Əsas Səhifə > Gündəm, Manşet > “QƏRB AZƏRBAYCAN MÜXALİFƏTİNƏ KÖMƏK ETMƏLİDİR”

“QƏRB AZƏRBAYCAN MÜXALİFƏTİNƏ KÖMƏK ETMƏLİDİR”


26-01-2012, 13:28
“QƏRB AZƏRBAYCAN MÜXALİFƏTİNƏ KÖMƏK ETMƏLİDİR”

VAŞİNQTONDA AZƏRBAYCANLA BAĞLI MÜHÜM İNQİLABİ ÇAĞIRIŞLAR

Demokratiyaya Milli Dəstək Fondunun (NED) təşəbbüsü ilə “Yalançı demokratiyalarla nə etməli: Azərbaycan nümunəsi” adlı ABŞ-da düzənlənən forumda bu ölkədə dəyişikliyin zəruriliyinə dair yekdul mövqe ortaya qoyulub.

Forum iştirakçıları demokratik proseslərin “kənardan, yoxsa daxildən” sürətləndirilməsi sualına konkret cavab tapa bilməyiblər.

Məlumata görə, Azərbaycandan olan siyasi icmalçı Hikmət Hacızadə ölkədə avtoritar hakimiyyətin rəqibləri ilə “amansız döyüş”də olduğunu açıqlayıb. Buna baxmayaraq, onun fikrincə, siyasi fəallar fərdi qaydada “ayaqda durmağa” çalışırlar. Belə ki, hüquq müdafiəçiləri və gənc blogerlər bəzən “təkbaşına, partiya” rolunu yerinə yetirirlər.

Hazırda ölkədə yalnız bir həqiqi demokratik qəzet – “Azadlıq” və bir İnformasiya Agentliyi –Turan fəaliyyət göstərir, o vurğulayıb.

Siyasi və iqtisadi təzyiq, həbslər və avtoritarizmin sərt üzü ilə yanaşı, Qərbin yürütdüyü ikili standartlar da demokratik düşərgədə məyusluğun əsas səbəblərindəndir. Belə ki, ictimai sorğular vətəndaşların yalnız 5,4 faizinin ABŞ-ı özlərinə dost saydığını göstərir.

H.Hacızadə deyib ki, bu mənzərəni dəyişmək və demokratik dəyişikliyə nail olmaq istəyirsə, Qərb Azərbaycanda köməksiz olan siyasi müxalifəti dəstəkləməlidir.

Paralel olaraq, polis, məhkəmə və seçki komissiyalarının üzvləri və digər "işlək olmayan hakimiyyət təsisatları" üçün seminar-treninqləriun təşkili əvəzinə Qərb bu sərmayəni siyasi fəallara yönəltməklə real inkişafa yardım edə bilərdi.

H.Hacızadə habelə demokratik dünya təmsilçilərini diktatorlarla “açıq danışmağa və onlara xalqlarına etdiklərini xatırlatmağa” səsləyib. “Sankiyaların işləməməsi barədə deyilənlər doğru deyil. Diktatorlara ölkə daxilində və xaricdə yalançı demokrat imici yaratmağa imkan verməyin”, - bildirib.

Forumun digər şərhçisi – Corc Vaşinqton Universitetinin siyasi elmlər və xarici əlaqələr üzrə professoru Sharon Volchik isə beynəlxalq dəstəkdən öncə müxalifəti birgə hərəkət etməyə və strategiya ilə çıxış etməyə səsləyib.

Onun fikrincə, Qərbin dəstəyi demokratik proseslərin növbəti mərhələlərində həlledici olur. Məsələn, Slovakiyada Qərb avtoritar hakimiyyətin demokratik hərəkat qarşısında geri çəkilmədiyini gördükdə, ölkənin NATO və Aİ-dan kənarda qalacağı ilə xəbərdar edib, bu, işə yarayıb.

“Xarici dəstək həmçinin növbəti ciddi mərhələ –demokratiyanın uğur qazanması üçün vacibdir”, - o vurğulayıb.


Geri qayıt