusiyanın» yenidən qaytarılması kimi qəbul ediləcək Avrasiya ideyasına xidmət etməkdədir.

Əslində Avrasiya Birliyi ideyası Rusiyanın böyüməsinə xidmət edir. Özünün zəngin enerji və təbii ehtiyyatları ilə hətta Türkiyə üçün belə cəlbedici görünən Rusiya öz başını saxlaya bilən Azərbaycan kimi dövlətləri sıxa bilməsi üçün yeganə çıxış yolu kimi məhz siyasi gərginliyi görür. Rəsmi Bakını narahat edə biləcək siyasi gərginliyi…

Qarabağın əvəzində nə istəyirsiniz…

DİA.AZ bildirir ki, artıq Azərbaycan Rusiyaya doğru sıxışdırılmaqdadır. Bu bir faktdır. Buna hətta Azərbaycanın Rusiyaya doğru yaxınlaşmasını arzulamayanlar - başda Amerika olmaqla, Qərbin özü belə zəmin yaratmaqdadır. Onların Azərbaycandan uzaq dayanmaları Azərbaycanı Rusiyaya daha da yaxınlaşdıracaq. Başqa bir yolu da yoxdur.

Və belə bir şəraitdə Rusiyanın özünü daha təmkinli və daha tədbirli aparması Azərbaycana absurd kosmopolit ideyalarla girməyə çalışan Qərbi rəsmən tərkisilah etməkdədir. Təsəvvür edin, ruslar harda dayandılar - artıq Bakı ilə yenidən anlaşmaya gəlinəndə. Amma ruslar da yaxşı bilirdilər ki, antiAzərbaycan ovqatının şiddəti elə Avrasiyaçılıq ideyasına birbaşa ziddiyyət təşkil edir. Buna görə dayandılar. Uçurumu dərinləşdirmədilər. Doğrudur, bizlər elə də kinli xalq hesab edilmirik ki, dünən yediyimiz təpiyi illər boyu xatırlayaq. Bizlər o millətik ki, dünən bizə təpik vuranların ertəsi gün ayaqlarını da yumuşuq. Hər halda, yaxın keçmişimizdə olan 20 Yanvar, Xocalı kimi faciələr, Qarabağ boyda itki Azərbaycan türkünü ruslara qarşı hər zaman tədbirli olmağa çağırır. Amma buna rəğmən biz faciələrimizi asanlıqla unuda bilənlərdənik.

Belə bir şəraitdə Rusiya yenidən Bakıya qucağını açdı, əlini uzatdı. Bakı isə buə li sıxmaq zorundadır. Çünki biz adada yaşamırıq və Azərbaycan dünyanın superdövləti deyil ki, öz şərtlərini qonşularına diqtə edə bilsin. Reallıq nəzərə alınmalıdır. Və bugünkü reallıq Azərbaycanın Rusiya ilə bazarlığını zəruri edir. Amma neçəyə? Şərt olanı da budur.

Azərbaycanın danışıqlar masasında yeganə davasını aparacağı məqam - Qarabağla balğlıdır və Azərbaycanın ruslara veriləcək yeganə sualı - «Qarabağın müqabilində nəyi istəyirsiniz» sualıdır. Elə bu istiqamətdə də danışıqların getdiyi söylənilir…

Azər - DİA.AZ

Geri qayıt