Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DAHA BİR VƏTƏNDAŞ "NİKOİL" BANKIN MƏNGƏNƏSİNDƏ

DAHA BİR VƏTƏNDAŞ "NİKOİL" BANKIN MƏNGƏNƏSİNDƏ


1-11-2013, 10:19
DAHA BİR VƏTƏNDAŞ "NİKOİL" BANKIN MƏNGƏNƏSİNDƏ
Azərbaycanda vətəndaşlarla banklar arasında baş verən problemlər günü-gündən artmaqdadır.
Bu gün “Nikoil Bank” tərəfindən məhkəməyə verilən Nuraliyev İlkin adlı vətəndaş Qaynar.info-nun redaksiyasına müraciət edib.
Vətəndaş müraciətində bildirib ki, artıq neçə aydır “Nikoil Bank” onu əsassız olaraq məhkəməyə verib. Səbəb isə göstərilib ki, guya həmin şəxs banka olan kredit borcunu vaxtında ödəməyib.
Bankın onu məhkəməyə verməsini əsassız sayan şəxs bildirib ki, kredit borcunu vaxtında ödəyib və bununla bağlı əlində ödəniş qəbzləri var: “2012-ci ilin iyunun 6-da “Nikoil Bank”dan 24 ay müddətinə illik 30 faiz ayda 196 manat ödəmək şərtilə 3500 manat kredit götürdüm.
Bankda məndən 100 manat xidmət haqqı və 400 manat “şapka” da aldılar. 3 ayın ödənişini 4 aya ödədim və beləliklə 1 ay gecikmə oldu. Növbəti ayları isə vaxtında ödədim. Bank 1 ay gecikməni bəhanə edərək məndən 528 manat əlavə pul istədi. 2013-cü ilin yanvarın 16-da Suraxanı məhkəməsində mənə qarşı iddia qaldırıb 3216 manat (30 manat məhkəmə xərci) borcum olduğu bildirilildi. Lakin bunun əvəzində “Nikoil Bank” məndən 3587 manat pul aldı.
Vətəndaş həmçinin onu da bildirib ki, bankdan 24 ay müddətinə götürdüyü krediti 11 aya ödəyib: ” Hazırda iş qeydiyyatda olduğum rayona – Şirvan şəhər Məhkəməsinə göndərilib. Oradan da işə xitam vermək üçün məndən bankın krediti ödədiyimlə bağlı arayış istəyirlər. Dəfələrlə müraciət etməyimə baxmayaraq, bank həmin arayışı vermədi: “Nikoil Bank”ın hüquqşünaslarının səhlənkarlığı nəticəsində məhkəmə məni narahat edir”.
Mövzu ilə bağlı “Nikoil Bank”la əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt