Əsas Səhifə > Ölkə > “FREEDOM HOUSE”UN VİTSE PREZİDENTİNDƏN ŞOK AÇIQLAMALAR
“FREEDOM HOUSE”UN VİTSE PREZİDENTİNDƏN ŞOK AÇIQLAMALAR26-01-2012, 18:04 |
“NEFT VƏ QAZI OLAN ÖLKƏLƏR ƏRKÖYÜNDÜR” Freedom House-un araşdırmalar üzrə vitse-prezidenti Arç Paddinqton Turanın Vaşinqton müxbirinə müsahibəsində Azərbaycanda insan hüquqları sahəsində cari vəziyyəti təhlil edib. Sual: Təşkilatınızın “Dünyada azadlıq” adlı son məruzəsi göstərir ki, 2011-ci ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət pisləşib. Sizin fikrinizcə, ölkə bu göstəricilərlə haraya gedir və niyə beynəlxalq qurumların və qərb hökumətlərinin tənqidi vəziyyəti yaxşıya doğru dəyişmir? Cavab: İraq və Meksika kimi insan hüquqlarının hökumətin təsir dairəsində olmayan bir sıra ölkələrdə cinayətkar qruplar və dini ekstremistlər çox güclüdür. Lakin Azərbaycanda Əliyev hökuməti ölkəyə tam nəzarət edir və bu sahədə vəziyyətin pis olmasına görə cavabdehdir. On il əvvəl Azərbaycan Freddem House-un təsnifatına görə qismən azad ölkələr sırasında idi. Həmin vaxtdan vəziyyət durmadan pisləşib və İlham Əliyev hakimiyyətə gəldikdən sonra bu proses daha da sürətlənib. Azərbaycanın demokratik normaları pozması demək olar ki, hər yerdə pislənib, amma hökumətlərin, o cümlədən Birləşmiş Ştatların diqqətini çox az çəkib. Bu, Azərbaycanda enerji resurslarının çox olması ilə əlaqədardır. Neft və qaz sayəsində Rusiya, Səudiyyə Ərəbistanı və Qazaxıstan, bir qayda olaraq, nefti və qazı olmayan ölkələrdən fərqli standartlarla mühakimə olunur. Azərbaycan pozuntuları demokratik ölkələr tərəfindən ya diqqətə alınmayan, ya da kiçildilən ölkələrdən biridir. Sual: 2012-ci il üçün proqnozlarınız necədir? Cavab: Prezident İlham Əliyev öz ünvanına tənqidi azaltmaq, rəqiblərinin KİV-ə çıxışını məhdudlaşdırmaq üçün böyük resurslar ayırır. Əliyev müxalifətin zəif olduğunu, dağınıq olduğunu və onun rejimi üçün ciddi problem yaratmaq iqtidarında olmadığını nümayiş etdirir. Lakin ötən yazda Bakıda etiraz aksiyalarının yatırılması üçün istifadə olunan repressiyalar Misirdə olsaydı, bütün dünya qəzəblənərdi. Lakin Azərbaycanda enerji resurslarının olması sayəsində bu repressiyaları heç kim “görmədi”. 2012-ci il üçün proqnoz verməkdə çətinlik çəkirəm, amma deyərdim ki, ərəb baharı ən repressiv şəraitdə belə insanların gec ya tez ayağa qalxdığını və dəyişikliklər tələb etdiyini göstərdi. Bu, Azərbaycanda da baş verəcək, sadəcə məhz nə zaman olacağını bilmirik. Sual: İnsan hüquqları haqqında danışan Azərbaycan məmurları adətən bütün ittihamları təkzib edir, bun “ölkənin gənc olması” ilə əsaslandırırlar. Eyni zamanda, ciddi insan hüquqları pozuntuları olduğu halda, ölkə bu il BMT-nin Təhlükəsizlik Şurasına seçilib və “Eurovision”u qəbul edəcək. Bu ziddiyyəti necə izah edərdiniz? Azərbaycanın dünyadakı real imici necədir? Cavab: Azərbaycan enerji resurslarına görə dünyada xeyli müsbət nüfuz qazanıb. Bundan başqa, hökumət ABŞ və digər demokratik ölkələrlə müsbət münasibətləri stimullaşdırmaq üçün enerjidən istifadə edir. Rejim repressiyaları “şüurlu” şəkildə tətbiq edir və özünü Belarusda Lukaşenko kimi aparmır. Əliyev Putinin Rusiyada etdiyi kimi digər ölkələri qıcıqlandırmır. Azərbaycan mümkün olduğu hər yerdə mübahisələrdən qaçır. Bu, Dağlıq Qarabağ məsələsində də baş verir. Baxmayaraq ki, Əliyev Azərbaycanın işğal edilmiş ərazilərini qaytarmaq niyyətində olduğunu aydın söyləyir. Sual: Ərəb baharında İnternet və sosial şəbəkələr hansı rolu oynadı? Azərbaycanda “onlayn” hərəkatın perspektivlərini necə səciyyələndirərdiniz? Hökumətin veb-səhifələri bağlaması və fəal blogerləri həbs etməsi kimi təhlükə var. Cavab: Əliyev hökuməti İnternet-kontentlə mübarizə səylərini gücləndirib. Bununla belə, veb-saytlar, bloqlar və sosial media alternativ fikirlərin ifadə olunması üçün mühüm alətdir. Əliyev hökuməti yeni idarəetmə elementləri tətbiq etməyə və cinayət mühakiməsi sistemini dəyişməyə çalışır. Lakin digər ölkələrin təcrübəsi göstərir ki, hakimiyyətin yeni medianın senzurası üçün böyük resurslar xərcləməyə hazır olduğu Çindən başqa, bir qayda olaraq, İnternetlə mübarizə səyləri effekt vermir. Blogerlər Adnan Hacızadə və Emin Millinin azad olunması insan hüquqlarının pozulması ilə bağlı hökumətə qarşı beynəlxalq tənqidlərin yumşalmasına gətirib çıxardı. Lakin blogerlərə və sosial mediada iştirak edənlərə qarşı repressiyaların bərpa edilməsi, şübhəsiz, beynəlxalq təzyiqi gücləndirəcək. Geri qayıt |