Əsas Səhifə > Cəmiyyət > “KÖLGƏ KABİNETİ” İDEYASI YENİDƏN GÜNDƏMDƏ

“KÖLGƏ KABİNETİ” İDEYASI YENİDƏN GÜNDƏMDƏ


26-01-2012, 16:00
“KÖLGƏ KABİNETİ” İDEYASI YENİDƏN GÜNDƏMDƏ

PƏNAH HÜSEYN ALTERNATİV KOMANDANIN YARADILMASINDA İSRARLIDIR

Keçmiş deputat Pənah Hüseyn 2011-ci ilin ortalarında təmsil olunduğu İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin yenidən gizli səsvermə yolu ilə seçilməsini, prezidentliyə namizədin müyyənləşdirilməsini və “Kölgə kabineti”nin yaradılmasını təklif edirdi. İP-nin yanvarın əvvəlində keçirilən Məclisi zamanı Koordinasiya Şurası (KŞ) yenidən formalaşdı. Pənah Hüseyn Modern.az saytına indiki tərkibdən razı olduğunu deyib:

“KŞ-sı seçki ilə formalaşır və mən də seçkinin nəticələrinə hörmətlə yanaşıram. Hesab edirəm ki, indiki tərkiblə daha məqsədyönlü, sistemli, çevik, dinamik siyasət aparıla bilər”.

O, prezidentliyə namizədin müəyyənləşməsi ilə bağlı prosesin başlanmasını da zəruri hesab edir: “Təklifim qüvvəsində qalır. Düşünürəm ki, bu gün konkret personanı müəyyənləşdirə bilmərik. Amma prosesin gedişində istər “Kölgə kabineti”, istərsə də prezidentliyə namizədin müəyyənləşdirilməsi mümkündür. Mən təklif edirəm ki, seçkilərə təxminən bir il-ilyarım qalanda sadaladığım məsələlərlə bağlı qəti mövqeyə gəlmək olar”.

Prezidentliyə namizədin müıəyyənləşdirilməsi ilə bağlı digər müxalif qüvvələr də təkliflər irəli sürürlər. Hətta müxalifətin müəyyən birliyinin mart-aprel aylarında elan olıunması və namizəd məsələsinin həll olunması təklif edilir. Pənah Hüseyn bu təkliflə də razılaşır:
“Məncə, müxalifətin birliyi nə qədər tez yaranarsa, o qədər yaxşı olar. Amma hesab edirəm ki, prezidentliyə namizədlərin mart ayında, yaxud mayda müəyyənləşdirilməsi kimi məsələlərin müzakirəsi qeyri-realdır. Sözün doğrusu, məsələnin bu şəkildə qoyuluşunun da birliyə xidmət edəcəyi qənaətində də deyiləm. Müxalifətin vahid ünvanı İctimai Palata olaraq qalmalıdır və buradan kənar yeni qurum və strukturlar şəklində birlik məsələsinin gündəmə gəlməsini yanlış hesab edirəm”.

Keçmiş deputatın sözlərinə görə, indi haqqında söhbət gedən məsələ əslində İctimai Palata yaranandan gündəmdir: “Bunun üçün müzakirələr aparılmalı, mexanizmlər müəyyən olunmalıdır, bundan sonra konkret namizdlərin məsələsi mümkündür. Prinsip etibarilə bu məsələnin müzakirəsinin çox incə şəkildə aparılmasının tərəfdarıyam. Çünki bu köklü demokratik siyasi dəyişikliklər məsələsindən diqqətin seçki məsələsinə yönləndirilməsi olarsa zərər verər. Ona görə məsələ o qədər də sadə deyil. İstər “Kölgə kabineti”nin formalaşdırılması , istər prezidentliyə namizədin müyyən olunması, ancaq prosesin başlanmasını nəzərdə tutur və bunun üçün müəyyən zaman tələb olunur. Bu prosesin əsas məqsədi ölkədə köklü demokratik dəyişikliklərin olmasıdır. Bunun da zəruri şərtlərindən biri kimi yalnız siyasi müxalifətin yox, bütün demokratik qüvvələrin birləşməsidir. Birləşmənin modelini isə İctimai Palatanın möhkəmlənməsinə xidmət kimi başa düşülməlidir. Əks təqdirdə bizə zərər verə bilər”.

Geri qayıt