Əsas Səhifə > Dünya > ŞƏHƏR PROKURORUNU VƏ SÜRÜCÜSÜNÜ GÜLLƏLƏDİLƏR

ŞƏHƏR PROKURORUNU VƏ SÜRÜCÜSÜNÜ GÜLLƏLƏDİLƏR


6-11-2013, 12:14
ŞƏHƏR PROKURORUNU VƏ SÜRÜCÜSÜNÜ GÜLLƏLƏDİLƏR
İranın Sistan-Bəlucistan əyalətinin Zabül şəhərinin prokuroru Musa Nuri Qələno noyabrın 6-da qətlə yetirilib.

“Media forum” saytının məlumatına görə, Musa Nuri Qələno Tehran vaxtıyla səhər saat 8-ə 15 dəqiqə qalmış avtomobildə işə gedərkən bir avtomobil onun maşınına yaxınlaşıb və sərnişinlərinin kimliyi bəlli olmayan həmin avtomobildən prokurorun maşınına dalbadal atəş açılıb. “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində prokuror və sürücüsü həlak olub.

Hücumçular hadisə yerindən qaça biliblər. Hadisəni hələlik hər hansı qrup öz üzərinə götürməyib.

Musa Nuri Qələno iki həftə əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, Sistan-Bəlucistanda qanunsuz fəaliyyət göstərən “Condollah”, “Ceyşül ədl” və digər silahlı qruplaşmalarla bağlılığına görə tutulan, milliyyəti bəluc olan 16 məhbus dar ağacından asılıb. Prokuror onu da bildirmişdi ki, bu edamları yerli müxaliflərin Pakistanla sərhəddə 18 nəfər İran sərhədçisini öldürməsinin əvəzini çıxmaq üçün reallaşdırıblar.

Geri qayıt