Əsas Səhifə > Siyasət, Manşet > İRANI BAKIDA HANSI YOLLA TƏRKİSİLAH ETMƏK OLAR?

İRANI BAKIDA HANSI YOLLA TƏRKİSİLAH ETMƏK OLAR?


4-11-2013, 09:48
İRANI BAKIDA HANSI YOLLA TƏRKİSİLAH ETMƏK OLAR?
MOLLA REJİMİ AZƏRBAYCANDA NİYƏ GÜCLÜ GÖRÜNÜR: İLGİNC SƏBƏBLƏR

DİA.AZ: - İranın Azərbaycana hansı münasibətləri saxladığını nə şərh etməyə, nə də izahlamağa ehtiyac yoxdur. Dövlətimizin müstəqilliyinin ilk günlərindən Tehrandakı fars-molla rejimi MÜSTƏQİL AZƏRBAYCAN ifadəsinin özünü belə təhlükə kimi qəbul etməsi səbəbindən, bu məqam İran-Azərbaycan dövlətlərarası əlaqələrində daha çox hiss olunmaqdadır.

Hər halda, Tehranda oturanları anlamaq olar. Necə olsa da, 40 milyona yaxın Azərbaycan türkünü və Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan molla rejimi fərqli davrana da bilməzdi. Yəni bütün düşmənlər bu cür davranırlar və Tehran da fərqli davranış sərgiləmədi və sərgiləmir, sərgiləməyəcək də. Bunu Qarabağ müharibəsində də gördük. Özünü «İslam Cümhuriyyəti» elan edən fars-molla rejimi Qarabağda şiə Azərbaycan türklərinin vəhşicəsinə qətl edilməsinə yalnız seyrçi qaldı.

Halbuki İranda oturanlar da yaxşı anlayırdılar ki, Azərbaycan Qarabağda Ermənistanla savaşmır və Azərbaycanın qarşısında az qala bütün xristian dünyası, xüsusən də rus ordusu var idi. Və belə bir məqamda İSLAM ÖLKƏSİ olduğunu iddia edən İranın müsəlman, ələlxüsus da ŞİƏ AZƏRBAYCANA dəstək verməsi vacib idi, gözlənilən idi… Amma İran bunu etmədi. Çünki etməyəcəkdi də. Məsələ yenə də yuxarıda qeyd olunan məqamla bağlıdır. İran Azərbaycanı öz mövcudluğunun təhdidi kimi qəbul edir.

Bildirək ki, «Avroviziya» yarışmasına ev sahibliyi edən Azərbaycana həmin ərəfədə İrandan çox böyük basqılar gəldi. Və hətta iş o həddə çatdı ki, fars-molla rejiminə aid rəsmi dairələr belə ölkəmizi təhdid etməyə başladılar. Və sonradan bu istiqamətdə müəyyən yumşalmalar oldu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin İrana ard-arda səfərləri isə iki ölkə arasındakı gərginliyin Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində də davam etməməsi barədə razılığın əldə olunmasına hesablanmışdı. Yəni İrandan heç olmasa, seçkilər ərəfəsində susmaları istənildi. Eyni zamanda həmin dönəmdə İranda qanunsuz olaraq həbsdə saxlanılan azərbaycanlı tarixçi alim Xalidə Xalidin azadlığa buraxılması istənilmişdi.

İran alimimizi dərhal olmasa da, azadlığa buraxdı. Amma əks-təbliğat kampaniyası durmadı. Və bu gün də Azərbaycanda məhz İranın xüsusi xidmət orqanlarından qidalanan şəbəkələrin xüsusi olaraq fəallıq nümayiş etdirməsi sübutlayır ki, fars-molla rejimi ölkəmizə qarşı ideoloji müharibəsini davam etdirir.

Bu bir faktdır ki, bu gün yüzlərlə azərbaycanlı dindar məhz İranla übhəli əlaqələri səbəbindən həbsə atılıb. Kimdir onlar? Hər halda, onların böyük əksəriyyətini rəsmən ittiham olunduqları maddələrlə suçlu elan etmək olmasa da, onların suçlu olduqları tam şübhəsizdir. Və bu suç dövləti cinayət olduğundan bəlkə də dövlətimiz bu halların kütləviliyini açıb-ağartmama yolunu tutub. Amma fakt faktlığında qalır ki, bu gün İran xəfiyyəsi din-məzhəb toru ilə ələ keçirdiyi minlərlə Azərbaycan vətəndaşını məhz özünün dövlət maraqları naminə istifadə edir, Allah, islam naminə yox!!!

DİA.AZ bildirir ki, bu müstəvidə Azərbaycan dövləti kifayət qədər əliyalın görünür. Başqa cür ola da bilməzdi. Çünki üzərimizə konkret ideologiya ilə tələyə salınmış, beyinləri yeyilmiş öz vətəndaşlarımızla gəlirlər. Nə etməli?

Təbii ki, dövlətin buna qarşılıq cavablarının müəyyənləşdirilməsi yolunda elə də ciddi əziyyət çəkməyə ehtiyac yoxdur. İlk növbədə İranın vətəndaşlarımızı ələ alarkən təklif etdiklərinin beş qatını onlara Azərbaycan dövləti verməlidir. Dövlətin konkret dini konsepsiyası, dinə baxışı olmalıdır və Azərbaycanda dini qurumlarda böyük əksəriyyətin etimad bəslədiyi, xalqın rəğbət göstərdiyi simalar rəhbər vəzifələrə gətirilməlidir.

Bu gün «tolerantlıq» adı altında müxtəlif təriqətlərin poliqonuna çevrilmə təhlükəsi dərhal aradan qaldırılmalıdır. Hər halda, əhalisinin böyük əksəriyyəti şiə olan Azərbaycanda «şiənin canı, sünninin malı» şüarını əlində rəhbər tutan vəhabilərə meydan verilməsi insanların əsəblərinin tarıma çəkilməsi ilə nəticələnməlidir. Və bu məqama xüsusi diqqət yetirilməlidir.

Belə olan təqdirdə nəinki İran, hətta Azərbaycana məhz dindən istifadə edib, girmək istəyən bütün təhlükəli qüvvələr tərkisilah edilmiş olacaq.

İrana gəlincə isə fars-molla rejiminin hələ uzun müddətə Azərbaycanı nişangahında saxlayacağı şübhəsizdir. Hətta tərkisilah olunsa belə. Çünki fars şovinistləri bu yolla bizim İran adlanan əraziyə təbii yolla - MİLLƏTÇİLİK İDEOLOGİYASI ilə girməyimizi önləməkdədir. Yəni normalda biz milli şüarlarla İranın bağrına bayrağımızı sancmalı idik ki, bu gün Bakı küçələrində tam əksini görürük… Bağrımızı yaran olaylar baş verir…

Geri qayıt