Əsas Səhifə > Ölkə, Manşet > AZAL ŞEFİ BÜDCƏ PULLARINI HAVAYA NECƏ UÇURUR?
AZAL ŞEFİ BÜDCƏ PULLARINI HAVAYA NECƏ UÇURUR?1-11-2013, 15:34 |
"HƏR RAYONDA BİR AEROPORT TİKƏK" PLANI Azərbaycanda iri məmurların büdcədən iri pay əldə etmək uğrunda mübarizə apardığı sirr deyil. Külli miqdarda pulları ayrı-ayrı investisiya layihələri adı altında öz nəzarətinə keçirmək uğrunda illərdən bəri ayrı-ayrı oliqarxlar arasındakı çəkişmə hətta ciddi iqtidariçi mübarizəyə gətirib çıxarıb. Ən pisi isə odur ki, bir çox məmurların büdcə vəsaitlərindən pay əldə etməsinə xidmət edən investisiya layihələrinin bir çoxu kənardan çox cəzbedici görünsə də, əslində iqtisadi faydalılıq, səmərəlilik baxımından heç də istənilən nəticələri vermir. Bu, bir daha sübut edir ki, Azərbaycanda dövlət vəsaitləri hesabına təklif və qəbul olunan bəzi investisiya layihələri yalnız oliqarx maraqlarına xidmət edir. Bəs belə bir məqapma toxunmağımızın səbəbi nədir? Srağagün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) prezidenti Cahangir Əsgərov jurnalistlərə müəyyən açıqlamalar verib və həmin açıqlamaların bir qismi xüsusi diqqət çəkir. Baxmayaraq ki, bu, bir çoxların diqqətindən yayındı. Əvvəlcə, gəlin, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərinin həmin açıqlamaları ilə yenidən tanış olaq. Cahangir Əsgərov jurnalistlərlə məlum söhbətində bildirib ki, Quba rayonunda yeni hava limanı inşa olunacaq. “AZAL” şefinin sözlərinə görə, yeni hava limanının inşası ilə bağlı proses sənədləşmə mərhələsindədir: “Hazırda ölkədə 6 hava limanı fəaliyyət göstərir. Qubada tikiləcək aeroportla birgə bu hava limanlarının sayı yeddiyə çatacaq”. C.Əsgərov əlavə edib ki, ölkənin bütün bölgələrində hava limanlarının inşası nəzərdə tutulub. C.Əsgərov daxili reyslər üçün bir nəfərin gediş qiymətlərinin aşağı salındığını da diqqətə çatdırıb: “Məsələn, əvvəllər Qəbələyə gediş haqqı 50 manat olduğu halda, hazırda qiymət 30 manata endirilib”. C.Əsgərov qeyd edib ki, təyyarə parkının yenilənməsi istiqamətində də zəruri işlər görülür və bu proses davamlı olaraq həyata keçiriləcək. “AZAL” rəhbərinin açıqlamalarında diqqətçəkən məqam bütün rayonlarda aeroportların inşası ilə bağlı dedikləridir. Əvvəla, onu qeyd edək ki, hazırda Azərbaycanın bir neçə rayon və şəhərində (məsələn, Zaqatala, Qəbələ, Gəncə, Lənkəran) aeroportlar istifadəyə verilib. Amma onların rentabelliyi tam şübhə doğurur. Müşahidələr deməyə əsas verir ki, həmin aeroportlar arasında yalnız Gəncə aeroportu sərnişin sarıdan nisbətən yaxşı vəziyyətdədir. Digər aeroportlar isə ümidləri doğrultmayıb. Bunu əksər regional aeroportlarda bəzən həftələrlə heç bir uçuşun həyata keçirilməməsi, hansısa ölkədaxili və xarici reysin açıldıqdan qısa müddət sonra bağlanması halları da təsdiqləyir. Belədə, Azərbaycanın az qala hər rayonunda aeroport tikilməsi layihəsini həyata keçirmək iqtisadi baxımdan nə qədər doğrudur? İkincisi, hələ Zaqatalada aeroportun inşası zamanı xərclərin şişirdilməsi ilə bağlı o vaxt mətbuat yazırdı. Kifayət qədər ciddi rəqəmlər hesabına başa gətirilən bu aeroportun indinin özündə belə həmin xərcləri çıxardığına inanmaq qeyri-mümkündür. Bu isə bəri başdan aeroportların inşasının başqa məqsədlərə hesablandığını düşünmək üçün əsaslar yaradır. Üçüncü, müşahidələr onu da deməyə əsas verir ki, yerli əhali yalnız xarici səfərlər üçün bölgələrdəki aeroportlardan istifadədə maraqlı ola bilər. Məsələn, Qəbələdən Bakıya təyyarə ilə gəlmək yalnız vaxt sarıdan sərfəli ola bilər. Nəzərə alsaq ki, bizim əhalinin vaxtı çox, pulu azdır, o zaman rayon əhalisi arasında nə qədər insan paytaxta gəlmək və ya paytaxtdan rayona getmək üçün 5-10 manat əvəzinə bundan dəfələrlə çox pul xərcləməyi üstün tuta bilər? Bölgə aeroportlarının xarici reyslərinin isə hədsiz məhdudluğu onların rentabelli çalışmasına imkan vermir. Bu reallığı göz önünə alsaq, yenə də təəccüb yaranır ki, hər rayonda bir aeroportun inşasının məqsədi, ən əsası isə dövlət büdcəsi və vətəndaşların cibinə xeyri nə ola bilər? Sadalananlardan və yazımızın girişindən belə qənaətə gəlmək olar ki, digər bir çox məmurların dövlət investisiya layihələri adı altında büdcədə önəmli paya sahib olmalarını görən “AZAL” prezidenti Cahangir Əsgərov da bu fikrə düşüb. O da büdcə vəsaitləri üzərində hər hansı bir məbləği nəzarətinə almaq üçün yuxarıda haqqında danışılan “hər rayona bir aeroport” planını reallaşdırmaq istəyir. Geri qayıt |